Modern.az

Deputat Elmira Axundova: “Bu vəziyyəti kökündən dəyişmək lazımdır”(ÇIXIŞ)

Deputat Elmira Axundova: “Bu vəziyyəti kökündən dəyişmək lazımdır”(ÇIXIŞ)

Təhsil

23 Noyabr 2011, 17:33

Milli Məclisdə keçirilən büdcə müzakirələrində söz alan deputat Elmira Axundova da çıxış edib.
Modern az saytı E.Axundovanın çıxışını təqdim edir.

- Hörmətli sədr,
Hörmətli Millət Vəkilləri !    

2012-ci il büdcə layihəsini analiz edərkən qeyd etmək olar ki, bu layihə özünün ciddiliyi, əsaslılığı, dünya iqtisadiyyatında gedən proseslərə uyğunluğu ilə seçilir. Ona görə təsadüfü deyil ki, bəzi xərclər bir qədər qənaətlə nəzərdə tutulur. Əlbəttə ki, biz xərclər bölməsini bir qədər fərqli görmək istərdik. Həmkarlarımın da dediyi kimi gələn il təhsil, səhiyyə, dövlət və hərbi qulluqçuların vəzifə maaşlarının daha yüksək səviyyədə qalxmasını arzu edərdik. Lakin maliyyələşmə ölkənin və dünyanın iqtisadiyyatının real vəziyyətindən asılıdır. Yeri gəlmişkən mən Mərkəzi Bankın sədri Elman Rüstəmovun dərin analizi və strateji baxışı ilə fərqlənən çıxışını xüsusilə qeyd etmək istərdim.

Buna baxmayaraq sevindirici haldır ki, 2012-ci ildə də bir çox sahələrdə inkişaf nəzərdə tutulub. Məsələn, ümumdaxili məhsulda neft sektorunun artım tempi 1.5 faizdisə, qeyri-neft sektorunda bu göstərici 8.6 faizdir. Fikir versək görərik ki, 2012-ci ildə məsələn, buğda, sair dənlilər, düyü, kartof və digər strateji qidaların istehsalı artacaq, idxalı isə azalacaqdır. Bu misaldan görünür ki, dövlət öz ərzaq təhlükəsizliyi haqqında ətraflı fikirləşir və bununla bağlı əməli işlər görür.

Yeri gəlmişkən bir məqamı qeyd etmək istərdim: bütün dünyada, xüsusilə də qərb ölkələrində dövlət yüksək alış qiymətləri ilə, həmçinin xaricdən gətirilən məhsullara yüksək gömrük rüsumu tətbiq etməklə yerli kənd təsərrüfatı istehsalını stimullaşdırır. İran kartofu və ya Braziliya almasına görə əlavə vergilər alınmalıdır və bütün bu yığımlar yerli kənd təsərrüfatı istehsalının artırılmasına yönəlməlidir. Hazırki dövrdə bizdə bəzi kənd təsərrüfatı məhsullarının alış qiymətləri çox aşağıdır. Bu vəziyyəti kökündən dəyişmək lazımdır.

Müsbət haldır ki, 2012-ci ildə sosial yönümlü tədbirlərin də davam etdirilməsi nəzərdə tutulmuşdur. Biz bu barədə daha ətraflı sosial paket müzakirə olunarkən fikrimizi bildirəcəyik.

Bundan əlavə hökumət tərəfindən elm, təhsil, səhiyyə, mədəniyyət sahəsinə xərclərin artırılması məncə təqdirəlayiqdir.

Mədəniyyətlə bağlı bir məsələyə yenə də diqqəti çəkmək istərdim. Bu da rayonlarımızdakı tarixi və diyarşünaslıq muzeylərinin təmiri və bərpası işləri ilə bağlıdır. Bu  yaxınlarda ANS kanalında qədim şəhər Şəki haqqında göstərilən süjetdə diyarşünaslıq muzeyinin, rəsm qalereyasının, bir sıra memarlıq abidələrinin qəzalı vəziyyətdə olmasını göstərdilər. Axı bura turizmin mərkəzi hesab olunur və Avrovijn yaxınlaşdıqda ora turist axını daha çox olacaqdır. Biz həmin turistlərə nə nümayiş etdirəcəyik? Təkcə Şəki Xan Sarayını? Turizm rayonu olan Masallıda da Diyarşünaslıq muzeyi məhz bu vəziyyətdədir. Hesab edirəm ki, Mədəniyyət və Turizm Nazirliyinin bütün qüvvəsini bu istiqamətə yönəltmək, ölkəmizin rayonlarında olan bu cür  mədəniyyət obyektlərinin təcili təmiri və yenidən qurulması üçün vəsait ayırmaq lazımdır.

Bundan əlavə, ümid edirəm ki, gələn il təhsil və səhiyyə işçilərinin əmək haqları əhəmiyyətli dərəcədə artırılacaq. Hazırki vəziyyət bu sahədə çalışan insanların minimum ehtiyaclarına cavab vermir. Qeyd etmək lazımdır ki, bizim tərəfimizdən əmək qabiliyyətli yaş həddinin 65 müəyyən edilməsi ilə bu sahədən minlərlə yaşlı nümayəndələr getdi. Bunlar öz əmək haqlarından əlavə pensiya da alırdılar. Onların yerinə cavan nümayəndələr gəlir, əksər hallarda bu cür şəxslərinin özlərinin evi olmur, onlar ya kirayə yaşayır, ya da ipoteka ödəyirlər. Bu gənc mütəxəssislər belə aşağı əmək haqqı ilə yaşaya və ailələrini saxlaya bilərlərmi? Buna görə məktəb sahəsində köklü dəyişikliklərlə yanaşı məktəb müəllimlərinin əmək haqqında da köklü dəyişiklik etmək lazımdır.

Təqribən eyni hal səhiyyə işçilərinə də aiddir. Mən deyərdim ki, burada vəziyyət daha acınacaqlıdır. Ölkədə çalışan on minlərlə ixtisaslı tibb bacılarının əmək haqqı 100-110 manat arası dəyişir, gəlir vergisi və pensiya ödəmələri cıxdıqdan sonra onlar 100 manatdan da aşağı maaş alırlar. Belə maaşlar nəinki kommunal xərcləri ödəməyə kifayət etmir, hətta bu məbləğ 2012-ci il üçün əmək qabiliyyətli əhali üçün elan olunmuş 116 manatlıq yaşayış minimumundan da aşağıdır. Dövlət səhiyyə müəssisələrində ödənişli xidmət də ləğv olunduğu üçün bu təbəqə arasında maaşların aşağı olması ilə əlaqədar ciddi narazılıqlar var. Bu məsələ ilə bağlı mənə xeyli sayda şikayətlər və müraciətlər ünvanlanır.           Imkandan istifadə edərək hökumətin diqqətini Masallının bir sıra kəndləri üçün aktual olan bir problemə yönəltmək istərdim. Belə ki, Masallıda bəzi kəndlər hələ də içməli suyu maşınlara haqqını ödəməklə alırlar. Bu kəndlərin çoxsaylı əhalisinin xahişini nəzərə almağı və Masallı rayonunun kəndlərinin su təchizatının yenidən qurulması üzrə layihənin reallaşdırılması üçün vəsait ayrılmasını xahiş edirəm.

Diqqətinizə görə minnətdaram !

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama