Modern.az

Universitetlərdə müəllim-tələbə “qarşıdurmaları”...

Universitetlərdə müəllim-tələbə “qarşıdurmaları”...

15 Dekabr 2009, 15:57

Bakıdakı bəzi ali məktəblərdə tələbələrə məcburi kitab satışı halları hökm sürür. Belə hallar bəzən müəllim-tələbə münasibətlərinin qarşıdurmaya çevrilməsilə də nəticələnir. Tələbələr müəllimlərin və ali məktəb rəhbərliyinin məcburi kitab satmalarını universitetlərdə özləri üçün aktual problemlərdən biri hesab edirlər. Modern.az bu məsələ ilə bağlı müxtəlif tərəflərin fikirlərini öyrənib.

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər fakultəsinin tələbəsi Kəmalə Orucova məcburi kitab satışından narazı olan minlərlə tələbədən biridir: “Müəllimlər öz kitablarını bizə 1-ci kursdan satmağa başlayırlar. Elə kitab olur ki, heç dərslərimizlə əlaqəso yoxdur, amma zorla bizə sırıyırlar. Biz də neyləyək, “zaçot” və imtahanı fikirləşib almağa məcbur oluruq. Bilirik ki, almasaq, imtahanda “ilişdirə” bilərlər”.

BDU-nun Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Günel Məmmədova da deyir ki, müəllimlərin kitabını almayanda qiymətləri kəsilir: “Öz fakültəmizin müəllimləri bu hərəkəti etmirlər. Ancaq universitetin digər fakültəsindən gələn müəllimlər zorla kitabları bizə sırıyırlar. Keçən il ingilis dili müəllimi müəllifi olduğu kitabları birini 5 manatdan bütün qrupa satdı. Bizə də dedi ki, kitabı almayanın qiyməti yoxdur. Bu il də dünya ədəbiyyatı müəllimi onun kitabını almadığımız üçün seminar qiymətlərimizi aşağı yazdı. Onun kitabını qrupda 2 nəfər aldığı üçün yalnız onlar yüksək qiymət aldılar. Çox güman ki, imtahan qiymətlərimiz də aşağı olacaq”.

BDU-nun Tarix fakültəsinin məzunu Emin Salamov əvvəllər də bu problemin olduğunu deyir: “ Mən ali məktəbi 5 il əvvəl bitirmişəm .Bizim oxuduğumuz vaxtda Azerbaycan dilində kitablar az idi. Kitablar əsasən rus dilindəydi.  Tələbələrin də çoxu rus dilini bilmədiyindən, müəllimlərin kitabları əllərində qalırdı. Ancaq bəzən olurdu ki, məcburi satdırırdılar”. Texniki Universitetin Yol hərəkətinin təşkili fakültəsinin 4-cü kurs tələbəsi Abbas Mehdiyev bildirir ki, universitetdə tanışı olanlar kitab almırlar: “Mənim “day-dayım” olduğu üçün almıram. Ancaq qrup yoldaşlarım məcbur olub alırlar. Çünki kitabı almayanda qiyməti kəsirlər”.

Azərbaycan Dillər Universitetinin tələbəsi Könül Mehdiyeva isə onlarda məcburi kitab satışı hallarının olmadığını deyir: “Bizə məcburi satmırlar. Ancaq lazım olanda özümüz alırıq”.

Dillər Universitetinin

türkiyəli tələbəsi Tunahan İnan isə 2-ci kursda bu problemlə üzləşdiyini deyir: “Bəzən müəllimlərin kitablarını almayanda bizi sıxışdırırlar. Ancaq qiymət xətrinə almalı oluruq”.

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsinin tələbəsi Elşən İskəndərov da sözügedən problemlə qarşılaşdığını deyir: “1-ci kursda oxuyanda bizə kitabları məcburi satırdılar. Ancaq yuxarı kursda özümüz almadıq. Müəllimləri qınamaq olmur, zəhmət çəkiblər, amma yazdıqları kitabları bilmirlər kimə satsınlar...”.

İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin 3-cü kurs tələbəsi Anar Bayramov da eyni fikrdədir: “Hətta 1-ci kursda dekanımız Əvəz Bayramov da kitabını bizə məcburən satırdı”.

Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Gülmira Rzayeva: “Bəzi müəllimlər kitabları məcburi satır. Ancaq öz istəyimizlə aldığımız kitablar da olur. Məncə əslində belə olmalıdır. Elə tələbə var ki, imkanı yoxdur. İstəyir kitabı kserks etdirsin, ancaq müəllim ondan kitab tələb edir. Müəllimə dərsə cavab vermək lazımdırsa, biz buna hazırıq. Daha kitab almaq mənim nəyimə gərəkdir?  Müəllimlərimizdən biri kitabını gətirib, deyir ki, bunu kim alsa, “zaçot” və imtahanda həmin tələbəni  nəzərə alacaq”.

Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi Turan Əhmədova isə belə halla qarşılaşmayan azsaylı tələbələrdəndir: “Bizim fakültədə belə hallara az təsadüf edilir. Ancaq digər fakültələrdə müəllimlərin belə hərəkətlər etdiklərini eşitmişəm. Şəxsən mənə heç bir müəllim kitabını sata bilməz. Bəlkə onu almağa heç imkanım yoxdur?”. Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin 3-cü kurs tələbəsi Sahil Quliyev: “Bizim fakültədə məcburi kitab satışı halları geniş yayılıb. 3-cü kursa kimi məcburən 7-8 kitab almışam. Çünki müəllimlər deyirlər ki, kitabı almayana qiymət yoxdur”.

Təfəkkür Universitetinin jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi Anar Orucov bu məsələyə nəzarət edilməsini istəyir: “İmtahanın qorxusundan tələbələrin çoxu məcbur olub müəllimlərin heş nəyə yaramayan kitablarını alırlar. Təhsil Nazirliyinə şikayət edilsə də, problemi araşdırmırlar. Universitet daxilində bununla bağlı xüsusi komissiya yaradılsa, daha məqsədəuyğun olar”.

Neft Akademiyasının 1-ci kurs tələbəsi Orxan Əliyev hələki bu problemlə üzləşmədiyini deyir: “Yəqin ki, yuxarı kurslarda bizə də satacaqlar. Çünki ali məktəblərdə bu adət halını alıb”.

Müəllimlər İnstitutunun qiyabi tələbəsi Müjgan Əliyeva qiyabilərin bu sahədə daha çox sıxışdırıldığını deyir: “Müəllimlər bizə deyir ki, siz qiyabi olduğunuza görə kitab almağa imkanınız var. Müəyyən səbəblərə görə almaq məcburiyyətində qalırıq”.

Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinin tələbəsi Elçin Mehdiyev və Sevil Abbasova bu problemlə tez-tez üzləşdiklərini dedilər: “ABU-nun müəllimləri 1 qəpiklik dəyəri olmayan kitablarını məcburən tələbəyə satırlar. Guya Təhsil Nazirliyi bundan xəbərsizdir? Şikayətimiz həmişə kağız üzərində qalır”. Qərb Universitetinin 3-cü kurs tələbəsi Vahid Ələkbərov deyir ki, onların ali məktəbində də müəllimlərin kitabın alamayana güzəşt edilmir: “2-ci kursda oxuyanda jurnalistika fənninə aid olan kitabı bir nəfərdən başqa he çkəs almamışdı. Buna görə imtahanda tələbələrin əksəriyyətinin qiyməti aşağı düşdü, bəziləri isə kəsildi. Müəllimlər hətta imkanı olmayan tələbədən də kitab almağı tələb edirlər”.

ABU-nun digər tləbəsi Turanə Cavadlı da tələbə yoldaşlarının fikrini təsdiq etdi.

Bakı Slavyan Universitetinin tələbəsi Elmin Seyidov və Azərbaycan Pedaqoji Universitetinin tələbəsi Nuranə Ağayeva da sadalanan hallarla qarşılaşdıqlarını dedilər.

Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin sədri Elnur Məmmədov Modern.az-a bildirib ki, müəllimlərin tələbəyə məcburi kitab satması ilə bağlı şikayətlər daha çox özəl universitetlərdən olur: “Əvvəllər şikayətlər daha çox olurdu. Ancaq indi də demək olar ki, az deyil. Bəzən belə şikayətlər bizə kənardan daxil olurdu. Biz həmin universitetə gedəndə, tələbələr müəyyən səbəblərə görə faktı inkar edirdilər. Daha çox ABU, Təfəkkür Universiteti, Pedaqoji Universitet, İqtisad Universitetindən şikayətlər var. Ümumi götürəndə isə əgər universitetlərdə bir tələbəyə kitab satılırsa, deməli bu, bütün tələbələrin problemidir”. Təhsil Nazirliyinin Ali və orta təhsil şöbəsinin baş məsləhətçisi Ənvər İmanov saytımıza bildirib ki, nazirliyin “qaynar xətti”nə sözügedən məsələ ilə bağlı şikayət daxil olmayıb: “Ötən illəri dəqiq deyə bilmərəm, ancaq bu ilin sentyabrından müəllimlərin tələbəyə məcburi kitab satması ilə bağlı bizə şikayət daxil olmayıb. Əgər belə hal varsa, tələbə “qaynar xət”tə müraciət etsin, biz problemi aradan qaldıraq”. O halda biz də Təhsil Nazirliyinin “qaynar xətt” telefonlarını və internet ünvanınə tələbələrə xatırladırıq, buyurun ora da şikayət edin: telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail: [email protected]

Günay MUSAYEVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı