Modern.az saytının jurnalistlərlə bağlı başladığı layihə davam edir. Bu layihədə jurnalistlərdən ilk iş yerini və ilk iş gününü necə xatırdıqlarını xəbər alırıq.
Budəfəki müsahiblərimiz “İnter-Azərbaycan” telekanalının Azərbaycan üzrə Xəbərlər Departamentinin rəhbəri Azadə Balayeva, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və “Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızıdır.
“İnter-Azərbaycan” telekanalının Azərbaycan üzrə Xəbərlər Departamentinin rəhbəri Azadə Balayeva 1995-ci ildə Bakı dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. O, jurnalistlik fəaliyyətinə universiteti bitirdikdən bir müddət sonra başlayıb. A.Balayeva söhbət zamanı qeyd etdi ki, təhsilini başa vurduqdan sonra bir müddət doğulduğu rayonda müəllimlik fəaliyyəti ilə məşğul olub. Daha sonra ailə quran xanım jurnalistin ailə qayğılarına görə jurnalistikaya gəlməsi bir müddət gecikib.
Nəhayət 1999-cu ildə o, “Hürriyət” qəzeti ilə ilk jurnalistlik fəaliyyətinə başlayıb.
A.Balayeva deyir ki, jurnalist olmaq üçün nəzəriyyə insana çox şey vermir, işin incəliklərini fəaliyyətdə olduğun zaman öyrənirsən. “Hürriyyət” qəzeti bağlandıqdan sonra A.Balayeva digər mətbu orqanlarda fəaliyyətini davam etdirib.
A.Balayeva mətbuatda dərc olunan ilk yazısını dəqiqi xatırlamır. “Deyəsən redaktorun tapşırığına əsasən sosial sahədə hazırladığım bir yazı idi. Səhv etmirəmsə, zibillərin yığılmaması ilə bağlı şikayət məktubu araşdırmışdım”.
Yazını yazarkən əlaqədar qurumların informasiya verməkdə xəsisliyi, mövzunun miqyasının məhdudluğu A.Balayevanı sosial sahədə yazmaq fikrindən daşındırıb. Və siyasətdən yazmağa qərar verib: “Həmin yazı sosial mövzuda yazdığım ilk və son yazı oldu”.
“İlk iş gününüzü necə xatırlayırsınız” sualına müsahibimizin cavabı belə oldu. “Bir qədər inamsız idim, özümə güvənmirdim, təcrübəm yox idi”.
A.Balayeva deyir ki, o gördüyü hadisəni elə gördüyü kimi, düzü düz, əyrini əyri yazmaq istəyir. Yəni, iqtidar və müxalifət fərqi yoxdur. Bu baxımdan da daha çox müxalifət yönümlü hesab olunan “Hürriyyət” qəzetinin ortamı onun bir o qədər də ürəyincə olmayıb.
““Hürriyyət”də çalışanda sıxılırdım. Bildiyiniz kimi, həmin qəzet Rəsul Quliyevə rəğbət bəsləyirdi. Düzü, Rəsul Quliyev mənim o qədər də bəyəndiyim siyasətçi deyil. Bunu iş yoldaşlarım da bilirdi. Qəzetdə parlament müxbiri idim. Oradan da hər dəfə daha çox patiyanın parlamentdəki deputatları ilə, sırf partiyanın və təbii ki, Rəsul Quliyevin marqlarına uyğun müsahibələr almamı istəyirdilər. Amma mən daha çox özüm üçün maraqlı olan mövzularla bağlı və məqbul hesab etdiyim şəxslərdən müsahibələr alırdım. Bu da bəzən narazılıq yaradırdı. Amma “Hürriyət” mənim jurnalist kimi ilk iş yerim olub. Çox gözəl kollektivlə, çox gözəl insanlarla çalışmışam və orada çox şey öyrənmişəm”.
Sonradan A.Balayevanın yolları ”525-ci qəzet”dən, ANS-dən keçib...
Xanım jurnalist iş prosesində qarşılaşdığı maraqlı bir hadisəni də bizimlə bölüşdü: “ANS-də işlədim vaxt Türkiyənin ölkəmizə yeni səfiri təyin olunmuşdu. Adını çəkmək istəmirəm, indiki səfirdən öncə olan səfirlərdən biri idi. Əvvəlcədən danışmışdılar ki, səfir ilk musahibəsini bizə verəcək. Müsahibəyə mən getdim. Səfir iki sualı cavablandırdıqdan sonra, ona Azərbaycan haqqında, bu ölkəyə bağlılığı haqqında sual verdim. Səfir ağalama başladı, bu məni də, səfirliyin əməkdaşlarını da çox təəccübləndirdi. Xeyli sualımın olmasına baxmayaraq, müsahibəni dayandırdım. Sonradan bildik ki, çox yaxşı diplomat olan bu səfir bir qədər kövrəkdir”.
***
“Xalq Cəhbəsi”qəzetinin baş redaktoru Elcin Mirzəbəyli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
E.Mirzəbəyli ilk jurnalist fəaliyyətinə Azərbaycan televiziyasında başlayıb. Amma burda fəaliyyətə başlamazdan əvvəl qısa müddət Sank-Peterburq televiziyasında fəaliyyət göstərib. E.Mirzəbəyli deyir ki, ilk fəaliyyətə televiziyada başlamasına baxmayaraq, yazılı mətbuatla əməkdaşlığı daim olub.
Azərbaycan televiziyasının “Dördüncü nəsil” verilişində bir necə əməkdaşla birgə fəaliyyətə başlayan E.Mirzəbəylinin sözlərinə görə, efirə gedən ilk veriliş bank sektoru ilə bağlı olub. Bu veriliş daha çox baş verən texniki problemləri ilə müsahibimizin yadında qalıb.
“Bir kameranı götürmək üçün xeyli gözləməli olurduq. Çünki o vaxt müəllif verilişləri üçün kamera ayırmırdılar. Montaj prosesində çox sayda problemlərlə üzləşirdik. Bəzən səhərə qədər montajda olurduq. Cavan olduğumuz üçün üçün bizi axşama salırdılar”.
E.Mirzəbəyli Məhəmməd Füzulinin 500 illik yubleyi ilə bağlı film çəkdiklərini və onun montaj prosesini bu günə kimi xatırladığnı qeyd etdi.
“Filmi vaxtında çatdırmaq üçün montajı gecəyə salmışdıq. Məndə həmin vaxt bərk xəstələnmişdim, qızdırmam var idi. Məni heç cürə özümə gətirə bilmədilər, axırda bir şüşə konyakı içirdilər mənə. Və montaj prosesinin neçə keçdiyindən, səhərin necə açıldığından xəbərim olmadı. Nəyin üstünə hansı kadrı montaj etdiyimi bilmədim. Film efirə getdikdən sonra, səhər iclasında məni o qədər təriflədilər ki, özüm də təəccübləndim. İndiyə kimi heç ayıq başla gördüyüm işləri bu qədər tərifləməmişdilər”.
***
“Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. G.Knyazqızı universitet illərindən mətbuatla əməkdaşlıq etdiyini deyir.
O, ilk jurnalistlik fəaliyyətinə “Azadlıq” qəzetində başlayıb. “2001-ci il oktyabr ayında “Azadlıq” qəzetinə gəlmişəm, bu ilin oktyabr ayında 10 il tamam olub”.
G.Knyazqızının “Azadlıq”a necə gəlməsinə gəlincə, o, bildirdi ki, çox oxunduğu üçün onda bu qəzetə maraq yaranıb. Müsahibimiz deyir ki, valideynləri də daim bu qəzeti izləyib.
““ Yeni Musavat” və “Azadlıq” qəzeti reytinqli qəzet idi. Hər iki qəzetin kollektivini tanımadığım üçün bu qəzetlər arasında fərq görə bilmirdim. Elə oldu ki, birinci “Azadlıq” qəzetinə müraciət etdim”.
Qəzetə qələndə II kurs tələbəsi olduğunu deyən G.Knyazqızı bildirdi ki, işə düzəlməyi çox asan olub. “İlk dəfə qrup yoldaşımla - Aytənlə gəldik, dedik ki, jurnalistikada oxuyuruq və qəzetdə işləmək istətyirik. Həmin vaxt qəzetin redaktoru Rövşən Hacıyev idi, kiçik söhbətləşmədən sonra o bizi işə qəbul etdi”.
G.Knyazqızının mətbuatda dərc olunan ilk yazısına gəlincə, bildirdi ki, ilk dəfə evlərindən çıxarılan vətəndaşlarla bağlı reportaj hazırlayıb. Bu tapşırıq qəzetə birlikdə gəldikləri üçün Gültəkin və Aytənə verilib.
Yazıya baxan siyasət şöbəsinin redaktoru Zöhrab İsmayılov yazıda kiçik redaktələr etməklə onu çapa verib. “Bu bizim üçün böyük sevinc idi. Ona görə ki, təzə işə başlayan jurnalistin yazısı adətən çapa verilmirdi. Yazı yazmaq vərdişini o qədər tez qavramışdıq ki, bizə dedilər ki, artıq bir yerdə yox, ayrı yazaq”.
G.Knyazqızı deyir ki, Xaqani 33-də yerləşən “Azadlıq” qəzetində olan günləri bu günə kimi unutmayıb. “Bu ünvana jurnalistlər, siyasətçilər, digər fəal insanlar toplaşırdı. Baxmayaraq ki, Xaqani 33-dən bizi bir neçə il bundan əvvəl çıxarıblar, orda yaşananları heç kim unutmayıb, elə mən də”.
G.Knyazqızı ilk işə başlayanda qəzetin kollektivinin ona qarşı çox səmimi davranmasını həmişəlik yadında saxlayıb.
Sədaqət SÜLEYMANOVA