Başda ANS TV olmaqla bir sıra yazılı və elektron KİV-lərin dünən Xaçmazda atanın iki azyaşlı qızına təcavüz etməsi olayını ölkə ictimaiyyətinə gurultulu xəbər kimi çatdırması cəmiyyətdə birmənalı qarşılanmayıb. ANS-in efirində bu iyrənc əməli törətmiş atanın üzünün açıq-aydın göstərilməsi, hətta onun danışdırılması təcavüzə uğrayan azyaşlı qızcığazların kimliyini onları tanıyan hər kəsə bəlli etdi.
Elə buna görə də TV-də və bəzi digər KİV-lərdə bu xəbərin manşetə çıxarılmasını qınayanlar var.
Bəs KİV rəhbərləri bu barədə nə düşünürlər?
APA-nın baş direktoru Vüsalə Mahirqızının sözlərinə görə, xəbər medianın əlinə çatıbsa, o mütləq yayılmalıdır və xəbərin yayılmaması medianın deyil, mediaya gələn xəbərlə məşğul olan qurumun məsələsidir.
V.Mahirqızı deyir ki, o, xəbərin belə açıq-aşkar verilməsinin əleyhinədir: “Dəfələrlə bu barədə təklif vermişəm ki, həmin xəbərləri yayarkən heç olmasa adları, soyadları və yerləri dəqiq olaraq göstərmək lazım deyil. Bu polisin görəcəyi işdir, çünki hüquq-mühafizə orqanı xəbəri verir”.
V.Mahirqızı deyir ki, medianın xəbər saxlamaq kimi funksiyası yoxdur. Onun sözlərinə görə, media polisin, dövlər sirri ilə bağlı qanunu həyata keçirməli olan insanların, güc strukturlarının yerinə işləmir.
“Bizim də saytlarımızdan biri bu xəbəri verib, adlar göstərilməmişdi, ancaq səhv edib yer adını vermişdilər”.
APA-nın rəhbəri deyir ki, uşaqları belə informasiyalardan qorumaq valideynin işidir.
“Heç kimin evində kompüter, televizor birdən-birə açılmır. Kompüteri açmaq üçün düyməsinə basmaq, televizoru açmaq üçün toka taxmaq lazımdır. Əgər o məlumat azyaşlının yaşına uyğun deyilsə, onu qorumaq valideynin işdir”.
V.Mahirqızının fikrincə, Xaçmaz olayı barədə xəbəri verərək dəhşəti, insanların psixologiyasının necə pozulduğunu göstərmək lazımdır. Onun sözlərinə görə, hətta belə vəhşiliklərin baş vermə səbəbinin ciddi araşdırılmasına ehtiyac var.
Jurnalist Qadlınlar Assosiasiyasının sədri Sevil Yusifova isə düşünür ki, bu xəbərin verilməsi, hətta atanın üzünün TV-də göstərilməsi doğru hal deyil.
“Atanın sifətini göstərmək o uşaqların kim olduğunu bəlli etdi. Eyni zamanda bu xəbərin TV-dəki saat 21.00 buraxılışında yayımı da düz deyildi. Heç kim onun həyat yoldaşını və iki qızını düşünmədi. Təəssüf ki, bu xəbəri yayan jurnalistlər ancaq sensasiya güddülər”.
S.Yusifova bildirib ki, hər kəs özünü zərərşəkmiş qızların yerində görməlidir. Onun sözlərinə görə, bu xəbərin verilməsi eyni zamanda digər ailələrdə olan azyaşlı qızların psixologiyasına təsir edə bilər və onlar öz ailələrində olan kişilərə qarşı qorxu hiss edə bilərlər.
“Bağça uşaqları deyək ki, o sözləri anlamaya bilər, amma məktəbli bir qızın televizora baxdığı zamanda belə bir xəbərin verilməsi həmin qızlarda ailəsində olan kişilərə qarşı bir ikrah hissi, qorxu yarada bilir. Psixoloji zorakılıq əlamətləri özünü göstərə bilər. Ola bilsin başqa bir ata qızının başını sığallayacaq, amma o qız artq bir qorxu keçirəcək”.
S.Yusifovanın sözlərinə görə, bir tərəfdən atanın öz qızına qarşı seksual zorakılıq etməsi, digər tərəfdən isə o xəbərin sensasiya xarekterli məlumat kimi telekanallarda, qəzetlərdə yer alması vətəndaşlarda psixoloji zorakılığa gətirib çıxarır. Bu isə cəmiyyətdə mənfi hallara sirayət edir.
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay bildirib ki, bu məsələyə münasibət birmənalı deyil. Onun sözlərinə görə, bu tip xəbərin verilməməsi problemin həlli deyil.
Belə halların cəmiyyətdə artığını deyən İ.Tuncayın sözlərinə görə, pozğunluqlar o həddə çatıb ki, artıq insanlar öz övladlarına qarşı bu cür münasibət bəsləyir.
Amma belə xəbərlərin gizlədilməsinin də tərəfdarı olmadını bildirən İ.Tuncay deyib ki, burada əsas məsələ məlumatın necə təqdim olunmasıdır.
“Bu şəkildə-hay-küylə təqdim etməyin tərəfdarı deyiləm, ancaq gizlədilməsinin əleyhinəyəm. Məsələn, hadisə ilə bağlı bir psixoloq rəyi öyrənmək olar. Əsas məsələ xəbəri necə təqdim etməyin yolunu tapmaqdır”.
İ.Tuncayın sözlərinə görə, xəbərlərin bu şəkildə verilməsi psixologiyasında problem olan insanlara daha çox təsir edir. Eləcə də bu xəbəri izləyən digər azyazşı qızlara da təsirsiz ötüşmür.
“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova bildirib ki, istər bu cür faktları, istərsə də ailə-məişət məzmununda baş verən kriminal hadisələri ictimailəşdirmək doğru deyil. Onun sözlərinə görə, bu xəbərlərin mətbuatda və telekanallarda verilməsinin qarşısı alınmalıdır. “Düzdü, xəbər olanda veririk. Amma bunun nəticəsini biz fikirləşmirik. Bir xəbər sabah yüz xəbər ola bilər. Təbii ki, hüquq-mühafizə orqanları da bu məsələ ilə bağlı məşğul olmur”.
Sədaqət Süleymanova