Deputat Məlahət İbrahimqızı noyabrın 22-də Milli Məclisdəki büdcə müzakirələri zamanı hökumət üzvlərinə onu maraqlandıran suallar ünvanlayıb.
“Mənim üçün maraqlıdır ki, hərbi qulluqçuların sosial məsələləri ilə bağlı hansı məsələ gələn ilin büdcəsində öz əksini tapıbdır? XX əsr Azərbaycan xalqının daha çox soyqırımına məruz qaldığı bir əsrdir. Bilmək istəyirəm ki, gələn ilin büdcəsində Azərbaycanda soyqırımı müzeyi yaratmaq üçün vəsait ayırmaq mümkündür, yoxsa yox? Çünki çox istəyirəm belə bir şey mümkün olsun”.
Millət vəkili başqa bir məsləyə diqqət çəkib: “Bu gün belə bir tendensiya var ki, iş adamları bəzən Azərbaycanda məktəblər tikdirirlər. Ancaq bu məktəblər qazla təmin olunmur. “Azəriqaz” həmin məktəbləri qazla təmin etmir. Bu Təhsil Nazirliyinin problemi deyil. Ümumiyyətlə dövlət büdcəsindən Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin istiliklə təmin olunması üçün vəsait ayrılmasını istərdim”.
M.İbrahimqızı eyni zamanda ayrı-ayrı sahibkarlar, xeyriyyəçilər tərəfindən qazılan artezian quyularının da elektrik enerjisiz qalması ucbatından işləməməsi məsələsinə toxunub.
“Bu gün xeyriyyəçilər Azərbaycanda artezian quyuları qazdırırlar. Amma “Azerenerji” onlara elektrik enerjisi vermir ki, işləsin, bu ciddi problemdir. Hesab edirəm ki, ümumiyyətlə Azərbaycanda xeyriyyəçilər tərəfindən qazılan artezianlar siyahıya alınmalıdır. Bunlar “Azərenerji” və ya müvafiq dövlət qurumlarına verilməlidir ki, həmin quyular işləsin və insanlara xidmət eləsin”.
Modern.az