Modern.az

“Dəyişən dünyada Türkiyə-Azərbaycan münasibətləri” müzakirə olunub

“Dəyişən dünyada Türkiyə-Azərbaycan münasibətləri” müzakirə olunub

Təhsil

6 Dekabr 2011, 11:09

Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir. Bunu millət vəkili Qənirə Paşayeva Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümü ilə bağlı Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) təşkilatçılığı ilə Kocaeli şəhərində “İnkişaf edən və dəyişən dünyada Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən konfransda deyib.

Konfransda Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin üzvləri Şuay Alpay, Yusuf Halaçoğlu, Əli Özgündüz, Kocaeli valiliyi və bələdiyyəsinin rəhbərləri, Azərbaycanın Ankaradakı səfirliyinin və İstanbuldakı baş konsulluğunun rəsmiləri, TADF-in sədri Bilal Dündar cıxış ediblər.

Qənirə Paşayeva bildirib ki, qardaş Türkiyədə müstəqilliyimizi yenidən bərpa etməyimizin  20-ci ildönümünə  həsr olunmuş tədbirlərin keçirilməsi yüksək səviyyədə olan əlaqələrimizin hazırkı vəziyyətini və birgə fəaliyyətimizin perspektivlərini dəyərləndirmək baxımından çox önəmlidir. Deputat  bildirib ki, sürətlə dəyişən dünyada mövqeyimizi daha da gücləndirmək üçün Azərbaycan, Türkiyə və digər Türkdilli ölkələr arasında əməkdaşlığı, qarşılıqlı dəstək, həmrəylik və birliyi daha da gücləndirmək bütün Türk dövlət və toplumları üçün çox vacibdir. Konfransda çıxışı zamanı ermənilərin  tarixi  Azərbaycan torpaqlarına köçürülmə siyasətindən danışan Qənirə Paşayeva  deyib ki, bu addımı atan və dəstəkləyən güclərin əsas məqsədi Türkiyə ilə Azərbaycan və Türk dünyası arasında bufer zona yaratmaq, quruda sərhədləri aradan götürmək və ermənilərdən istənilən zaman Azərbaycana, Türkiyəyə, bütünlüklə Türk dünyasına qarşı istifadə etməkdir.
“Ermənilər bu rollarını hər zaman məharətlə yerinə yetiriblər” - deyən millət vəkili  Qənirə Paşayeva  Dağlıq Qarabağ probleminin bütün Türk dünyasının problemi olduğunu bildirib. Q.Paşayeva Azərbaycan xalqının Dağlıq Qarabağın işğal altında qalmasına heç bir zaman izn verməyəcəyini,  Ermənistanın sülh yolu ilə torpaqları qaytarmayacağı təqdirdə Azərbaycanın bunu hərbi yolla etmək haqqının olduğunu da diqqətə çatdırıb. O, türk gənclərini Azərbaycan həqiqətlərinin təbliği,  erməni yalanlarının qarşısının alınması istiqamətində daha fəal olmağa çağırıb və “inşallah hamımız birlikdə Azərbaycanın müstəqilliyini yenidən bərpasının 21-ci ildönümünü işğaldan azad edəcəyimiz Qarabağımızda qeyd edək” - deyib. 

TADF-in sədri Bilal Dündar çıxışında vurğulayıb ki, Türkiyənin Qurtuluş Savaşında ilk köməyə yetişən də, bu ilin oktyabr ayında Vanda baş vermiş zəlzələdən sonra ilk yardım göndərən də qardaş Azərbaycan olub.
Azərbaycanın İstanbuldakı baş konsulluğunun rəsmiləri tədbirdə çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin tarixi, bu günü və perspektivlərindən danışıb.
Türkiyənin millət vəkili Yusuf Halaçoğlu Xocalı soyqırımı, Qərbin bu və digər qətliamlarla bağlı ikili standartlarından, qondarma “erməni soyqırımı” təbliğatının saxta olmasından ətraflı bəhs edib. Türkiyə Böyük Millət Məclisinin üzvləri Şuay Alpay,  Əli Özgündüz də Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı çıxışlar ediblər.




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama