Modern.az

Milli Məclisdə yeni hərbi sənəd müzakirəyə çıxarılır

Milli Məclisdə yeni hərbi sənəd müzakirəyə çıxarılır

Parlament

29 Noyabr 2011, 15:09


“Təhlükəsizlik və müdafiə komitəsi dördüncü gün cənab Prezidentin imzası ilə Milli Məclisin payız sessiyasına daxil olmuş “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun layihəsini müzakirə edəcək”. Bu barədə Modern.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvi Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, bu sənəd əslində bir neçə qanun layihəsinin birləşməsini özündə ehtiva edir. Deputat həmçinin qeyd edib ki, parlamentin payız sessiyasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun layihəsinin qəbul olunması nəzərdə tutulub.

“Bu qanun layihəsinin üzərində müvafiq strukturlar - Silahlı Qüvvələrin hər bir orqanı - xeyli müddətdir çalışmalarda idi və parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri, inzibati hərbi qanunvericilik şöbələrinin nümayəndələri də orada təmsil olunurlar. Nəhayətdə belə bir sənəd artıq müzakirəyə təqdim olunub. Dördüncü gün bu layihə komitədə müzakirə olunacaq”.

Deputat qanun layihəsində prinsipial məsələlərlə bağlı dəyişikliklər edilmədiyini bildirib.

“Söhbət hərbi xidmət keçmənin əsasları ilə bağlı müddəalardan gedirdi. Çünki bir çoxları, xüsusi olaraq magistr mərhələsi üçün təhsilin fasiləsizliyini nəzərə alaraq və bunun konstitusion prinsip olduğunu qeyd edərək, onlara yenidən möhlət hüququnun veriləcəyini gözləyirdilər. Bu inamı gücləndirən amillərdən biri də cənab Prezidentin Milli Elmlər Akademiyasının qurultayı zamanı çıxışı idi. Elmi sahədə gələcək alimlərin formalaşması, dediyimiz arasıkəsilməzliyin təmin olunması, alimlərin orta yaş həddinin kifayət qədər yuxarı olmasını nəzərə alaraq, bu məsələyə -  yəni magistrlərə yenidən belə bir hüququnun verilməsi müddəasına baxılacağı fikri vurğulanmışdı”.

Zahid Oruc hesab edir ki, sənədin hazırlanması zamanı bu müddəalar nəzərə alınmalı idi.

Millət vəkili eyni zamanda qanun layihəsində digər məsələlərlə bağlı nisbi dəyişikliklərin edildiyini vurğulayıb.

“Hərbi liseyləri yarımçıq qurtaranların xidmət müddətinin hesablanması və yaxud xidmətkeçmə zamanı cinayət törədən şəxslərin xidmətini sonra davam etməsi şərtləri və s. məsələlərdə müəyyən dəyişiklər var. Digər hərbi xidmətə aid olan, hərbi sferadan təxris olunma, onun yaş dərəcələri və s. ilə əlaqədar məsələlər burada yer alıb”.

Komitə üzvü deyib ki, bir sıra qabaqcıl ölkələrdə öz əksini tapan məsələlərin də “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun layihəsində də öz əksini tapmasını arzulayırlar.

“Söhbət onların təminatı ilə bağlı rotasiya olunması, kollegial idarəçilik və s. məsələləri özündə ehtiva etməsindən gedir. Bu baxımdan dediyimiz məramı, ideyaları bu qanunla ödəmək mümkün deyilsə, hərbi sferada toplu halda bir sənəd - Hərbi Məcəllənin hazırlanması gərəkdir. Əlbəttə ki,  bu mövqe təkcə mənim subyektiv düşüncəm deyil, eyni zamanda beynəlxalq praktikada özünü göstərmiş haldır. Odur ki, istər komitə səviyyəsdində, istər plenar iclasda mən bu mövqeni dilə gətirəcəm. Yəni hərbi islahatların dərinləşdirilməsi, beynəlxalq mütərəqqi sistemlərə inteqrasiya etmək, o cümlədən operativ idarəçilyin təminatı, kollegialçılıq, hərbi vəzifələrin bir sıra hallarda mülki vəzifələrlə əvəzlənməsi və s. kimi mühüm və ictimai nəzarəti təmin edən addımlar bu qanun və digərləri ilə müəyyənləşməlidir. İnsanlarımız bunu gözləyir. Bu bütövlükdə təhlükəsizliyinmizin qorunmasına, müdafiə qabiliyyətimizin güclənməsinə də ancaq müsbət təsir göstərərdi” - deyə millət vəkili əlavə edib.

Aytən ƏLİYEVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR