Bu gun Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Polşanın Poznan şəhərində keçirilən beynəlxalq forum başa çatıb. Forumda Şərqi Tərəfdaşlıq Proqramının işçi komissiyaları üzrə həmsədr seçkiləri baş tutub. İqtisadiyyat Komissiyasında namizədliyi irəli sürülən iqtisadçı-alim Vüqar Bayramov gizli səsvermədə həm Avropa Birliyi, eləcə də Şərqi Tərəfdaşlıq Proqramına üzv olan ölkələrin nümayəndələrinin səslərin əksəriyyətini toplayaraq komissiyaya həmsədr seçilib.
Belə ki, səsvermədə iştirak edənlərin 85 faizi Vüqar Bayramova etimad göstərib. Yeri gəlmişkən, birlikdə 4 komissiya fəaliyyət göstərir və hər biri üzrə 2 həmsədr seçilir. Həmsədrlərdən biri Avropa Birliyini digəri isə Şərqi Tərəfdaşlıq Proqramına üzv olan ölkələrdən birinin vətəndaşı olur.
Avropa Birliyindən həmsədr postuna alim Słavomir Adamaczyk komissiya üzvlərinin etimadını qazanıb. Növbəti 1 ildə forumun iqtisadiyyat komissiyasına Vüqar Bayramov və Słavomir Adamaczyk həmsədrlik edəcəklər. Qeyd edək ki, Vüqar Bayramov Avropa Birliyi komisiyasına həmsədr seçilən ilk və yeganə azərbaycanlıdır.
Xatırladaq ki, Şərqi Tərəfadşlıq Proqramına Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistan daxildir. Komissiyanın sədrlərinin adları 40-dan çox ölkəni təmsilçiləri arasında keçirilən gizli səsvermə nəticəsində bəlli olur.
Azərbaycanlı alim 2012-ci ildə Avropa Birliyinin Şərq Tərəfdaşlığı üzrə iqtisadi siyasətinin həyata keçirilməsi, qitədə regional inteqrasiyanın genişləndirilməsi, birliyin ticarət, nəqliyyat və digər panelləri üzrə rəsmi danışıqların aparılması və s. məsələlərdə iştirak edəcək.
Modern.az