XİN rəsmisinin Alyansla bağlı tənqidinə reaksiya gəldi: “İPAP yeni mərhələsi tezliklə imzalanacaq”
“Ümid edirəm ki, NATO ilə Azrbaycan arasında imzalanmış Fərdi Tərəfdaşlıq Planının yeni mərhələsi tezliklə təsdiq ediləcək”.
Modern.az bildirir ki, bu barədə hərbi Alyansın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Ermənistanda təşkil olunmuş telekörpüdə çıxışı zamanı deyib. NATO rəsmisi Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun bu günlərdə səsləndirdyi bəyanata münasibət bildirməyib və Azərbaycanın NATO ilə münasibətlərinin “çox yaxşı” olduğunu qeyd edib.
Xatırladaq ki, XİN rəsmisi ötən həftə jurnalistlərə açıqlamasında bildirib ki, “NATO konkret olaraq bir-iki ölkəyı dair siyasi, qərəzli mövqedən çıxış edərək qurumla Azərbaycan arasında imzalanmış Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) üçüncü mərhələsinin təsdiqlənməsini gecikdirir. Bu vəziyyət isə bizim əl-qolumuzu bağlayır”.
A.Əzimov bildirmişdi ki, plan təsdiq edilmirsə, əməkdaşlığın davam etdirilməsi proqramdan asılı olaraq yubanır: “Bu məsələ bir neçə aydır, ləngiyir. Biz buna görə narahatıq. NATO-da bizə qarşı bu mövqenin davam etməsini istəməzdik”.
Dünən isə C.Appaturay bildirib ki, İPAP-ın yeni mərhələsi tezliklə təsdiq olunacaq.
X.SƏFƏROĞLU