ABŞ-ın orta şərq hissəsində anomal şaxtalar səbəbindən azı 21 nəfər həyatını itirib.
Modern.az xarivi KİV-ə istinadən xəbər verir ki, bəzi insanlar küçələrdə və öz evlərində donaraq, digərləri isə buz bağlayan yollarda baş verən qəzalar və bədbəxt hadisələr nəticəsində ölüb.
İllinoys ştatının Rokford şəhərində havanın temperaturu rekord həddə - mənfi 34 dərəcəyə enib. Çikaqoda da meteoroloji müşahidələr tarixinin rekordu müəyyən edilib – mənfi 29 dərəcə. Viskonsin ştatının Medison şəhərində termometrlər mənfi 32 dərəcəni göstərir.
Çikaqoda ofislərin əksəriyyətində iş dayandırılıb, elektrik və su təchizatında, həmçinin nəqliyyatın hərəkətində problemlər yaranıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar mindən çox aviareys ləğv olunub.
Yanvarın 31-də siklon şərqə doğru hərəkətini davam etdirib. Qərbi Nyu-Yorka 50 santimetr qar yağıb.
Fevralın 3-də şaxtalardan əziyyət çəkən rayonlarda kəskin istiləşmənin baş verəcəyi, havanın temperaturunun 27 dərəcə yüksələcəyi gözlənilir.