Modern.az-ın məlumatına görə, bu gün “Turan” İnformasiya Agentliyinin əməkdaşı, tanınmış fotoreportyor Elxan Kərimovun vəfatının 1 ili tamam olur. E.Kərimov 2010-cu il dekabrın 19-da öz evində qəfildən ürəktutmasından vəfat edib.
Ölümünə yaxın müddətdə ürəyindən şikayətçi olan mərhum ürək şuntlanması əməliyyatına hazırlaşırmış.
E.Kərimov Azərbaycanın müasir tarixinin bir çox hadisəsinin canlı şahidi olub və onları çəkdiyi şəkillərdə əks etdirə bilib.
Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olub. 1957-1967–ci illərdə 208 saylı orta məktəbdə təhsil alıb. 1968-ci ildə əmək fəaliyyətinə başlayıb. Əvvəl Bülbülə kəndində yerləşən “Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri” idarəsində işləyib.
1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan “Gənc müəllim” qəzetində fotomüxbir kimi işə başlayıb. 1973-1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini bitirib.
1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan “Azərbaycan müəllimi”, “Bakı”, “Baku” və s qəzetlərdə çap olunub. 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib.
1997-ci ildə Türk beynəlxalq iş adamları “Dialoq” aylıq jurnalında fotomüxbir vəzifəsində çalışıb. Daha sonra öz fəaliyyətini “Tüsiab” jurnalında davam etdirib.
1998-ci ildə “Azadlıq” qəzetində baş fotomüxbir vəzifəsində işləyib. Sonradan “Turan İnformasiya Agentliyi”nə keçib. Ölüm gününədək bu agentlikdə baş fotomüxbir vəzifəsində çalışırdı.
Elxan Kərimov bir çox sertifikat və diplomlara layiq görülüb. 2004-cü il mayın 28-də “Aзeрбaйджaнcкиe Извecmия” tərəfindən foto sahəsində gördüyü işlərlə əlaqədar sertifikata layiq görülüb. 2006-cı ildə 21 iyulunda “Fotoillürtrasiya” nominasiya üzrə “Media açarı” mükafatı alıb. 2009-cu ildə Elxan Kərimovun 60 illik yubleyi çərçivəsində Media Mərkəzində foto sərgisi keçirilib.
21 iyul 2009-cu ildə "Zərdabi" mükafatına layiq görülüb. E.Kərimovun çəkdiyi fotoşəkillər respublikada çıxan qəzet və jurnallarda yayımlanıb.
Modern.az