Modern.az

Gələn ay Azərbaycan istehsalı  ilk “Peugeot” avtomobili satışa çıxarılacaq

Gələn ay Azərbaycan istehsalı  ilk “Peugeot” avtomobili satışa çıxarılacaq

29 Yanvar 2019, 21:20

““AZƏRMAŞ” ASC ilə “Iran Khodro” ASC arasında 2016-cı il aprelin 21-də əməkdaşlıq memorandumu imzalanıb və həmin ilin avqust ayının 6-da Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun təməli qoyulub. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunda Avropanın aparıcı ölkələrinin və İran İslam Respublikasının müasir texnologiyaları və avadanlıqları quraşdırılıb”. Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxış edən Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun direktoru Emin Axundov bildirib.

 

Emin Axundov bildirib ki, investisiya dəyəri 25 milyon manat olan zavodun Neftçala Sənaye Məhəlləsində yerləşməsi və bununla da zəruri infrastruktur xərclərindən azad olması, eyni zamanda, müəssisəmizə investisiya təşviqi sənədinin verilməsi nəticəsində, ümumilikdə, 8 milyon manat vəsaitə qənaət olunub: “Bütün bunlar və digər güzəştlər avtomobillərin istehsalında və daha ucuz qiymətlə satışında önəmli göstəricilərdir.

Cənab Prezident, Sizin 2017-ci ilin sentyabr ayında Neftçala rayonuna səfəriniz çərçivəsində zavodumuzda olarkən verdiyiniz tövsiyələr əsasında “Xəzər” avtomobil zavodunda işləyəcək əməkdaşlar peşəkarlıq səviyyələrini və təcrübələrini artırmaq üçün İran İslam Respublikasına ezam edildi. Onlar avtomobil istehsalı sahəsində xüsusi təlimlər keçməklə sertifikatlar əldə etdilər.

Siz və İran Prezidenti 2018-ci ilin mart ayının 29-da Azərbaycan-İran biznes forumunda “Xəzər” avtomobil zavodunun rəsmi açılışını etdiniz. Bu gün zavodda 200-ə yaxın Neftçala sakini işlə təmin edilib, istehsal həcmi artdıqca, bu say 300 nəfərə çatacaqdır. “Made in Azerbaijan” brendi altında “Xəzər” avtomobil zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Zavod 2018-ci ilin sonuna kimi qarşısına qoyduğu məqsədi tam yerinə yetirib. Belə ki, ötən il zavodda mindən artıq avtomobil istehsal olunub. Bu avtomobillərin 95 faizi satılıb. Qeyd etmək istərdim ki, Azərbaycan istehsalı olan bu avtomobillərin alışının 40 faizi dövlət qurumlarının payına düşübsə, 60 faizi əhali tərəfindən alınıb ki, bu da istehsal edilən avtomobillərin rəqabətqabiliyyətli olmasının göstəricisidir”.

 

Emin Axundov qeyd edib ki, “Xəzər” avtomobil zavodunda 2019-cu ilin fevral ayından artıq ilk “Peugeot” markalı avtomobillər istehsal xəttindən satışa çıxacaqdır: “İstehsala başlamaq üçün artıq bütün zəruri avadanlıqlar quraşdırılıb. Həmçinin 2019-cu ilin sonlarından etibarən isə “Khazar” avtomobillərinin ehtiyat hissələrinin bir hissəsini Azərbaycanda istehsal etməyi planlaşdırırıq.

 

Bir məsələni də xüsusilə vurğulamaq istərdim ki, zavodun işə düşməsi ilə ilk dəfə olaraq Azərbaycan avtomobil istehsalı ölkəsi kimi tanınıb və “Khazar” avtomobillərinə BAN nömrə alınaraq beynəlxalq sistemə daxil edilib. Bunun nəticəsi olaraq, Azərbaycan avtomobil istehsalçısı olan ölkə kimi ilk dəfə 2018-ci ilin avqust-sentyabr aylarında Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə Moskvada “Krokus Ekspo” Sərgi Mərkəzində keçirilən beynəlxalq avtomobil sərgisinə dəvət alıb və bizim “Khazar” avtomobilləri sərgidə nümayiş edilib, böyük maraqla qarşılanıb.

 

Azərbaycanda avtomobil sənayesinin inkişaf etdirilməsinin məntiqi davamı olaraq 2018-ci il sentyabrın 1-də, cənab Prezident, Sizin Rusiya Federasiyasına rəsmi səfəriniz zamanı Soçi şəhərində Qorki avtomobil zavodu və “AZƏRMAŞ” ASC arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasını xüsusilə qeyd etmək istərdim. Memorandum Hacıqabul Sənaye Məhəlləsinin ərazisində “QAZ” markalı yüngül tonnajlı avtomobillərin və xüsusi təyinatlı texnikanın birgə istehsalına başlanmasını nəzərdə tutur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım