Modern.az

Deputat Çingiz Qənizadə bir illik hesabat verdi

Deputat Çingiz Qənizadə bir illik hesabat verdi

Təhsil

30 Noyabr 2011, 14:40

80 saylı İmişli-Beyləqan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş Çingiz Qənizadənin bir illik fəaliyyəti dövründə keçirdiyi görüşlər seçki dairəsinin ərazisində yerləşən 44 kəndin 32-ni əhatə edib.
Deputatın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 1 illik fəaliyyətlə bağlı hesabatda qeyd olunub ki, hal-hazırda qalan digər kəndlərdə davam edən görüşlər ilin sonunadək yekunlaşacaq. Görüşlər zamanı seçiciləri narahat edən problemlər dinlənilir, onların həlli istiqamətində mümkün olan variantlar araşdırılır, deputatın səlahiyyəti çərçivəsində həll olunması mümkün olanları həll olunur və ya aidiyyatı qurumlara ünvanlandırılır.

Ç.Qənizadə ötən bir il ərzində 36 nəfər seçicini fərdi olaraq Milli Məclisdə, 200-dən çox seçicini isə dairə ərazisində qəbul edib. Deputatın qəbulunda olan seçicilər ən çox hüquq pozuntuları və sosial problemlərlə bağlı müraciət ediblər.

Hesabata görə, millət vəkili parlamentin plenar iclaslarında müzakirə olunan məsələlərə dair öz mövqeyini bildirməklə yanaşı, həm də təmsil etdiyi dairədə yaşayan insanların üzləşdikləri problemləri cari məsələlərin müzakirələrində qaldıraraq çıxışlarında səsləndirr.

“Belə ki, Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ildə fəaliyyəti haqqında Hesabatının müzakirəsi zamanı təmsil etdiyi İmişli-Beyləqan seçki dairəsinin ərazisindəki kəndlərdə mövcud olan problemləri –yolların asfaltlaşdırılması, bəzi kəndlərdə tibb işçilərinin çatışmazlığı, məktəblərdə lazımi şəraitin olmaması, Kür və Araz çaylarında daşqınlar nəticəsində zərər çəkmiş şəxslərin problemləri, evləri qəzalı vəziyyətdə olan vətəndaşlara yeni evlərin tikintisinin davam etdirilməsi, bəzi kəndlərdə ağacların, yaşıllıqların məhv olmasına səbəb olan qrunt sularının qarşısının alınması və s. digər məsələləri yazılı şəkildə Nazirlər Kabinetinə, Baş nazir Artur Rasizadəyə ünvanlayıb.

Ç.Qənizadənin müraciətinə dovlət qurumları tərəfindən münasibət bildirilib, deputatın qaldırdığı məsələlərin həlli istiqamətində həyata keçirilməsi nəzərdə tutulan işlər haqqında millət vəkilinə rəsmi məktublar göndərilib”.

Seçicilərilə keçirdiyi görüşlər zamanı Ç.Qənizadə İmişli və Beyləqan rayonlarında yeni məktəblərin açılışı, yolların asfaltlaşdırılması, kəndlərə mavi qazın verilməsi, kəndlərin elektrik enerjisi təchizatının yaxşılaşdırılması və yeni transformatorların quraşdırılması, seldən əziyyət çəkən vətəndaşlara yeni evlərin tikilməsi və ya bərpa edilməsi və s. məsələlərin həllinin “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində reallaşdırıldığını,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən regionlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu daima qeyd edir, seçicilərin diqqətinə çatdırır.

Hesabata görə, deputat ona ünvanlanan məktub və müraciətlərə, aidiyyatı seçki dairəsindən olmasalar da belə xüsusi diqqətlə yanaşır. Belə ki, hüquq müdafiəçisi olaraq ona müraciət edən vətəndaşların əksəriyyəti əsasən hüquq pozuntuları ilə bağlı digər dairələrin seçiciləridir. Buna baxmayaraq, millət vəkili hər bir müraciətə fərdi yanaşır, imkan dairəsində və səlahiyyətləri çərçivəsində ərizəçilərin problemlərinin müsbət həllinə çalışır.

KİV-in keçirdiyi sorğuların nəticələrinə əsasən aktiv deputatlar siyahısında olan Çingiz Qənizadə, deputatlıq fəaliyyətini seçicilərlə keçirdiyi görüşləri ilə bitmiş hesab etməyərək, həm də İmişli və Beyləqan rayonlarında keçirilən bir sıra digər tədbirlərdə də fəal iştirak edir. İmişli və Beyləqan Rayon İcra Hakimiyyətlərinin 2010-cu il fəaliyyətinə həsr olunmuş hesabat yığıncağında iştirak edən deputat tədbirlərdə çıxış edib. 

Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 6-da İmişliyə səfəri zamanı rayonda ölkə başçısını müşayiət edib, ölkə vətəndaşlarının məşğulluğunun təmin olunması istiqamətində rayonda “Azərsun Holdinq” tərəfindən istifadəyə verilən müəssisənin açılışında, digər bir  müəssisənin isə təməlqoyma mərasimində iştirak edib.

Ç.Qənizadə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin komitələrin birgə iclasında və plenar iclasda müzakirələri zamanı aktiv iştirak edərək, büdcənin son variantının qəbulu zamanı nəzərə alınması üçün bir sıra müvafiq  təkliflərlə çıxış edib.

Danimarka, Finlandiya, İordaniya, Portuqaliya və Yunanıstan Parlamentlərarası Dostluq Qrupunun üzvü olan Çingiz Qənizadə TÜRKPA-nın Azərbaycan Milli Nümayəndə heyətinin üzvü olmaqla yanaşı, eyni zamanda TÜRKPA-nın Hüquq məsələləri komissiyasının üzvüdür.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama