Bu yazını yazdıqca düşünürəm ki, görəsən, dərc etməyə bir qəzet tapa biləcəyəmmi? Azad sözün hər tərəfdən, yəni hər iki siyasi kəsim tərəfindən küncə sıxıldığı bir ölkədə yaşadığımız üçün bu fikirlər gəlir ağlıma. Ancaq yenə də yazıram. Ən azından əlimizin altındakı İnternet resurslarında dərc etmə imkanımız var.
Bir neçə ay öncə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid müalicə üçün Türkiyəyə gedəndə heç ağlımıza gəlmirdi ki, onun bu gedişinin arxasında həm də başqa mətləblər gizlənir. Düşünürdük ki, müalicə alıb geri dönəcək. Bunda isə qeyri-adi heç nə yoxdur.
Lakin belə olmadı. Sonra öyrəndik ki, Qənimət bəy Türkiyədən Fransaya yollanıb. Həm də ailəsi ilə birlikdə. Sən demə ailəsini o zamanadək açıb-ağartmadığı təhdidlər üzündən Azərbaycandan – öz Ana Yurdundan qaçırmalı olub. Və həm də Azərbaycana düşmən münasibətini heç vaxt gizlətməyən, ermənilərin dayaq nöqtələrindən biri olan Fransaya.
Qənimət bəy deyirdi ki, ölümdən qorxmur. Heç öz taleyi üçün də rahatsız olmur. Ancaq gənc və yeniyetmə qızları, xanımı üçün qorxmaya bilmir. Elə ona görə də ailəsini başqa bir ölkədə barındırmalı olub.
Bəlkə də bu məsələnin üzərindən keçmək olardı. Kim bilir, bu yazımı oxuyanlar da deyəcək ki, heç hənanın yeridir? Olan oldu, keçdi getdi. Köhnə palan içi sökməyə nə gərək var?
Gərək var, əziz oxucum, gərək var. Məsələ ondadır ki, Qənimət Zahidin ailəsini təhdid edənlər hər cür kişilik və şərəf hədsizliyini aşaraq onun ailəsinə əl uzadacaqlarını deyirdilər. Tələbləri vardı və şübhə etmirəm ki, həmin tələblər indi də var. Və Qənimət bəy ailəsini bu ölkədən çıxarıb özü geri dönməklə düzgün addım atmışdı. Yəni bununla onu təhdid edən nakişilərə xəbər göndərmiş olmuşdu ki, sizdən qorxan sizin kimi olsun! Mən ölkəmə qayıdıram, bacardığınızı beş qaba çəkin!
İndi də buna bənzər bir olay yaşanmaqdadır. Zorla qapadılmış “Xural” qəzetinin redaktoru Anar Mahmudoğlunun şəxsən özünə, həm də açıq nömrədən zəng edən bir özünübilməz yenə də açıq şəkildə deyir ki, sənin qızının harada oxuduğunu bilirəm və ağlını başına yığmasan uşaqlarının başına pis işlər gələ bilər! Və bu tərbiyəsiz adam daha sonra “Xural”ın daha bir əməkdaşı, həm də Qarabağ qazisi və əlili Nurəddin Xocaya eyni nömrədən zəng edərək eyni təhdidləri ona da çatdırır. Həm də bütün bunlar “sabitliyin hökm sürdüyü”, “qanunların ali olduğu” bir ölkədə baş verir!
Bu ölkənin başında duranlar bununla nə demək istəyir? İndi biriləri qalxıb deyəcək ki, buna prezident neyləsin, hüquq qoruma qurumları neyləsin?
Necə yəni neyləsin? Elə nə edilməlidirsə, onlar etməlidirlər də! Vətəndaşın hüquqlarını qorumalı qurumlar bunu etmirsə, etmək istəmirsə, edə bilmirsə, izn verin şübhələnim ki, bu təhdidlərin arxasında ölkənin ən ali rəhbərliyi dayanır!
Siyasi proseslərdən bir qədər məsafə saxlasam da bu cür şərəfsizliklərə heç cür susa bilmərəm! Hər şeyin bir həddi var! Təhdidin, hətta adam öldürmənin də yolu-üsulu var! Bir siyasi rəqibin qızlarına təhdidlər sovurmaq, hətta bunların arasındakı ibtidai sinif şagirdini təhdid etmək heç bir kişiyə, heç bir insana yaraşmaz!
Qənimət Zahidlə probleminiz var, onu özüylə həll edin. Necə ki, bir dəfə komandanızda olan bir küçə qızını üzünə durdurub onu həbsə atmışdınız. Bu bəs eləmirsə, duelə çağırın, hamının gözü qarşısında güllələyin. Onda düşünərik ki, az da olsa kişiliyə dəxliniz var!
Anar Mahmudoğluyla probleminiz varsa, onu da kişi kimi həll etməyə çalışın! Yoxsa adamın təzə-təzə məktəbə getməyə başlamış qızına, hələ bu azmış kimi heç məktəb yaşı tamam olmamış çocuğuna hədələr yağdırmanızı yazmağa bir yer tapa bilən deyilik!
Bu qədər də olmaz deyirəm! Və bu cür olayları susaraq seyr edənləri də qınayıram! Bu ölkənin insanları belə tərbiyəsizliklərə layiq deyil!
S.A. Bu yazımı dərc etməyə cürəti çatacaq qəzetləri çox görmək istərdim. Əgər hələ də belələri qalıbsa…