Modern.az

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? – İradə İsaq, Qızılgül Abdinova, Qan Turalı

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? – İradə İsaq, Qızılgül Abdinova, Qan Turalı

Media

13 Dekabr 2011, 17:56

Modern.az saytının jurnalistlərlə bağlı başladığı “İlk iş yeri və ilk iş günü necə yadda qalıb?” adlı layihəsi bu həfdə də davam edir. Bu dəfə “Kulis.az” saytının baş redaktoru Qan Turalı, ANS TV-nin “Xəbərin izi ilə” verlişinin aparıcısı İradə İsaq və jurnalist Qızılgül Abdinova ilk fəaliyyətlərilə bağlı xatirələrini bizimlə bölüşüblər.

ANS telekanalında yayımlanan “Xəbərin izi ilə” verilişinin aparıcısı İradə İsaq  Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr, magistr pillələrində təhsil alıb. Hazırda isə aspirantura pilləsində təhsil alan İ.İsaq eyni zamanda BDU-də müəllim işləyir.

İradə İsaq ilk fəaliyyətinə 2005-ci ildə Azərbaycan Dövlət televiziyasında başlayıb. Noyabr ayında Azərbaycan televiziyasının keçirdiyi daxili müsabiqən keçən İradə xanım telekanalın “Səhər” Proqramının “Xəbərlər” buraxılışının aparıcısı kimi fəaliyyətə başlayıb. İ.İsaqın sözlərinə görə, o AzTV-nin tarixində yeganə aparıcılardandır ki, hazırlıqsız efirə çıxıb.
“Nitqimi dinlədilər və hazırlığa ehtiyac görmədilər, efirə çıxmağıma qərar verdilər”-deyən İ.İsaq həmin gün çox həyəcan gecirdiyini söyləyir.

“İlk günü xatırlayıram, çox həyancanlı idim. Adətən, insanlar birinci efirdən sonra həyəcanlanmırlar. Amma mən daha sonrakı efirlərdə daha çox həyəcanlanırdım. Halbuki, ilk dəfə efirə çıxanda nisbətən sakit idim, sərbəst şəkildə xəbərləri oxuya bilmişdim”.

Müsahibimizin sözlərinə görə, ilk dəfə işə başalyanda tanınmış telejurnalist Qulu Məhərrəmlinin  ona köməyi çox olub.

Xanım jurnalist deyir ki, gördüyü işin məsuliyyətini dərk etdikcə həyəcanı da artırmış: “Digər televiziyalardan fərqli olaraq AzTV-nin vahiməsi var idi. Adamın üstünə daha çox düşürdülər”.

İradə İsaq deyir qış fəsli ona AzTV-ni xatırladır. “AzTV-yə gedəndə qış vaxtı idi. Mən də səhər tezdən işə getməli idim. Səhərin erkən saatlarında taksi tapmaqda çətinlik çəkirdim. İndi də qış gələndə AzTV-ni xatırlayram”.

İ.İsaqın televiziyada ilk süjeti Azercell şirkətinin 10 illik yubleyi ilə bağlı olub. Bu süjet İctimai Televiziyanın efirində yayımlanıb.

Jurnalist AzTV-də 6 ay aparcı kimi çalışıb. Daha sonra İctimai Televiziyanın “Carçı” praqramında fəaliyətini davam etdirib. Yaradıcılığa meylli olduğnu deyən İ.İsaqın sözlərinə görə, “Xəbərlər”də çalışmaq darıxdırıcıdır və bu iş ona görə deyil. Elə buna görə də müəllif verilişlərində özünü sınamaq qərarına gəlib.
“Jurnalist kimi tanınmağım ANS televiziyasının efirində yayımlanan “Ölümdən 24 saat əvvəl” verilişi ilə oldu. Səxavət Məmmədovla bağlı hazırladığım veriliş mənə şöhrəti gətirdi”.   

Jurnalist Qızılgül Abdinova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. O,  jurnalistika fəaliyyətinə 1998-ci ildə “7 gün” qəzetində başlayıb. Q.Abdinova deyir ki, həmin vaxtadək onun bir sıra yazıları müxtəlif qəzetlərdə dərc olunubmuş.

Xanım jurnalistin yolunun “7 gün”dən necə düşməyinə gəlincə, həmsöhbətimizin sözlərinə görə, bu, təsadüf nəticəsində baş verib.
“İş axtarırdım və öyrəndim ki, orada işçi qəbul edirlər. Ona görə də müraciət etdim”.

Q.Abdinova iki ay “7 gün” qəzetində təcrübədə olduqdan sonra ştata götürülüb.

Mətbuatda ilk yazısının nə ilə bağlı olmağına gəlincə, Q.Abdinova deyir ki, indi bunu xatırlamır. “Hansı yazı ilə səni tərifləyirlərsə, o yazı da yadda qalır. Mənim də yadımda müstəqilliklə bağlı yazdığım yazı qalıb. Bu yazıya görə “7 gün” ün baş redaktoru Emin Eminbəyli mənə təşşəkkür etmişdi”.

İlk dəfə işə başalyanda ona bir qədər ögey münasibət göstərildiyini deyən Q.Abdinova bildirib ki, buna baxmayaraq redaksiya işçiləri onu tez bir zamanda qəbul edib.
“İlk dəfə işə başlayanda məni aralarına qəbul etmək istəmirdilər. “7 gün”ün kollektifi özündənrazı jurnalistlərdən ibarət idi. Düzdür, deyilənə görə mən də özündənrazı, quru insan təsiri baxışlayıram. Amma buna baxmayaraq, qəzetin kollektivi məni tez bir zamanda qəbul etdi. Bu ondan irəli gəlirdi ki, qəzetin rəhbərliyi mənə qiymət vermişdi. Deyirdilər ki, yaxşı yazırsan”.

Q.Abdinova deyir ki, qəzetin redaktoru Məmməd Süleymanovun ona qarşı xoş münasibəti bu günə qədər onun yaddaşına həkk olunub. “Onun üçün təzə və ya köhnə işcinin fərqi yox idi. Məmməd Süleymanov üçün yazının gözəl yazılması önəmli idi”.  

Kulis.az” saytının baş redaktoru Qan Turalı 2005-ci ildə jurnalist fəaliyytinə başlayıb. O, “Ədalət” və “525-ci qəzet”də bir sıra yazılarla çıxış etsə də, ilk rəsmi işə başladığı mətbu orqan “Azadlıq” qəzeti olub. 2006-cı ildə bu qəzetin ştatına daxil olub.   

Mətbuatda çıxan ilk yazısını xatırlamayan həmsöhbətimiz deyir ki, bu sıradan olan məqalələrindən yazıçı, Baş nazirin müavini Elcin Əfəndiyev barədəki material yadında qalıb.

Qan Turalı Elçin Əfəndiyevin dövlət sifarişi əsasında yazdığı “Hökmdarın qızı” filmininin ssenarisini oxuyaraq onun haqqında tənqidlərini yazıb. “Ssenaridə Fətəli şahı paniranist  adlandırırlar. Elçin Əfəndiyevin bu ssenarisində 1820-ci ildəki hadisələr qələmə alınıb. Amma “paniranizim” ifadəsi 1878-ci ildə yaranıb. Mən də bunu tənqid etmişdim. Ssenaridə başqa bir məqam da var:
“Türkməncay müqaviləsi illəridir, biri digərindən soruşur:
- Sən türksən?
- Hə türkəm.
- Sən necə türksən, belə türk olar?!”
Cəlil Məmədquluzadənin 100 il sonra yazdığı məqaləsində soruşlur ki, nə millətisən, deyir müsəlman. Yəni heç yüz il sonra da Azərbaycan əhalisi özünü türk adlandırmayıb. Amma Elcin Əfəndiyev “türk” ifadəsini işlədib”.

Bu məqamları məqalədə qeyd etdiyini deyən Qan Turalının sözlərinə görə, Elçin Əfəndiyev  əsəbləşərək cavab yazıb. Və ssenarinin şərti yazıldığını bildirib.   

Qan Turalı deyir ki, o, adətən yazıları evdə yazır, redaksiyada yazı yaza bilmir.
“Bilmirəm bu mənim üstünlüyümdü, yoxsa çatışmazlığım”-deyən müsahibimizin sözlərinə görə, bu günə qədər bir dəfə redaksiyada yazı yazıb, o da it-bata düşüb. Həmin məqalədə “Azadlıq” qəzetinin yerləşdiyi bunadan çıxarılması ilə bağlı yazıçı Anarın səsləndirdiyi fikirlərə cavab yazılıb. Elə həmin günün axşamı redaksiyanı polislər boşaldıblar. Qan Turalının redaksiyada yazdığı həmin yazı da orada qalıb.

Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi