Modern.az

Məlahət İbrahimqızı: “Azərbaycan Fransaya kəskin etirazını bildirməlidir”

Məlahət İbrahimqızı: “Azərbaycan Fransaya kəskin etirazını bildirməlidir”

Parlament

17 Dekabr 2011, 12:08

“Fransa ermənilərin düşmənçilik mövqeyinə hüquqi status verməklə, Qarabağ probleminin uzun illər  həll edilməməsinə səbəb ola bilər”.

Son  günlər beynəlxalq mətbuatın diqqətində olan əsas məsələlərdən biri Fransa parlamentində uydurma erməni soyqırımı ilə bağlı məsələnin yenidən müzakirə edilməsidir. Buna etiraz olaraq Türkiyənin baş naziri Ərdoğan Fransa prezidenti Sarkoziyə məktub yazıb və bundan dolayı yaranacaq problemlərin baiskarının onlar olacağını vurğulayıb.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı da məsələyə münasibət açıqlayıb.

Deputat qeyd edib ki, erməni soyqırımını inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsini Fransa parlamentinin aşağı palatasının yenidən müzakirəyə çıxarmaq niyyəti Fransanın yalnız Türkiyə dövlətinə, hökumətinə və millətinə deyil, bütövlükdə türk dünyasına və xüsusilə də Azərbaycana qarşı yönəlmiş bir addımdır: “Bu gün Fransa 20 ildən artıq bir müddətdə erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi, məsələnin nizama salınması və həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri olmaqla səlahiyyətli, yəni mandat verilmiş  bir dövlətdir. Bu qanun layihəsinin müzakirəyə çıxarılması dolayı yolla həm də Qarabağ münaqişəsinin nizamlanmasını əngəlləmək və dünya ictimaiyyətinin diqqətini Qarabağ problemindən yayındıraraq, erməni yalanına hüquqi don geyindirməkdir. Əslində bu həm də bele bir yalanı qanuniləşdirməyə cəhd etməklə Fransa parlamentinin öz hüquq sisteminə və qanunvericilik hakimiyyətinə hörmətsizlikləridir. Yəni Fransa parlamenti erməni yalanlarını qanuniləşdirir”.

M.İbrahimqızı bildirib ki, Fransa parlamentində müzakirəyə çıxarılacaq bu məsələnin Fransa rəsmiləri tərəfindən dəstəklənməsinin əsas səbəblərindən biri də, 20 il öncə baş verən Qarabağ problemini həll etmək, buna münasibət bildirmək əvəzinə, tarixin toz basmış səhifələrini mənasız yerə qabartmaq, beynəlxalq diqqəti başqa səmtə yönəltməkdir: “Bu gün Avropa Birliyi ölkələrinin bəzilərinin çox ağır iqtisadi böhranla üzləşdiyi bir zamanda Fransa parlamenti və hökumətində qondarma soyqırıma dəstək verilməsi Fransanın Avropa üçün yeni və ciddi problem yaratması deməkdir. Avropanın altıncı iqtisadi gücü sayılan, NATO-nun ən etibarlı və dördüncü üzv ölkəsi olan Türkiyəni erməni yalanları ilə incitmək və dövlətlərarası münasibətlərə kölgə salmaq çox qınanılası və təəssüf doğuran məsələdir.

Bu məsələ ilə bağlı Türkiyə ictimaiyyəti və dövləti, xüsusən baş nazir Ərdoğan tərəfindən kəskin mövqe ortaya qoyulub. Azərbaycan Parlamenti və Azərbaycan rəsmiləri də bu qanun layihəsinin müzakirəsi ilə bağlı öz kəskin mövqelərini bildirməlidirlər. Bununla bağlı həm rəsmi şəkildə, həm də vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən Fransa Parlamentinə etiraz məktubları ünvanlanmalıdır. Çünki Türkiyə və Azərbaycanı təkcə “Bir millət, iki dövlət” fəlsəfəsi deyil, həm də ən yüksək səviyyəli strateji əməkdaşlıq bir-birinə bağlayır.

Bu qanun layihəsi Fransa ilə Türkiyə arasında olan beynəlxalq səviyyəli hərtərəfli əməkdaşlığa ciddi zərbə vura bilər. Bu, həm də ermənilərin açıq düşmənçilik mövqeyinə hüquqi status verməklə, həllini gözləyən Qarabağ probleminin bundan sonra da daha  uzun illər  boyu həll edilmədən qalacağına səbəb ola bilər”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR