Modern.az

Bahar Muradova nazirlərə müraciət etdi: “Prezidentin çağırışına səs vermək lazımdır”

Bahar Muradova nazirlərə müraciət etdi: “Prezidentin çağırışına səs vermək lazımdır”

Parlament

23 Noyabr 2011, 16:34

Milli Məclisdə büdcə müzakirələri zamanı vitse-spiker, Füzuli rayonundan deputat seçilmiş Bahar Muradova regionların sosial iqtisadi inkişafı məsələsinə toxunub. Modern.az xəbər verir ki, Azərbaycanın inkişafının göz önündə olduğunu vurğulayan vitse-spiker buna misal olaraq Fizulinin Horadiz qəsəbəsinin adını çəkib.

“Horadiz bütün tərəfləri ilə böyük bir şəhərə çevrilir. Cənab Prezident də regiona gedərkən bildirmişdi ki, biz Horadizi böyük bir şəhərə çevirməliyik”.

Lakin Bahar Muradova burada indiyəcən əksər dövlət qurumlarının inzibati binasının olmadığını vurğulayıb.

“İndiyə qədər Fizulidən olan dövlət qulluqçuları bu məsələni qabartmayıb. Çünki onlar məcburi köçkünlərin məskunlşaması məsələsinə diqqət yetiriblər və fikirləşiblər ki, onların da məskunlaşmağa yeri olsun”.

Məsələni ayrı-ayrı dövlət qurumları ilə daxili yazışma yolu ilə həll etməyə çalışdığını deyən vitse-spiker deyib, daxili yazışma nəticəsiz qaldığından bu barədə Milli Məclisdə danışmağa məcbur olub.

“Bu məsələ ilə bağlı ayrı-ayrı dövlət qurumlarına müraciət edirəm ki, Prezidentin çağırışına səs vermək lazımdır. Bunu təkcə Fizuli mənim seçildiyim rayon olduğu üçün diqqətə çatdırmaq istəmirəm. Fizuli inzibati yer deyil, həm də siyasi bir yerdir, cəbhə xəttində olan rayondur. Ona görə bura diqqəti artırmaq lazımdır. İnzibati bina məsələsini mütləq həll etmək lazımdır. Dövlət qulluqçuları müraciət etməsə belə, mən müvafiq dövlət qurumlarına müraciət edirəm ki, həmin qurumların Fizulidə binaları olsun”.

Bununla bağlı büdcədən əlavə vəsait istəmədiyini qeyd edən Bahar Muradova bildirib: “Dövlət orqanlarına, nazirliklərə ayrılan pullar hesabına Horadizdə müvafiq binaların tikilməsini istəyirəm. Başqa rayonlarda binaların tikintisini nəzərdə tutmusunuzsa, dəyişin, Fizuli rayonunda, Horadizdə tikin. Mən çox təşəkkür edirəm ki, Milli Təhlükəsizlik Nazirliyi mənim bu çağırışıma yerindəcə cavab verdi. Artıq orda inzibati bina tikilir. Daxili işlər Nazirliyi də dərhal cavab verdi və bildirdilər ki, tikillicək. Baş Prokrorluq münasib cavab verib, amma nə vaxt tikiləcəyi bilinmir. Misir Mərdanov da  rayonda təhsil şöbəsinin tikilməsi ilə bağlı münasibət bildirib”.

B.Muradova vurğulayıb ki, müəyyən nazirliklər var ki, onların mütləq Fizulidə inzibati binaları olmalıdır. “Məsələn, Vergilər Nazirliyi, İqtisadi Inkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyinin müvafiq qurumları, Milli Arxiv İdarəsi – bu qurumların həmin yerdə mütləq inzibati binaları olmalıdır”.

Sonra  vitse-spiker Qarabağ yolu ilə bağlı məsələni qaldırıb. Qeyd edib ki, Bəhrəmtapə-Füzuli-Horadiz yolu bərbad vəziyyətdədir.

“Hesab edirəm ki, Qarabağa gedən yol mütləq bərpa olunmalıdır. Buranın təmirə ehtiyacı var. Bundan əlavə, orada olan iki məktəbin təmirə ehtiyacı var. Eyni zamanda Molla Məhərrəmli kəndində məktəb yoxdur və orada orta məktəb tikilməlidir”.

Bahar Muradova universitet yataqxanalarının ali məktəblərə qaytarılmasını istədiyini vurğulayıb. “Ancaq bunun üçün ilk növbədə həmin yataqxanalarda məskunlaşan insanların həyat şəraiti yaxşılaşdırılmalıdır”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR