Modern.az

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanacaq

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanacaq

Təhsil

29 Noyabr 2011, 21:08

Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalayıb. Sərəncamda deyilir ki, son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Bu illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Sərəncamda bildirilir ki, Azərbaycanın perspektiv inkişaf hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə 2020-ci ilədək dövrü əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması məqsədəuyğun hesab olunur. İnkişaf Konsepsiyasının layihəsinin hazırlanmasına ümumi rəhbərlik, təşkilati və əlaqələndirici səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilib. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb ki, İnkişaf Konsepsiyasının layihəsini 2012-ci ilin sonunadək hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, layihə hazırlanarkən Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasını təmin etsin, bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi üçün zəruri tədbirlər görsün, vətəndaş cəmiyyəti təsisatlarının iştirakını, habelə layihənin açıq müzakirəyə çıxarılması üçün müvafiq tədbirlərin görülməsini təmin etsin, layihənin hazırlanması ilə bağlı aparılan işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılıb ki, İnkişaf Konsepsiyasının layihəsi hazırlanarkən fəaliyyət istiqamətlərinə uyğun olaraq zəruri tədbirlər görsünlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama