Modern.az

“Azərsu”nun tenderində qalib gələn şirkətin adı açıqlandı

“Azərsu”nun tenderində qalib gələn şirkətin adı açıqlandı

Təhsil

30 Noyabr 2011, 17:18

Göyçay şəhərinin su təchizatı və kanalizasiya  sisteminin yenidən qurulması layihəsi üzrə keçirilən beynəlxalq tenderə yekun vurulub. 7 şirkətin qatıldığı müsabiqənin  nəticələrinə görə Türkiyənin “ATİNAK” şirkəti daha sərfəli şərtlər təklif edərək tenderin qalibi olub və həmin şirkətlə “Azərsu” ASC arasında müqavilə imzalanıb. Layihə çərçivəsində Göyçay şəhərində tikintisinə başlanmış suqəbuledici qurğular kompleksinin inşası başa çatdırılacaq, şəhərin içməli su və kanalizasiya şəbəkələri yenidən qurulacaq.
Bu barədə Modern.az-a  “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Asiya İnkişaf  Bankının krediti hesabına reallaşdırılacaq işlərə 2011-ci ilin dekabrında başlanacaq və tikintinin 18 ay müddətinə tamamlanması nəzərdə tutulur.

Qeyd edək ki, Ağdaş və Göyçay şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Asiya İnkişaf Bankı ilə birlikdə “Şəhər su təchizatı və kanalizasiya layihəsi”  və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. 2010-cu ildə icrası başa çatmış “Şəhər su təchizatı və kanalizasiya layihəsi”nə uyğun olaraq “Göyçay Sukanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti (TASC) üçün zəruri maşın və mexanizmlər alınıb, şəhərin su təchizatının yaxşılaşdırılması məqsədilə 3 subartezian quyu qazılıb, sugötürücü kamera və xlorator binası daxil olmaqla həcmi 2500 kubmetr olan yeni su anbarı inşa edilib. Eyni zamanda yeni laboratoriya binası, nasos stansiyası tikilmiş, nasosların normal iş rejiminin təmin edilməsi üçün yeni elektrik xətləri çəkilib.
Bununla yanaşı “Göyçay Sukanal” TASC üçün yeni ofis binası və istehsalat bazası inşa edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama