“İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, jurnalist Eynulla Fətullayev bu gün ABŞ səfərinin yekunlarına dair mətbuat konfransı keçirib.
E.Fətullayev bildirib ki, ABŞ-da ona jurnalistlərə verilən dünyada ən nüfuzlu mükafatı təqdim edilib: “Jurnalistlərin Müdafiə Komitəsinin bu mükafatı həm də Azərbaycanda ifadə azadlığına, medianın durumuna olan münasibətdən irəli gəlir. Ancaq səfər proqramı yalnız mənim mükafatlandırılmağmla yekunlaşmadı. Mən “Human Rayts Voç”un sədr müavini, qurumun Avropa və Asiya üzrə nümayəndəsi Karol Boreptlə müzakirələr apardım. Bu qurum Azərbaycanla bağlı növbəti hesabatını Bakıda açıqlayacaq. Hesabat əsasən Azərbaycanda mülkiyyət toxunulmazlığı mövzusunda olacaq. Bu sırada Zülfüqarlı qardaşları, “Qış Bulvarı”nın tikilməsi istiqamətində insanların mülklərinin sökülməsi məsələsi yer alacaq. Həmçinin "Azpetrol"un sabiq rəhbəri hazırda həbsdə ilan Rafiq Əliyevin işdən azad edilməsi, ölkəmizdəki demokratiya və insan haqlarının vəziyyəti də hesabatda əks olunacaq. Onlar demokratiya və insan haqlarının durumu ilə bağlı mənə dəqiqləşdirici suallar verdilər və məndə real vəziyyəti onlara izah etdim. Qarşı tərəf Azərbaycandakı vəziyyətə təəssüf edirlər. Həmçinin ABŞ-ın rəsmi siyasətindən ciddi narazıdırlar. Hesab edirlər ki, enerji maraqları deyil, insan haqları, demokratiya rəsmi siyasətdə prioritet olmalıdır”.
Eynulla Fətullayev səfər zamanı “Avroviziya” mahını müsabiqəsinin Təşkilat Komitəsinin üzvlərindən olan Almaniyanın 2DV kanalının nümayəndəsi Frank Duter Frayleklə də görüşüb: “Biz bir sıra məsələlər haqqında fikir mübadiləsi apardıq. Onlar bir qrup hüquq müdafiəçisinin və vətəndaş cəmiyyəti təşkilatının “Azad musiqi qeyri-azad ölkədə” adlı kampaniyadan məlumatlıdırlar. Bu məsələ ilə bağlı narahatçılığını ifadə etdilər, necə kömək edə biləcəkləri ilə maraqlandılar. Mən də dedim ki, prezidentə müraciət edin, bəlkə bu müraciətə müsbət cavab verildi. Cənab Frank Duter isə söylədi ki, Çin hökuməti Olimpiya yarışlarından öncə jurnalistləri həbsdən azad edəcəyi vədini versə də, sonradan vədə xilaf çıxıb. Bu mənada ehtiyat edirlər. Əlavə etdi ki, 54 ölkədən olan televiziya nümayəndəsi Bakıya gələrək “Avroviziya” müsabiqəsinə hazırlıqlarla tanış olacaqlar. Bellə bir ideya var ki, mən onlarla “Azad musiqi qeyri-azad ölkədə” adlı kampaniyanı aparanlarla görüşdürüm. İlkin ideya kimi mənə bildirildi ki, 54 televiziya kanalı Azərbaycanda insan haqları, demokratiya ilə bağlı verilişlər verə bilər. Bu kanallar Avropanın tanınmış kanallarıdır. Maraqlıdır ki, mənimlə görüşmək təşəbbüsü qarşı tərəfdən gəlmişdi”.
Hüquq müdafiəçisi səfər çərçivəsində ABŞ-dan olan həmkarları, jurnalistlər və ziyalılarla da bir araya gələrək müzakirələr aparıb, Azərbaycandakı vəziyyətlə bağlı onlara məlumat verib: “Əsasən siyasi məhbuslar məsələsini müzakirə etdik. Həmçinin ATƏT-in media azadlığı üzrə komissarı Dünya Myatoviçlə görüşdük. Myatoviç noyabrda ölkəmizə gəlməli idi, amma görüş zamanı bəlli oldu ki, Bakıya fevralda gələcək. Görüşlərdə əsasən Cabbar Savalan və Bəxtiyar Hacıyevlə bağlı məsələləri müzakirə etdik, Əvəz Zeynallının həbsinə toxunuldu. Mən bir söz deməzdən öncə onlar bildirdilər ki, uzun illər fəaliyyət göstərən qəzet gündəlik nəşrə keçəndən və hakimiyyət rəhbərliyini tənqid edəndən sonra baş redaktor saxta ittihamla həbs edilib. Yəni özləri Azərbaycandakı vəziyyəti təhlil edib nəticələr çıxarırlar. Mənim fikrimcə, Əvəz Zeynallının məsələsi şişəcək. Əgər hökumət geri addım atsa, bu zaman zərbələrdən yayınacaq”.
Nobel mükafatçısı, Kolumbiya Universitetinin professoru Cozef Stiqlitsin evində qonaq qaldığını xatırladan Fətullayev ABŞ-dakı ziyalı təbəqənin Azərbaycanda baş verən hadisələrlə yaxından maraqlandığını söylədi: “Onlar ölkəmizdəki prosesləri izləyir və oxuyurlar. Burada bir qrup professor mənə yaxınlaşaraq həbsxanada olan Fərhad Əliyevlə maraqlandılar. Bundan savayı, səfər zamanı mən “Royters”-in ofisində də olduq. Burada Əfqanıstanda Taliban qüvvələrinin oğurlayaraq 8 ay girov saxladığı jurnalist Devid Roxdlada görüşdük. Mükafatçılar sırasında Pakıstandan olan jurnalist də var idi. Onu öz ölkəsinin hüquq mühafizə orqanları oğurlayaraq zorlamışdılar. Mən səfər zamanı Manxetn prokurorluğunda çalışan həmyerlimiz Rövşən Şərifovlada əlaqə saxladım və onunla birlikdə Oustreeddə keçirilən aksiyaları da müşahidə etdim. Aksiyaçıların arasında konqresmenlər, vəkillər var idi. Gözümün qarşısında 149 nəfəri həbs etdilər”.
Fətullayev bildirib ki, ona mükafat ABŞ elitasının 1200 nəfər üzvünün iştirakı ilə keçirilən böyük bir zalda təqdim edilib: “Mən çıxışımda Elmar Hüseynov məsələsinin üzərində dayandım, mətbuatın problemlərindən danışdım, rəhbəri olduğum qəzetlərin keçdiyi yolu xatırlatdım. Qəzetlərimi bərpa etməklə bağlı fikirlərimi isə alqışla qarşıladılar. “Soros” Fondunun toplantıda iştirak etdiyi nümayəndələri qəzetlərin bərpasına maraq göstərirdilər. Bütün bunlar iqtidara açıq mesajdır ki, ABŞ cəmiyyəti medianın arxasında dayanıb, onu məhv etməyə qoymayacaq”.
Sonda məlum olub ki, Jurnalistlərin müdafiə Komitəsinin təşkil etdiyi və ABŞ elitasının qatıldığı bu tədbirə Azərbaycanın ABŞ-dakı səfirliyindən qatılan olmayıb.
Modern.az