Modern.az

Məhkəmə jurnalistin atasını öldürən şəxslə bağlı qərar verdi

Məhkəmə jurnalistin atasını öldürən şəxslə bağlı qərar verdi

Aktual

24 Yanvar 2019, 19:52

Bakı Apellyasiya Məhkəməsində jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən Seymur Qarayevin cinayət işi üzrə prosesi başa çatıb. 

Oxu. Az xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda işin mülki iddia hissəsi araşdırılıb.

Prosesdə məhkəmə istintaqı yekunlaşdığı elan olunub.

Prokuror çıxış edərək zərərçəkmiş şəxsin hüquqi varisi, həmçinin mülki iddiaçı İmdad Əlizadənin verdiyi şikayətin təmin edilməsini istəyib.

Zərərçəkənin hüquqi varisinin nümayə ndəsi Abil Bayramov çıxışında bildirib ki, ümumilikdə 166 min 531 manatlıq mülki iddianı tam təmin edilməsini istəyir:

“Mülki iddiamızın əsaslılığı sübuta yetirən kifayət qədər dəlil-sübutu məhkəməyə təqdim etmişik. Ona görə də, mülki iddiamız tam əsaslıdır. Təmin olunmasını xahiş edirik”.

İmdad Əlizadə vəkili ilə razı olduğunu və onlara dəyən maddi zərərə görə 151 min 531 manat və mənəvi zərərə görə 15 min manatın təqsirləndirilən şəxsdən tutularaq ödənilməsini istəyib

Seymur Qarayevin vəkili Mirzəmməd Rəhimov isə mülki iddianı qəbul etmədiklərini bildirib.

Təqsirləndirilən şəxs son sözündə yalnız dəfn xərclərini ödəməyə hazır olduğunu deyib. 

Daha sonra hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər kollegiyası İmdad Əlizadənin şikayəti qismən təmin edib.

Qərara əsasən, təqsirləndirilən Seymur Qarayevdən ümumilikdə 141 min 931 manat tutularaq mülki iddiaçı İmdad Əlizadəyə ödənilməlidir. 

Qeyd edək ki, hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. Qarayev Seymur Vidadi oğlu idarə etdiyi GAC markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Ələsgər Talıbovu vurub.

Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə “Avrasiya Hospital”ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4 min 700, Mərkəzi Klinik Xəstəxanada 67 min 881, “Avrasiya” Hospitalda 59 min 050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11 min 270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5 min 900 manat xərclənib.

Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14 min manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir (ümumilikdə, 166 min 531 manat).

Ə.Talıbov isə bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

Cinayət işinə Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin mülki iddiası qismən təmin edilib. Belə ki, məhkəmə onun 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin edib.

Hökmdən narazı qalan İ.Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, S.Qarayevin cəzasının ağırlaşdırılmasını istəyib.

İ.Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, təqsirləndirilən şəxsin 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 aya endirilib.

Zərərərçəkmişin hüquqi varisinin nümayəndəsi İ.Əlizadənin isə apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, məhkəmə 166 min manat maddi və mənəvi zərər hissəsindən 120 min 931 manat ziyanın ödənilməsi barədə qərar çıxarıb.

Bu, Mərkəzi Klinika və “Avrasiya” hospitalda mərhum Əli Əliyevin müalicəsinə sərf olunan hissəyə şamil edilib. 120 min 931 manatın 3 min manatı isə mənəvi təzminat kimi zərərçəkmişin hüquqi varisinə ödənilməlidir.

İ.Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğu üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə baxılıb. Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası qüvvədə saxlanılıb, mülki hissə isə ləğv edilib, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...