Modern.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərlə bağlı hesabat verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərlə bağlı hesabat verdi

Təhsil

2 Dekabr 2011, 15:37


3 dekabr - Beynəlxalq Əlillər günü münasibətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şaqan 3 saylı internat evində və sağlamlıq imkanları məhdud uşaqların və əlillərin dövlət himayəsində yaşadığı digər sosial xidmət müəssisələrində tədbirlər keçirilib. Nazirliyin məsul şəxslərinin iştirak etdiyi tədbirlərdə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara incəsənət ustalarının ifasında musiqili-əyləncəli proqram təqdim edilib, onlara hədiyyələr verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, 1 iyul 2011-ci il tarixə olan məlumata əsasən, respublikamızda 419 598 nəfər əlilliyi olan şəxs var ki, onlardan  sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 59 207 nəfər təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir, Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır. 

“Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Təkcə son on il ərzində dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əmək pensiyalarının orta aylıq məbləği 7,6 dəfə, sosial müavinətlərin orta aylıq məbləği isə 4 dəfədən çox yüksəlmişdir”-deyə nazirlikdən qeyd edilib.

Hazırda ölkədəki 14 bərpa mərkəzində hər il  reabilitasiya potensialına malik 8 000 nəfərdən çox fiziki məhdudiyyətli insan bərpa-müalicə xidməti ilə təmin olunur. Protez-ortopedik bərpa mərkəzi Almaniyanın “Otto-Bok” firması ilə əməkdaşlıq şəraitində ixtisaslaşmış xidmət göstərir və əlilliyi olan şəxslər protez-ortopedik məmulatlarla, əlil arabaları, eşitmə aparatları və digər reabilitasiya vasitələri ilə təmin olunurlar.

Nazirlikdən bildirilib ki, 2012-ci ildə ölkədə yeni tipli müəssisənin – Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin inşası başa çatacaq. Bununla yanaşı, digər yeni sosial obyektlərin-Mingəçevir şəhərində Çernobıl əlilləri üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzinin, Müharibə və əmək əlilləri üçün yeni korpusun, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Penitensiar müəssisələrdə azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzləri və Sosial Sığınacaqların tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.

Səhiyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi əsasında Nazirlik tərəfindən 94 nəfər əlilin onları müşayiət edən 61 nəfərlə respublikadan kənar müalicəyə göndərilməsinə, 16 nəfər əlilin respublika daxilində müalicəsinə, 90 nəfərin sosial-məişət problemlərinin həll edilməsinə maddi köməklik göstərilib.

Bunlarla yanaşı, cari ilin iyul-avqust aylarında dayaq hərəkət sistemi məhdud olan 85 nəfər əlilin Ukraynanın Saki şəhərindəki N.Burdenko adına sanatoriyada 28 günlük bərpa-müalicə kursu keçməsi, 575 nəfər imkansız əlilin yay mövsümündə istirahətə göndərilməsi təmin edilib. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili sahəsində - əlamətdar günlər münasibəti ilə cari ildə də tədbirlər davam etdirilib, 20 Yanvar faciəsinin ildönümü əlaqədar 455 nəfər əlil və şəhid ailəsinə, Çernobıl qəzasının ildönümü ilə əlaqədar həmin qəzada xəsarət almış 500 nəfər əlilə, 15 sentyabr-Bilik günü münasibətilə tərkibində iki və daha çox sağlamlıq imkanları məhdud məktəbli uşaq olan imkansız ailələrə birdəfəlik maddi yardımların verilməsi təmin edilib.

Nazirlikdən bildirlib ki, əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün hər il bu təbəqələrdən olan insanlar üçün 700-dən artıq mənzil inşa etdirilir. Bu il müxtəlif bölgələrdə yeni çoxmənzilli və fərdi  yaşayış binaları istifadəyə verilib və indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub.
Bu ilin sonunadək daha bir sıra bölgələrdə yeni binalar bu təbəqələrdən olan insanlara təqdim ediləcək. Həmçinin yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq. 2012-ci ildə isə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq.

Nazirklikdən bildirlib ki, bu ilin sonunadək 304 ədəd LİFAN markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu vaxtadək 3244 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə verilib. Eyni zamanda 7500-ə yaxın əlil arabası ehtiyacı olan əlillərə verilib.

“Ölkəmizdə əlil vətəndaşların tibbi-sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası məqsədilə görülən işlərdə əlillərlə bağlı beynəlxalq Konvensiyalardan irəli gələn öhdəliklərə ciddi şəkildə əməl olunur və Azərbaycan Hökuməti bu konvensiyaların tətbiqi istiqamətində qanunvericilik bazasının və proqramların hazırlanmasında əlil təşkilatlarının rəy və təkliflərini nəzərə alır, həmçinin onlarla əməkdaşlıq şəraitində birgə layihələr həyata keçirir. Eyni zamanda, ölkəmiz «Əlil insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlil şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı»na qoşulan ölkələrdən biridir.

Azərbaycanda əlillərlə bağlı dövlət siyasətinin mütərəqqi dünya təcrübəsinə də istinad edilməklə daim təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin dolğun həyat şəraitinə malik olmaları istiqamətində tədbirlər bundan sonra da uğurla davam etdiriləcəkdir”-deyə nazirlik bəyan edib.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama