Əfqanıstanda “Taliban” hərəkatının silahlılarının hücumu nəticəsində azı 6 polis əməkdaşı həlak olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, insident ölkənin şimalında yerləşən Balh əyalətində qeydə alınıb. Nəzarət-buraxılış məntəqələrinə hücum zamanı, həmçinin 3 polis əməkdaşının yaralandığı bildirilir.
Xatırladaq ki, son vaxtlar Əfqanıstan hakimiyyəti ilə “Taliban” arasında dialoqun mümkünlüyü vaxtaşırı gündəmə gəlir. Bu ərəfədə Prezident Əşrəf Qani RTA dövlət telekanalının efirində “Taliban” hərəkatını birbaşa danışıqlara çağırıb. Əfqanıstanda qarşıdurma tərəfləri arasında birbaşa sülh dialoqları müxtəlif meydançalarda aparılır.
2018-ci il noyabrın 9-da Moskvada baş tutan beynəlxalq görüşə ilk dəfə “Taliban” hərəkatının Dohadakı siyasi ofisinin nümayəndə heyəti də qatılmışdı..
Bununla yanaşı, bir neçə gün əvvəl ABŞ və “Taliban” nümayəndələri Qətərin paytaxtı Dohada keçirilən məsləhətləşmələrin gedişində xarici ölkə qoşunlarının Əfqanıstandan çıxarılması üzrə çərçivə layihəsini razılaşdırıb.