Noyabrın 23-də Milli Məclisdəki büdcə müzakirələri zamanı deputat Etibar Hüseynovun məcburi köçkünlərlə bağlı dediyi fikirlər Cəbrayıl rayonundan olan deputat Astan şahverdiyevi də hiddətləndirib. E.Hüseynov deyib ki, vaxtilə müharibədən qabaq qaçıb Bakıya gələn məcburi köçkünlər indi villalarda yaşayırlar. Amma kommunal xidmətlərə görə ödənişin vaxtı gələndə onlar müxtəlif vəsiqələr təqdim edib pul verməkdən yayınırlar.
Deputat Astan Şahverdiyev isə Etibar Hüseynova cavab olaraq bildirib ki, o, həmişə təyinatı üzrə çıxış edib, amma bu dəfə fərqli fikrilər səsləndirməyə məcburdur:
“Oqtay müəllim, mən həmişə təyinatı üzrə çıxış etmişəm. Bağışlayın, mənim təyinatdankənar çıxmağıma həmkarımın fikri vadar edir. Burda qaçqın və köçkünlərlə bağlı fikir səslənidirldi, həmin adamın adını çəkmək istəmirəm. Düzdür, Bahar xanım da ona cavab verdi.
Biz Cəbrayıl, Zəngilan, Qubadlı rayonundan olan məcburi köçkünlər Araz çayını keçib, çətin şəraitdə gəlmişik. Cavan oğlan deyə bilərmi ki, o bu sözləri deyərkən nəyə əsaslanır, kimi nəzərdə tutur? Ona tövsiyə edərdim ki, getsin cəbhə xəttinə. Füzuli rayonunun Alxanlı kəndi erməni mövqelərindən 500 metr məsafədədir. Görsün orada insanlar hansı şəraitdə yaşayırlar.
Mən bilmək istəyirəm ki, həmin deputat açıqlasın görək, burada qaçqın-köçkünlərin neçə faizi cahi-cəlal içərisində yaşayır və kim vaxtından əvvəl qaçqın gəlib. Bunu açıqlasın və statistik rəqəmləri bizə desin. Hər halda, hesab edirəm ki, həmin deputata səs verənlər onun bu çıxışından sonra onun əvəzinə xəcalət çəkəcəklər”.
A.Şahverdiyev qeyd edib ki, o iclasın fasiləsində foyeyə çıxıb və bu zaman seçicilər deputat zəng vurublar:
“Mənə dedilər ki, ANS telekanalı həmin deputatın çıxışını yayıb. Seçicilər də bunu eşidiblər və Milli Məclisin qarşısına yığışıblar, mən onların qarşısını aldım. Onlar içəri keçmək istəyirdilər, mən buna imkan vermədim”.
Deputat A.Şahverdiyev həmkarı E.Hüseynova xitabən bildirib ki, bura Milli Məclisdi, şou məclisi deyil.
“Mən başa düşə bilmirəm. İnsanlar 100 illər ərzində yığdıqları var-dövləti qoyub gəlib Biləsuvarda niyə məskunlaşmalıdırlar ki? Bura Milli Məclisdir şou məclisi deyil, deputatlar da şoumen deyillər”-deyə A.Şahverdiyev vurğulayıb.
Spiker Oktay Əsədov isə bildirib ki, Etibar Hüseynov cavan deputatdı, yeni seçilib. Yəqin ki, öz səhvini başa düşdü.
Modern.az