Modern.az

Bakıda “Hindistanın ən yaxşıları ”na start verildi

Bakıda “Hindistanın ən yaxşıları ”na start verildi

Aktual

7 Mart 2019, 19:00
Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) Hindistanın Bakıdakı Səfirliyinin dəstəyi ilə “Hindistanın ən yaxşıları ” - ən böyük eksklüziv Hindistan məhsulları ticarət sərgisinin açılışına start verilib.
 
 
Modern.az xəbər verir ki, açılış mərasimində çıxış edən PHD Ticarət və Sənaye Palatasının baş katibi Maheş Reddi deyib ki, xarici ölkələrdə təşkil olunan sərgilərdə Hindistan sənayesinin yüksəkkeyfiyyətli məhsullarının, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyalar təqdim olunur. M.Reddi bildirib ki, bu sərgiyə elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr, sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil, geyim, zinət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti qatılıb.
 
 Hindistanın ölkəmizə yeni təyin olunan səfiri Bavitlunq Vanlalvavna   ölkələrimiz arasındakı mövcud əlaqələrin inkişafından və davamlı siyasi dialoqun mövcudluğundan məmnun olduğunu vurğulayıb və deyib ki, son zamanlar Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artımın müşahidə olunmasını təqdirəlayiq bir haldır. Səfir deyib ki, Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. Əlavə edib ki, iki ölkə arasında enerji, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, elm və texnologiya, tekstil və geyim və təhsil kimi bir sıra  sahələrdə artmaqda olan biznes və ticarət əlaqələri var: “2017-ci ildə Hindistanın Azərbaycancana ixracının həcmi 37 milyon dolları keçib, Hindistan və Azərbaycan arasındakı ümumi ikitərəfli ticarətin həcmi 463 milyon dollara çatıb. 
 
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycanla Hindistan arasında mövcud əlaqələrin qədim tarixindən danışaraq deyib ki, hər iki ölkənin çoxşahəli əlaqələri mövcuddur: “Hindistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Azərbaycan və Hindistan arasında ticarət, iqtisadiyyat, elm, texnologiya və digər sahələrdə əlaqələr intensiv inkişaf edir. İki ölkə arasında əməkdaşlıqda daşımalar xüsusi yer tutur. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Hindistan şirkətləri tərəfindən istifadə olunması xüsusi vurğulanmalıdır”.
 
Sərgi martın 7-dən başlayaraq 17 mart tarixinə kimi, saat 11-dən 19.00 kimi Bakı İdman Sarayında (Neftçilər prospekti 26a, Bakı, Azərbaycan) davam edəcək. Sərgiyə giriş sərbəstdir.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı