Modern.az

Hökumət hansı deputatların təklifini nəzərə aldı, hansınınkını almadı…

Hökumət hansı deputatların təklifini nəzərə aldı, hansınınkını almadı…

Parlament

7 Dekabr 2011, 09:59


Dünən Milli Məclisidə 2012-ci il üçün büdcə zərfinə daxil olan sənədlər təsdiqləndi. “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci ili büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, eyni zamanda Milli Məclisin və  Hesablama Palatasının xərclər smetası təsdiqlənərkən məlum oldu ki, hökumət bəzi təklifləri nəzərə alıb, bəzilərini yox.

Qeyd edək ki, ötən ayın 23, 24, 25-də Milli Məclisdə büdcə müzakirələri olmuşdu. Deputatlar büdcə sənədlərini müzakirə etmişdilər, təkliflərini səsləndirmişdilər. Bundan sonra səsləndirilən təkliflərin müzakirəsi və nəzərə alınması üçün Milli Məclis Nazirlər Kabinetinə 10 gün vaxt vermişdi.

Deputatların təklifləri ilə bağlı dünənki iclasda maliyyə naziri Samir Şərifov çıxış edib. O, bildirib ki, bir müddət öncəki müzakirlər zamanı deputatlar tərəfindən elm, təhsil, hərbi sahələrlə, qeyri-hökümət təşkilatları, qeyri-neft sektoru, regionların inkişafı, sosial məsələlərin həlli ilə bağlı xeyli təkliflər səsləndiriblər.

Nazirin sözlərinə görə, ümumilikdə büdcə müzakirələrində 74 deputat çıxış edib: “Təkliflərlə bağlı hökümət nümayəndələri müzakirə aparıblar və yekun nəticələrə gəlinib”.

S.Şərifov bildirib ki, bu təkliflər əsasında 2012-ci ildə Milli Məclisin xərclər smetasına 671 min manat əlavə vəsaitin ayrılmasına qərar verilib.

Ehtiyatda olan hərbi qulluqcuların kirayə pulunun digər hərbiçilərlə eyniləşdirilməsinə 1,4 milyon əlavə vəsait ayrılıb.

Bələdiyyələrin büdcəsi 3,5 milyon manat nəzərdə tutulurdusa, 1,5 milyon manat artırılaraq 5 milyon manata çatdırılıb.

Dövlət Neft Şirkətinin nəzdindəki səhiyyə, mədəniyyət və  türizm obyektləri artıq müvafiq dövlət qurumlarına- Mədəniyyət və Turizm Nazirliyinə, Səhiyyə Nazirliyinə, Gənclər və İdman Nazirliyinə verilir.  Həmin obyektlərin fəaliyyətinə 31 milyon manat vəsait ayrılır.

Dağlıq Qarabağın Azərbaycanlı icması üçün 2012-ci ildə 500 min manat vəsait nəzərdə tutulur.

Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasana ayrılan vəsait isə əlavə olaraq 1 milyon manat artırılıb.

Ümumilkdə büdcənin xərclər hissəsi 87,6 milyon manat və ya 0,5% artırılaraq 17,072 milyard manata çatdırılıb. Nəticədə büdcə kəsiri 634 milyon manata çatıb.

Beləliklə, 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 438 milyon manat, xərcləri 17 milyard 072 milyon  manat, büdcə kəsiri 634 milyon manat həcmində proqnozlaşdırılır.

Milli Məclisin sədri Oqtay Əsədov dünənki iclasın sonunda 2012-ci ilin may ayında büdcəyə yenidən baxılacağını və digər təkliflərin o zaman nəzərə alınacağını deyib.

Beləliklə, Samir Şərifovun çıxışına istinad etsək, 74 deputatın təklfindən cəmi yuxarıda sadaladığımız məsələlər nəzərə alınıb.

Modern.az saytı hökumətin büdcə müzakirələri zamanı danışan hansı deputatların təkliflərini nəzərə aldığını dəqiqləşdirməyə çalışıb. 

Məlum olub ki, Milli Məclisin sədr müavini Bahar Muradovanın Qarabağın Azərbaycanlı İcmasına vəsait ayrılması ilə bağlı təklifi nəzərə alınıb. Ancaq millət vəkilinin Füzulinin işğaldan azad edilmiş ərazisində müvafiq icra qurumları üçün inzibati binaların tikilməsi, bu cəhbə bölgəsinə aid digər təkliflərinə Samir Şərifovdan reaksiya gəlməyib. Halbuki, bir müddət öncə ölkə Prezidenti İlham Əliyev də erməni işğalından azad edilmiş Horadizin ən inkişaf etmiş şəhərə çevrilməsi üçün çağırış etmişdi. 

Hökumətin digər nəzərə aldığı məsələ QHT Şurası ilə bağlı olub. Bu Şuranın sədri, deputat Azay Quliyev ölkədə fəaliyyət göstərən QHT-lərin xarici asılılığını azaltmaq üçün bu büdcədən əlavə vəsait istəmişdi. Göründüyü kimi, məsələyə müsbət reaksiya gəlib. 

Deputat Məlahət İbrahimqızının da hərbçilərin kirayə haqqı məsələsi ilə bağlı təklifi hökumət tərəfindən dəstəklənib.

Deputat Arif Rəhimzadənin ölkədə fəaliyyət göstərən bələdiyyələrə əlavə vəsaititn ayrılması ilə bağlı səsləndirdiyi təkliflərə nazir tərəfindən “hə” deyilib.

Deputatlar Musa Quliyev və İlham Məmmədovun Dövlət Neft Şirkətinin nəzdində olan xəstəxanaların və digər obyektlərin müvafiq dövlət qururmlarına verilməsi və onların fəaliyyəti üçün vəsaitlərin ayrılması təklifinə hökumət razılıq verib.

Deputat Qənirə Paşayevanın rayonlarda bankomatların sayının artırılması ilə bağlı təklifi də parlamentdə Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il üçün  büdcəsi ilə bağlı müzakirələr zamanı səslənmişdi. Və dünənki iclasda bu təklifin də nəzərə alındığı məlum oldu.

Ancaq ictimai dəstək qazanan bir sıra təkliflərə hökumtdən müsbət münasibət olmadı. Bunların sırasında Şəhidlər Xiyabanında Soyqırımı muzeyinin tikilməsi (təklif Məlahət İbrahimqızı və Qənirə Paşayevanındır), gənc ailələrin mənzil problemlərinin həlli (iki ildir bu təklif deputat Əli Əhmədov tərəfindən səsləndirilir), tibbi sığorta məsələsi (təklif Hadi Rəcəblinindir), Azərbaycan beynəlxalq İnkişaf Ağentliyinin yaradılması (təklif Əli Hüseyinlinindir) və s kimi zəruri məsələlər də var idi.

Ümid edək ki, gələn ilin mayında keçiriləcək müzakirələrdə hökumət bu kimi təkliflərə də müsbət cavab verəcək.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR