“Son illər tibbi təhsildə çox radikal islahatlar gedir. Bilirsiniz ki, əvvəlki tibbi təhsil sistemi bir internatura idi. Biz bu ildən rezidenturaya keçdik. Bu bütünlükdə dünyanın qəbul etdiyi bir sistemdir”. Bunu Modern.az saytına Milli Məclisin deputatı, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, Avropa Şurasına, Avropa Birliyinə daxil olan ölkələrin hamısında, o cümlədən qardaş Türkiyədə rezidentura-diplomdan sonrakı tibb təhsili necədirsə, eyni ilə bizdə də belədir:
“Yəni biz bu sistemi Avropa ilə eyniləşdirmişik. Həm qəbulu, həm təhsilin proqramı, həm təhsilin bütövlükdə sxemi eyni aparılır. Hətta müddədi də uyğunlaşdırmışıq. O ki qaldı diplomaqədərki tibbi təhsilə, burada da hazırda çox ciddi islahatlar gedir. Biz artıq bu islahatlara başlamışıq. Bu islahatlar artıq Boloniya prosesinə keçməklə əlaqədar islahatlar aşağı kurslardan başlayıb. Tibbi təhsildə bir modul sistemi var. İndi bu ən proqressividir. Avropanın bir çox ölkələrində bu modul sistemi yoxdur. Ancaq proqressiv bir sistemdir. Amerikada, Avropanın bir çox inkişaf etmiş ölkələrində başlayıblar. Bu modul sisteminə biz artıq keçirik. O ölkələrin təhsil prorqamları ilə biz öz prorqamlarımızı eyniləşdiririk”.
Rektor bildirib ki, bütövlükdə bu islahatlar ona yönəlib ki, gələcəkdə Avropa, dünya tibbi təhsil sisteminə inteqrasiya edək ki, həkimlərimizin diplomlarının tanınması ilə bağlı problem olmasın: “Ancaq bir şeyi bilməlisiniz. Dünyada elə bir ölkə yoxdur ki, tibbi təhsil alıb, istər diplomaqədərki, istər diplomdan sonrakı dövrdə qayıdıb öz ölkəsinə gələndə o həkimləri qeyri-şərtsiz qəbul etsin ki, get sən əməliyyat et, get sən xəstələri müalicə et. Bunun üçün hökmən bir sınaq, attestasiya olmalıdır. Türkiyədə bunu “Həkimlər odası” həyata keçirir”.
Tibblə əlaqədar belə bir problem yoxdur. Dünən Təhsil Nazirliyinin kollegiya iclasında xaricdə təhsillə əlaqədar məsələ müzakirə olundu və bu son 20-30 ilin fəaliyyətini göstərirlər və orada məlum oldu ki, xarici ölkələrdə təhsil alan istər diplomdan sonra, istər diplomaqədərki təhsilini davam etdirən tələbələrin tam əksəriyyəti tibb təhsili üzrə, bizim universitetin tələbələridir. Yəni faiz hesabı ilə tibb birinci yerdədir.
Ə.Əmiraslanov cəmiyyətimizdəki həkim obrazı barədə də danışıb: “Vallah, yaxşı həkimlərimiz də çoxdur. Ancaq doğurdan da bu gün öz işinin öhdəsindən gələ bilməyən, səviyyəsi nisbətən aşağı olan həkimlərimiz də var. Xöşbəxtlidən, onlar o qədər çox deyil. Get-gedə onların sayı azalır. Bütün bu islahatlar ona yönəlib ki, gələcəkdə belə həkimlərimiz az olsun. Hər halda mənfi fəaliyyət göstərən həkim həkim adına mənfilik gətirir”.
Modern.az