Dekabrın 2-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Masallı rayonunda olaraq, Nazirliyin cənub bölgəsində yerləşən 7 rayondakı strukturlarının fəaliyyəti ilə bağlı Prezidentə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, müxtəlif instansiyalara, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış vətəndaşları qəbul edib.
Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmin vətəndaşların müraciətlərinin dinlənilməsi və nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələrinin obyektiv şəkildə araşdırılması zamanı ayrı-ayrı vətəndaşların ünvanlı dövlət sosial yardımlarının, əlillik qruplarının təyinatı, eləcə də sosial müdafiə işinin digər sahələri ilə bağlı qanunvericilik barədə hələ də məlumatsız olmaları, bu səbəbdən yazdıqları şikayət ərizələrinin əsassız olduğu müəyyən edilib və qanunvericilikdən irəli gələn müvafiq qaydalar barədə həmin vətəndaşlara ətraflı izahatlar verilib.
Bununla yanaşı, bir sıra şikayət ərizələrində haqlı narazılıqların ifadə edildiyi də aydın olub ki, bu narazılıqların əsas səbəbinin yerli strukturların ayrı-ayrı əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə baxılmasında səhlənkarlıq və ədalətsizlik hallarına yol verilməsi ilə bağlı olduğu müəyyən edilib.
Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin ədalətli həlli ilə əlaqədar göstəriş verən nazir Fizuli Ələkbərov eyni zamanda vətəndaşlarda haqlı narazılıq yaradan hallarla bağlı aidiyyatı yerli strukturların və onların əməkdaşlarının fəaliyyətinin araşdırılması, vəzifə borcunu məsuliyyətsiz və səhlənkarlıqla yerinə yetirən əməkdaşlarla bağlı qanunauyğun tədbirlər görülməsi barədə tapşırıq verib. Qeyd olunub ki, bəzən sosial cəhətdən həssas insanlarla münasibətlərdə yol verilən kiçik bir diqqətsizlik belə həmin vətəndaşlarda narazılığa, onların müxtəlif instansiyalara şikayət ərizələri yazmasına səbəb olur və bu səbəbdən də strukturlara hər bir vətəndaş müraciətinə diqqət və qayğı ilə, həssaslıqla yanaşılması tapşırılıb.
Vətəndaşların müraciətlərinin araşdırılması zamanı aztəminatı ailələrin bir qisminin aktiv sosial müdafiə tədbirlərinə cəlb edilmək üçün potensial imkanlara malik olmaları müəyyən edilib ki, belə ailələrin əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğunun təminatına kömək göstərilməsi, eləcə də onların gələcəkdə birdəfəlik ünvanlı yardım-Özünədəstək proqramına cəlb edilmələri qərara alınıb. Dövlətdən yardım alan ailələrin bir qismində isə gənc ailə üzvlərinin yüksək balla ali təhsil müəssisələrinə daxil olaraq təhsil aldığı aydın olub ki, bu da gələcəkdə onların ixtisaslı mütəxəssislər kimi əmək bazarına daxil olaraq, münasib iş yeri tapmalarında, nəticə etibarilə həmin ailələrin yoxsulluq vəziyyətindən çıxmalarında vacib stimul rolunu oynayır.
“Məlumat üçün bildirək ki, cari ilin ötən dövründə nazir Fizuli Ələkbərov Oğuz, Şirvan, Göyçay, Şəki, Ağcabədi, Yevlax və digər bölgələrdə olaraq, həmin bölgələr üzrə ümumilikdə 70-ə yaxın rayon üzrə, eyni zamanda nazirlikdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vətəndaşları qəbul edib və onların şikayət ərizələrində qaldırılan məsələlər yerində və qanunvericiliyin tələblərinə uyğun tərzdə araşdırılaraq, müvafiq tədbirlər görülüb.
Vətəndaşların yaşadıqları bölgədə onların şəxsi iştirakı ilə qəbulu və müraciətlərinin araşdırılması işləri digər rayonlarda da davam etdiriləcək” –deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Modern.az