Modern.az

Aqil Camal: “Ermənipərəst media “Eurovision” günlərində Bakıda daha çox problem axtarışında olacaq”

Aqil Camal: “Ermənipərəst media “Eurovision” günlərində Bakıda daha çox problem axtarışında olacaq”

16 Dekabr 2011, 12:15

“Eurovision-2012” yarışması paytaxtımız Bakı şəhərində keçiriləcək. Demək, paytaxtımız  2012-ci ilin mayınad’k  – növbəti yarışmanın keçirilib başa çatmasına qədər “Eurovision” paytaxtı olacaq. Bakı şəhərinin sakinləri isə bir il ərzində “Evrovision” paytaxtının sakinləri hesab olunacaq. Bəs Bakının ictimai mühiti bu böyük musiqi təntənəsinə hazırdırmı?

“Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Eurovision” paytaxtının sakini” devizi altında maarifləndirmə layihəsi həyata keçirir. Yuxarıdakı sualla “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camalla birlikdə cavab tapmağa çalışdıq.  

-  Hazırda paytaxtda böyük yenidənqurma və bərpa işləri gedir. Sizcə, bu “Eurovision” günlərinin layiqincə keçirilməsi üçün yetərli olacaqmı?

- Nüfuzlu “Eurovision” musiqi müsabiqəsinin paytaxtımızda keçirilməsinin Azərbaycan üçün ictimai, siyasi, mədəni cəhətdən böyük əhəmiyyəti var.  Qeyd etdiyiniz kimi, hazırda  “Eurovision-2012”-nin yüksək səviyyədə keçirilməsi üçün kompleks işlər aparılır. Bütün bunlar “Eurovision” yarışmasını izləmək üçün ölkəmizə gələcək minlərlə turistin, o cümlədən  dünya mediası təmsilçilərinin təsəvvüründə Azərbaycan paytaxtı, özünün tarixi və müasir gözəlliyini, möhtəşəmliyi əks etdirəcək. Bununla belə, Bakı şəhərinin ictimai həyatında bəzən mənfi xüsusiyyətlər də özünü göstəririr ki, bu da hazırda “Eurovision” paytaxtı sayılan bir şəhər üçün  arzuolunmaz  hal sayılmalıdır.

Bizi narahat edən məsələ görülən işlərə xələl gətirə biləcək ictimai davranış qaydaları ilə bağlıdır. İlk növbədə paytaxt sakinləri tərəfindən küçə və parkların zibilləndirilməsi, siqaret kötüklərinin, məişət tullantılarının yerə atılması, divarlara elan və bildirişlərin yapıdırılması, müxtəlif sayt ünvanlarının yazılıması, sərnişin nəqliyyatı idarəedicilərinin onlar üçün qoyulan geyim və təmizlik, həmçinin sərnişinlərlə davranış qaydalarına əməl etməmələri, küçələrdə çoxsaylı dilənçilərin olması Bakı üçün mənfi çalarlar təşkil edir. Nəzərə alınmalıdır ki, bu vəziyyətin qarşıda gözlənilən “Eurovision” günlərində də özünü göstərməsi, Bakıya gələcək minlərlə turistin, o cümlədən dünya media təmsilçilərinin paytaxtımızla bağlı təsəvvürlərində mənfi izlər buraxa bilər.

- Bakı şəhərinin ictimai mühiti – istər şəhərin təmizliyi, istərsə sakinlərin davranış qaydaları qonaqlarda hansı təəssüratı yaradacaq? Jurnalistlər geri dönərkən nə yazacaqlar?

- Xüsusən, Azərbaycanın bu böyük uğurunu həzm edən bilməyən Ermənistan və ona bağlı dairələr müsabiqənin gedişi zamanı Azərbaycan paytaxtı ilə bağlı daha çox mənfi məqamların işıqlandırılmasına çalışacaqlar. Yuxarıda sadaladığımız mənfi tendensiyalar isə Azərbaycan paytaxtını mənfi planda dünyaya təqdim etmək istəyənlər üçün münbit obyektdir.  Azərbaycanın uğuruna kölgə salmaq istəyəcək ermənipərəst dairələrin bu bəhanələrini əllərindən almaq üçün bu problemə diqqət yetirmək zəruridir.   

- Həyata keçirdiyiniz layihənin məqsədi nədir?

- Dekabrın sonunadək davam edəcək layihənin əsas məqsədi Bakı sakinlərinin paytaxtımızda gözlənilən böyük hadisəyə - “Evrovision” günlərinə hazırlanmasına töhfə verməkdir. Bu layihədə nəzərdə tutulan işlərlə paytaxt əhalisi arasında “Eurovision” paytaxtının sakininə yaraşan şəkildə yüksək mədəni davranış və təmizlik qaydalarına əməl olunması xüsusiyyətləri aşılanır. Layihə çərçivəsində problemlə bağlı publisistik və araşdırma yazıları, mütəxəsislərlə müsahibələr hazırlanır . “Eurovision” müsabiqəsinin keçiriləcəyi Bakı şəhərində əhalinin gündəlik ictimai həyatda təmizliyə və mədəni davranış qaydalarına  riayət etməsinin hazırkı vəziyyəti  publisistik yazılarda, köşə yazılarında, araşdırmalarda təhlil olunur.  Bu materiallarda Bakı şəhərinin mənəvi mühitinin, onun  maddi simasına adekvat olması üçün maarifləndirici tezislər irəli sürülür, təbliğedici çağırışlar edilir.  Paytaxt əhalisinə paylanması üçün hazırladığımız bukletdə “Euvrovision” paytaxtının sakini necə olmalıdır” sualı qoyulub, ictimai həyatda təmizliyə və mədəni davranışa riayət olunması kimi çağırışlar edilir. Ümid edirik ki, layihə çərçivəsində hazırlanan məqalələr və müsahibələr, bukletlər geniş oxucu kütləsinin diqqətinə çatdırılacaq. Bu materiallarda qoyulmuş tezislər cəmiyyətdə təhlil ediləcək. Sonda isə layihənin icrasının yekunları ilə bağlı təqdimat mərasimi keçirilərək mövzu ictimai müzakirəyə çıxarılacaq. Bu müzakirələr nəticəsində “Eurovision-2012”-yə ictimai dəstək kampaniyasına başlamağı da planlaşdırırıq. Və QHT-lərə Dövlət Dəstəyi Şurasının bu kampaniyanı da dəstəkləyəcəyinə ümid edirik.

- Sizcə, bu tədbirləri görməklə paytaxtımızın ictimai mühitində özünü göstərən mənfi tendensiyaları nə dərəcədə aradan qaldırmaq mümükün olacaq?

- Sözsüz, biz o iddiada deyilik ki, bir layihə ilə Bakı şəhərində bəzi hallarda şəhərin ümumi mənzərəsinə xələl gətirən hallar aradan qaldırılacaq. Biz  bir təşəbbüs göstəririk. Və ümid edirik ki, layihə çərçivəsində yayınlanmış məqalələr və müsahibələr, həmçinin paylanan bukletlər nəticəsində Bakı şəhəri sakinlərinin müəyyən qismi “Eurovision” paytaxtının sakini olmaq qürurunu yaşamaqla yanaşı, onun doğurduğu məsuliyyəti də dərk edəcək. Eyni zamanda, öz ətraflarında olan sakinləri də buna sövq edəcəklər.  Bundan əlavə, paytaxtın təmizlik və abadlıq işlərinə məhsul olan dövlət qurumları layihə ilə bağlı görülən işlərdən media vasitəsilə tanış olacaq, problemlərin konkret ünvanını görərək onların aradan qaldırılmasına çalışacaqlar. Bütün bunlar isə paytaxtımızın qarşıdakı “Eurovision” günlərinə hazırlanmasına önəmli töhfə olacaq. 

G.Habilqızı     

Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Eurovision” paytaxtının sakini” devizi altında maarifləndirmə layihəsi çərçivəsində dərc olunur.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal