Parlament jurnalistlərindən fərqli cavablar...
Noyabrın 22-23-24-də Milli Məclisdə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə daxil olan sənədlər müzakirə olundu. Üç gün davam edən büdcə müzakirlərində 60 deputat çıxış edib, müxtəlif təkliflər, iradlar səsləndirdi. Müzakirələrə qatılmayan, onu sadəcə seyr edən və düyməni basıb səs verməklə kifayətlənən deputatlar da oldu. Büdcə müzakirələri zamanı hansı deputatlar daha fəal oldular?
Modern.az-ın əməkdaşı suala Milli Məclisin iclaslarını izləyən paralament jurnalistlərindən cavab istəyib.
“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə bildirib ki, Azərbaycan parlamentində istər plenar iclaslarda, istərsə də cari məsələlərin müzakirəsi zamanı həmişə fəallıq göstərən millət vəkilləri 2012-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı da aktiv olublar: “Fəallıq göstərən millət vəkilləri təxminən 25-30 nəfərdir. Baxmayarq ki, spiker Oqtay Əsədov bildirmişdi ki, büdcə müzakirələri zamanı 60 deputat çıxış edib. Onların bir çoxu büdcəni ancaq təriflədi. 25-30 deputat isə tutarlı təkliflərlə çıxış etdi, büdcənin çatışmayan, mənfi və müsbət istiqamətlərini göstərdilər. İqbal Ağazadə, Qənirə Paşayeva, Vahid Əhmədov, Əli Məsimli, Əli Hüseynli, Abel Məhhəromov, Çingiz Qənizadə, Əli Əhmədov, Sabir Rüstəmxanlı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Azay Quliyev, Bəxtiyar Əliyev, Elmira Axundova və digərləri kifayət arqumentli, məntiqi çıxışları ilə yadda qaldılar”.
İ.Əlizadənin fikrincə, müzakirələr zamanı diqqəti cəlb edən məqamlardan biri də fəal deputatların qaldırdığı məsələlər idi: “Fəal millət vəkillərinin əmanətlərin qaytarılması, elm və təhsil sahəsinə ayrılan vəsaitlərin, eyni zamanda elm və təhsil işçilərinin müavinətlərinin artırılması, QHT-lərə ayrılan vəsaitin artırılması, sosial ödənişlərin artırılması təklifləri diqqəti cəlb edirdi”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı büdcə müzakirələri zamanı fəal deputatların çoxluq təşkil etdiyini qeyd edib. Onun sözlərinə görə ən maraqlı məqamlardan biri indiyə qədər danışmayan deputatlardan bəzilərinin də öz fikirlərini bildirməsi olub: “Bu mənim üçün xoş idi. İstərdim ki, parlamentdəki bütün deputatlar öz fikirlərini bildirsinlər. Məsələn, Rüstəm Xəlilovun birinci dəfə səsini eşitdim. Daha sonra İmamverdi İsmayılovun orada bir deputatla mübahisəsi düşdü. Məsələ ilə bağlı öz fikirlərini bildirdi. Astan Şahverdiyev danışdı. Bunların danışmaları mənim üçün maraqlı idi”.
E.Muradlı da büdcə müzakirələrində fəal olan deputatların hər zaman çox danışan millət vəkilləri olduğunu vurğulayıb: “İqbal Ağazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Bahar Muradova çıxış elədi, öz fikirlərini bildirdi. Elə spikerin özünü də fəal adlandırmaq olar. Demək olar ki, səsləndirilən bütün fikirlərə münasibət bildirdi. Onun ən maraqlı çıxışı isə əmanətlərin qaytarılması ilə bağlı idi”.
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli hesab edir ki, büdcə müzakirələrində fəal olanlar ən çox halda Milli Məclisdə təmsil olunan deputatların 10 faizini təşkil edir.
“Büdcə zərfinə daxil olan sənədlərə, büdcə və cari məsələlərə eyni deputatlar münasibət bildirdilər. Bunlara misal olaraq Zahid Oruc, Qənirə Paşayeva, Fazil Mustafa, Qüdrət Həsənquliyev, İqbal Ağazadə, Vahid Əhmədov, Əli Məsimli, Elmira Axundova və Sabir Rüstəmxanlınının adını çəkə bilərəm.
Nəzərə almaq lazımdır ki, Milli Məclisdə təmsil olunan deputatların əksəriyyəti sahibkarlıq fəaliyyəti ilə qeyri-qanuni də olsa məşğuldurlar və buna görə də müəyyən qədər iqtisadi biliklərə malikdirlər. Təəssüf ki, onlar bu potensiallarından istifadə edə bilmədilər”.
“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli isə bu ilki büdcə müzakirələrinin əvvəlki illərdən nisbətən daha maraqlı olduğunu deyir. Onun fikrincə, büdcə müzakirələri zamanı bir çox maraqlı təkliflər səsləndirilib, maraqlı çıxışlar olub.
“Qüdrət Həsənquliyev xeyli maraqlı təkliflər səsləndirdi. O, müəllimlərin və səhiyyə işçilərinin maaşlarının artırılması məsələsini xüsusi qabartdı və hətta bununla bağlı təkliflər irəli sürdü. Məsələn o bildirdi ki, universitetlər özəlləşdirilsin. Bu mənim üçün maraqlı idi.
Daha sonra Sabir Rüstəmxanlı maraqlı tənqidi fikirlər bildirdi. Fazil Mustafa maraqlı məqamlara toxundu. Təsadüfi deyil ki, onun bu fikirləri hökümət üzvlərində qıcıq yaratdı. İqbal Ağzadə kifayət qədər fəallıq göstərdi. Qənirə Paşayeva xeyli maraqlı nüasnlara toxundu və aktivliyilə yenə seçildi”.
APA-nın əməkdaşı Rəşad Süleymanov deyir ki, büdcə müzakirələri zamanı Vahid Əhmədov və Əli Məsimli birliyi daha fəal idi.
“Bundan əlavə, fəal deputatlar arasında Fazil Mustafa, Qənirə Paşayeva, Zahid Oruc, İqbal Ağazadənin də adını çəkə bilərəm. Hesab edirəm ki, bunların aktivliyi hiss olunurdu. Amma passiv deputatlar da oldu”.
Rəşad Süleymanov builki büdcə müzakirələrinin əvvəlki ilə nisbətən daha sönük və zəif keçdiyini vurğulayıb. Onun sözlərinə görə, diqqəti çəkən məqamlardan biri də hökümət rəsmilərinin əksəriyyətinin büdcə müzakirələrində olmaması idi.
“Belə ki, iclas başlayanda onlar var idi, sonradan isə çıxıb getdilər”.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev sualımıza belə cavab verib: “Büdcə müzakirələrinin sturukturu elədir ki, hansısa deputatın fəallıq göstərmək imkanı olmur. Hər deputat bir dəfə çıxış etmək imkanına malikdir”.
Onun fikrincə, çıxışlarda hansı deputatın hansı məsələyə hansı aspektdən yanaşacağını proqnazlaşdırmaq da çətin olmur.
“Bir qrup deputat yürüdülən siyasətə görə höküməti tərifləyir, az bir qrup tənqid edir, başqa bir qrup məsələyə iqtisadi nöqteyi-nəzərdən, digərləri sosial baxımından yanaşırlar. Bir də parlamentdə həmişə danışanlar Zahid Oruc, Siyavuş Novruzov, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Musa Quliyev, Fəzail İbrahimli, Qənirə Paşayevadır”.
“Yeni Azərbaycan» qəzetinin əməkdaşı Nardar Bayramlı bildirib ki, büdcə zərfi hər il parlamentdə geniş müzakirə edilir. Çünki bu sənəd dövlətin ali iqtisadi sənədi olduğu üçün bu müzakirələrin nəinki parlamentdə, eləcə də cəmiyyətdə aktiv şəkildə aparılması təbii qarşılanmalıdır. Müzakirələrdə deputatların fəallığına gəlincə, həmkarımız hesab edir ki, bunu konkret şəkildə qiymətləndirmək çətindir.
“Şəxsən mən parlament müzakirələrinin birinci hissəsində iştirak edirəm. Buna görə də, kiminsə adını çəksəm və kiminsə adını çəkməsəm, obyektiv mövqe olmaz. Bəlkə elə deputatlar var ki, günün ikinci yarısında çıxış ediblər. Biz onların adını çəkməsək, onda düzgün mövqe nümayiş etdirmərik”- deyə müsahibimiz qeyd edib.
N.Bayramlı bildirib ki, bütövlükdə parlamentin iclaslarında hansı deputatların daha çox fəal olduğu jurnalistlərə məlumdur.
“Həmin deputatlar büdcə müzakirələri zamanı da eyni fəallıq nümayiş etdiriblər. Buraya Yeni Azərbaycan Partiyasını təmsil edən deputatları da, bitərəfləri və müxalifət nümayəndələrini aid etmək olar”.
“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev bir cümlə ilə öz fikirini ifadə edərək bildirib ki, o, 2012-ci ilin büdcə müzakirələrində İqbal Ağzadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Əli Əhmədov, Elmira Axundova, Azay Quliyev, Zahid Oruc, Qənirə Paşayeva, Əli Məsimli, Vahid Əhmədovu fəal hesab edir.
Gün.az saytının əməkdaşı Kamil Həmzəoğlu büdcə müzakirələrinin əvvəlkiləridən heç nə ilə fərqlənmədiyini deyir. O qeyd edib ki, büdcə müzakirələrində ənənəvi olaraq daim çıxış edən millət vəkilləri fikir bildiriblər.
“Çox təəssüflər olsun ki, istər II, istərsə də III çağırışda seçilən bəzi deputatlar və ya hazırda parlamentin üzi olan yeni millət vəkillərinin əksəriyyəti fəallıq nümayiş etdirmirlər. Ancaq yeni seçilən deputatlardan Kamilə Əliyeva və Sevinc Fətəliyeva bu siyahıda istisna təşkil edir. Onlar büdcə müzakirələrində fəallıq göstərirdilər. Bu dəfəki müzakirələrdə daha çox fəallıq nümayiş etdirən millət vəkilləri Vahid Əhmədov, Fazil Mustafa, Əli Məsimli, Qüdrət Həsənqüliyev, İqbal Ağazadə, Zahid Oruc, Fuad Muradov, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Bahar Muradova, Əli Hüseynli, Əli Əhmədov oldu. Eyni zamanda Yevda Abramovu da bu sıraya daxil etmək olar”.
Deputatların bir sıra maraqlı təkliflərlə çıxış etdiyini deyən jurnalist bu sırada önəmli yer tutan məsələlərdən birinin sovet dönəmindən qalma əmanətlərin qaytarılması olduğunu vurğulayıb.
“Bu məsələni ilk dəfə Yevda Abramov, daha sonra Əli Məsimli qaldırdı. Onların bu təklifinə həm maliyyə naziri, həm də spiker dönə-dönə münasibət bildirdi. Bundan başqa, əhalinin sosial problemlərinin, bu xüsusda daha çox əmək haqları, pensiyaların artırılması məsələsi gündəmə gətirildi. Bu da çox vacib məqamlardan biridir. Eyni zamanda Rəbiyyət Aslanovanın milli elitanın vəziyyəti ilə bağlı səsləndirdiyi fikirlər yadımda qaldı. O qeyd etdi ki, dövlətin elitadan gözləntisi olduğu kimi, elitanın da dövlətdən gözləntisi var. Yəni o da elm insanlarının əmək haqları məsələsinin artırılmasına toxundu və onların sosial durumlarının ağır olmasına diqqət çəkdi. Bundan başqa, Qənirə Paşayevanın çıxışı yadda qaldı. Sosial ipotekanın həcminin artırılması, həm də şərtlərinin yumşaldılması, tələbə yataqxanaları, eyni zamanda soyqırımı müzeyinin yaradılması ilə bağlı fikirlər səsləndirdi.
Hər zaman adlarını çəkdiyimiz millət vəkilləri hər zaman fəallıq göstərirlər. Arzu edirəm ki, qarşıdakı 4 il müddətində yeni seçilən millət vəkilləri, eyni zamanda əvvəlki çağırışlardan IV çağırış Milli Məclisdə təmsil olunanların bir çoxu da seçicilərinin problemlərini gündəmə gətirsinlər”.
“Azadinform”un əməkdaşı Mübariz Aslanovun fikrincə, bu il parlamentdə müzakirələr zamanı bir balaca aktivlik müşahidə olunub. O bunu hökumət üzvlərinin deputatlara qarşı reaksiyasından hiss etdiyini qeyd edib.
“Muzakirələr zamanı aktiv deputatlar arasında daha çox Fazil Mustafa, İqbal Ağazadə, Zahid Oruc, Musa Quliyev, Elmira Axundova, Çingiz Qənizadə, Hikmət Atayev, Kamilə Əliyevanın adını çəkə bilərəm. Komitə sədrləri də əslində elə danışmalı idilər. Bunu nəzərə alsaq, Ziyad Səmədzadə, Əli Hüseynli və Hadı Rəcəbli də bu siyahıdadır”.
M.Aslanovun sözlərinə görə, büdcə müzakirələri zamanı bu il sosial yönümdə daha çox təkliflər səsləndirilib.
“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli bildirib ki, büdcə müzakirələri zamanı Vahid Əhmədov, Əli Məsimli, Fazil Mustafa, Azay Quliyev, Qüdrət Həsənquliyev yaxşı fikirlər səsləndiriblər.
“Deputatlarımız normal çıxış etdilər. Amma mən onların səsləndirdikləri fikirlərin hökümət rəsmiləri tərəfindən nəzərə alanacağına inanmıram. Ona görə onlara nəticəsiz çıxışlar kimi baxıram” deyə jurnalist əlavə edib.
“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov hesab edir ki, Vahid Əhmədov, Əli Məsimli, Çingiz Qənizadə, İqbal Ağazadə, Fazil Mustafa, Yevda Abramov, Hadı Rəcəbli, Bahar Muradova, Musa Qasımlı büdcə müzakirələri zamanı maraqlı təkliflərlə çıxış ediblər.
“Adlarını çəkdiyim deputatlar normal, optimal təkliflər səsləndiriblər. Məsələn, əmanətlərin qaytarılması, infrasturuktur layihələrinin reallaşdırılması, yəni cəmiyyətin problemləri ilə bağlı məsələlər qaldırıblar”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy qeyd edib ki, üç gün ərzində çıxış edənlər arasında bir sıra deputatlar fəallıq göstərdilər. “Bu sırada Vahid Əhmədov, İqbal Ağazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Elmira Axundova, Abel Məhərrəmov, Əli Məsimlini göstərmək olar. Onlar əsasən cəmiyyətin gündəmində olan məsələrə toxunmuşdular. Bundan əlavə, Sabir Rüstəmxanlının da çıxışında problemlər öz əksini tapmışdı. Daha sonra Məlahət İbrahimqızı da “Azərenerji”nin fəaliyyətini tənqid etdi”.
E.Paşasoy hesab edir ki, ölkənin mövcud durumu adını çəkdiyi millət vəkillərinin söylədiyi tənqidi fikirlərdə görsənirdi.
“Yəni hökümətin gerçək vəziyyəti büdcədə əks olunan rəqəmlərdə deyil, deputatların ifadə etdiyi fikirlərdə öz əksini tapmışdı. Fikrimcə, bu çıxışlardan sonra bir sıra istefalar da olamlı idi. Bütün bunlar isə onu göstərir ki, hökümət il boyunca üzərinə götürdüyü öhdəlikləri icra etmir”.
Modern.az xəbər portalının əməkdaşı Elşad Eyvazlı isə bildirib ki, bu il deputatlar tərəfindən xeyli maraqlı fikirlər səsləndirilib: “Büdcə müzakirələrində 60 deputat çıxış edib. Ən müxtəlif məsələlər qaldırıldı. Ancaq deputatlar onu da öncədən bilirdilər ki, qaldırdıqları məsələlər nəzərə alınmır. Bu müzakirədə mənim daha çox yadımda qalan nazirlərin deputatları aşağılaması oldu. Ən yaddaqalan fikirlər Vahid Əhmədov, Abel Məhərrəmov, Əli Hüseynli, Kamilə Əliyeva, Əli Məsimli, Fazil Mustafa, İqbal Ağazadə, Azay Quliyev, Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Musa Quliyev, Elmira Axundova, Sədaqət Vəliyeva tərəfindən səsləndirildi. Amma hökumət nümayəndələri bunu nəzərə alacaqmı, məncə inandırıcı deyil”.
Aytən ƏLIYEVA