Dünən Milli Məclisin plenar iclasında 2012-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunarkən Azərbaycan vətəndaşlarının sovet banklarında batan əmanətləri gündəmə gətirilib.
Deputat Əli Məsimli büdcə müzakirələrində Nazirlər Kabineti üzvlərinin iştirakını nəzərə alaraq hökuməti batmış əmanətlər məsələsini həll etməyə çağırıb.
O, məsələ ilə bağlı hazırladığı qanun layihəsini təmsil olunduğu İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadəyə təqdim edib. Deputat qeyd edib ki, bununla üçüncü dəfədir bu sənədi komitə sədrinə verir.
Dünən məsələyə Milli Məclisin sədri Oqtay Əsədov da münasibət bildirib.
Modern.az saytına açıqlamasında deputat Əli Məsimli deyib ki, spikerin çıxışından sonra onda bu məsələdə yenilik olacağı ümidi yaranıb: “Milli Məclisuin sədrinin dediyindən belə nəticə çıxarmaq olar ki, məsələ ilə bağlı işçi qrupu yaradılacaq. Hökumət üzvlərindən ibarət olacaq qrupa yəqin ki, ən azı bizim komitənin sədri Ziyad Səmədzadə də daxil olacaq”.
Modern.az