Modern.az

Aşınmaya məruz qalan ailə dəyərlərimiz

Aşınmaya məruz qalan ailə dəyərlərimiz

19 Dekabr 2011, 11:54

Qədim keçmişə malik Azərbaycan xalqının tarixi qədər qədim dəyərləri də var.  Bu dəyərlərə hər zaman sadiq xalqımız onları müqəddəs bilib və qorumağa çalışıb. Bu gün bizim vətənə, torpağa, ailəyə, böyüklərə, valideynlərimizə olan sevgimiz məhz buradan qaynaqlanır.

Ailə - bu bir söz özündə çox böyük məfhumu birləşdirir. Mənəvi-emossional hisslər əsasında birləşmiş insanların ümumi maraqlarını ifadə edən bu institut, eyni zamanda, sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir. Ailənin gücü və cazibəsi, mahiyyəti onun sosial birlik, kiçik sosial qrup və sosial institut kimi xarakterizə edilməsi ilə bağlıdır. Ailə cəmiyyətimizin gələcək fərdinin formalaşdığı mühitdir. Bu mühit nə qədər sağlam və möhkəm olarsa, cəmiyyətimiz bir o qədər yenilməz olar.

Ailə insan şəxsiyyətini mədəniyyətə qovuşduran, uşağa insan davranışının normalarını, qaydalarını mənimsədən, sosiallaşmasını təmin edən ilk məktəbdir.

Sağlam cəmiyyətdə ilk növbədə bütün bəşəri xüsusiyyətləri, dəyərləri mədəni və estetik kriteriyaları özündə cəmləşdirən sağlam ailə modeli olmalıdır.

Ancaq ailə dəyərlərimiz, ailə institutumuz artıq əvvəlki kimi möhkəm və sağlam deyil. Tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayan və xalqımızın gələcək varislərinə bəxş etdiyi ailə institutu tədricən aşınmaqdadır.

Bunu Statistika Komitəsinin illik hesabatlarında da görə bilərik. Məsələn, 2010-cu ilin statistik nəticələrinə görə, Azərbaycanda 79 172 nəfər (hər 1000 nəfərə 8.9 faiz) evlənibdisə, 9061 nəfər də boşanıb (hər 1000 nəfərə 1 faiz). Statistikaya görə, 2000-2010-cu illərdə evlənənlərin sayı artsa da, boşananların da sayı yüksəlib.

Bu statistik rəqəmlər artıq həyacan təbili çalmağa vadar edir.

Qloballaşma, həmçinin inteqrasiya proseslərinin geniş, həm də sürətlə vüsət aldığı bir zamanda dəyərlərin dəyişməsi, formadan formaya keçməsi məsələsi getdikcə aktuallığını artırır. İndi Azərbaycanda da bu problem hiss olunmaqdadır. Sosioloqlar yeni formalaşan dəyərlər sistemi haqqında olduqca təzadlı fikirdədirlər. Kiminə görə yeniləşmək, müasirləşmək, kiminə görə də mühafizəkar olmaq ən yaxşısıdır.

“Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı hesab edir ki, sağlam ailənin müasirləşməsi, yeniliyə meylli olması heç də onun möhkəm olmaması ilə əlaqələndirilməməlidir. Sağlam təməli olan ailə hər zərbəyə davam gətirməlidir. Onun sözlərinə görə sağlam ailəsi olan cəmiyyətin təməli də möhkəm olur, çünki toplumun təməlini məhz iki insanın birlikdə qurduğu ailə qoyur. Hər xırda mübahisə, kiçik problemdə ailə silkələnirsə o sağlam deyil və toplum üçün təmələ qoyulmuş “bomba” effektini verir.

Azərbaycanda ailə ilə bağlı vəziyyət hər gün bir az daha dəyişir. Müxtəlif mədəniyyətlərin təsirləri nəticəsində fərqli düşüncə və yaşam tərzi formalaşmaqdadır. Bir qisim insan Avropa dəyərlərini əsas götürür, özünü Avropada zənn edərək bizə xarakterik olmayan davranışlar sərgiləyir.

Digər qisim dini ənənələrə uyğun sərt yaşam tərzini müdafiə edir, çadralanmaqdan, saqqal buraxmaqdan ağız dolusu danışır. Başqa bir qisim insan isə öz milli-tarixi dəyərlərimizin qorunub saxlanmasında var gücü ilə çalışır və başqalarının əvəzinə də o, işlədiyindən üzərinə çox yük düşür.

İnkar etmək olmaz ki, hər mədəniyyətin yaxşı adətləri, örnək alınmalı davranışları var. Ona görə də hər bir mədəniyyətdən yaxşı dəyərləri götürmək lazımdır. Lakin bu, heç də öz milli dəyərlərimizin itirilməsi prosesi ilə paralel olmamalıdır. Çünki dünyadan alacağımız dəyərlər kimi, dünyaya verəcək örnəklərimiz də az deyil. İnteqrasiya prosesləri fonunda, o cümlədən qloballaşmanın təsiri altında əriyib getməməliyik.

Məhz buna görə də ekspert Azərbaycanda inkişaf etmək, müasirləşmək fikrinin daha çox təqlid etmək kimi anlaşıldığını bildirib: “Əgər bir toplum müasirləşmək istəyirsə, mütləq hansısa cəmiyyətin yaşamını təqlid edir. Götürək elə Türkiyəni, səhərdən axşamadək efirlərində, qəzet və saytlarında “Avropalı türk” olmağın gözəlliyini təbliğ edirlər. Hətta onlarda “Avropalı türklərin qəzeti” adlı şüarla tanıdılan bir qəzet də var. Belə sözlər və davranışlar primitiv və gülünc bir abu-hava yaradır”.

Hazırda cəmiyyətimizdə belə təqlid həvəskarları az deyil. Bununla belə Lalə Mehralı əksəriyyətin özü olmağı sevdiyini, yad dəyərlərin çoxumuzu o qədər də cəlb etmədiyini vurğulayıb.

Əvvəlki illərdə ailənin möhkəm olmasını bir çoxları mentalitetlə bağlayır. Ailədə nə hadisə baş verirsə bu ört-basdır edilir, “el nə deyər” deyə fikirləşilib bir çox məsələlərin üzərindən keçilir. Bu işi daha çox qadınlarımız görürdü. Azərbaycanda ailə ənənəsi məhz bu prinsiplər üzərinə qurulurdu. Qadınlar uşaqların tərbiyəsi ilə məşğul olub, onların gələcəyin sağlam cəmiyyətinin üzvi olmasına hazırlayıb, eyni zamanda evin digər işləri ilə məşğul olur, problemləri anlayışla qarşılayır və hətta iş xanımı belə olurdular.

Xalqımızın gözəl bir məsəli var: “Yuvanı dişi quş qurar”. Başqa bir məsəl də var ki, “kişilər geniş düşünür, qadınlar dərin”. Kişinin fikir vermədiyi, üzərində dayanmadığı hər xırdalığı qadın düşünür. Ailəsinə dəyər verən hər bir qadın o ailəni bir arada saxlamaq üçün bütün əziyyətə qatlanır. Uşağın tərbiyəsi daha çox anadan asılı olur. Öz kökünə, milli dəyərlərinə bağlı olan ana bildiklərini, özünə öyrədilənləri də övladına öyrədəcək.

Amma bu gün biz bu qədər işləri eyni zamanda etməyi bacaran qadın tapa bilirikmi? Bəlkə də budur problemin kökündə dayanan?

Əksər ailələrdə çoxlarının dırnaqarası baxdığı mentalitet məsələsi yox olsa da, indi buna müasirləşmək adı verirlər. Qadının ailədən, həyat yoldaşından, uşaqlarından daha çox gəzmək, alış-veriş etmək, rəfiqələri ilə gün keçirmək istəyi artır. Uşağını dayəyə etibar edir, həyat yoldaşının yeməyini aşbaz bişirir, yaxud da restorandan, ketrinqdən sifariş edir  və bunu müasirlik sayır.

Ən bəsit bir misal. Yenilikçi, müasirləşməyə çalışan ana ailədə Yeni ili daha təmtəraqli keçirəcək, süfrəni müasir üsullarla bəzəyəcək. Milli bayramımız olan Novruzu isə ötəri qeyd edəcək, süfrədə səməni olmayacaq, uşaqlara yumurta boyamayacaq. Tək bu məsəllə ananın düşüncəsinin ailədə nə qədər böyük önəmə malik olduğunu görmək olar

Birliyin sədri də düşünür ki, cəmiyyətimiz mentalitet dediyimiz dəyərdən çəkinməsə, ərtaf mühitin qınağından qorxmasa daha çox dəyişmək istəyər.  “Çünki bizdə hansısa davranışı sərgiləməzdən öncə “camaat nə deyər?” qorxusu, şübhəsi yaranır. İndi bizdə də Avropa yaşamını örnək götürürlər. Onların çoxu bilmir ki, indi Avropada alimlər, sosioloqlar şərq mədəniyyətini araşdırırlar, ailə institutu barədə maraqlanırlar. Mən demirəm ki, Avropada əxlaq normaları yoxdur, xeyr, onların da spesifik adətləri var. Amma bu bizim coğrafiyanın, bizim insanların ruhuna yaddır”.

Problemdən çıxış yolunu sosioloq artıq məhv olma dərəcəsində olan ailə institutunun yenilənməsində görür.

Dərsliklərdə milli dəyərlər barədə daha çox anladılmalı, məktəblilər bu barədə daha erkən yaşlarda öyrənməlidir. Necə ki, erməni bələkdəki uşağına “Azərbaycan bizim vətənimizdir, azərbaycanlılar isə vətənimizi əlimizdən alan düşmənlər” deyə təlqin edir.

Hər məktəbli gələcəyin bir atası və bir anasıdır. Milli ailə ənənəsini qorumaq üçün öncə uşaqlar milli ab-havada yetişdirilməlidir. Qızlara ailənin müqəddəsliyi, oğlanlara möhkəmliyinin sirləri öyrədilməlidir. Televiziyalar bu barədə proqramlar hazırlamalı, jurnalistlərimiz boş-boş yazılar əvəzinə bu haqda maarifləndirici işlər görməlidirlər. Sosioloqlar Avropanı örnək gətiməkdən əl çəkməli, milli dəyərlər barədə cəmiyyətə yararlı olmalıdırlar.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də əhali arasında bu istiqamətdə aparılan maarifləndirmə işləri gücləndilirilir. Komitənin Ailə problemləri şöbəsinin müdir müavini Cəmilə Bağırova bildirib ki, onlar tərəfindən mütəmadi olaraq valideynlərlə uşaqlara milli-mənəvi dəyərlərin qorunub saxlanması və ailə mədəniyyəti, nəsillər arası münasibətlərin qorunması mövzusunda, eyni zamanda valideyn uşaq münasibətləri, ailədə yaranan problemlər və onların həlli yolları, müəllim və valideyn arasında qarşılıqlı əlaqənin qorunması istiqamətində müzahirələr keçirilir.

“Belə tədbirlərdə biz eyni zamanda uşaq valideyn münasibətləri, qan qohumluğu, yaşlılara hörmət və s. mövuzalarla bağlı bukletlər, çap materialları paylayırıq”.

Görülən tədbirlərə misal olaraq Cəmilə Bağırova 60-65 il ömür sürmüş insanların ailə bağlılığını gənclərə təlqin etdiklərini, onların toy mərasimlərini keçirdiklərini vurğulayıb. Bundan əlavə, hər il Azərbaycan ailəsi kinofestivalı keçirilir. “İl ərzində komitəyə təqdim edilən filmlər məktəblərdə, təlim-tərbiyə ocaqlarında, kanallarda nümayiş etdirilir, ailə bayramı mütəmadi olaraq təşkil olunur

Komitə rəsmisi hesab edir ki, ailə irsinin qorunub saxlanmasında hər iki valideyinin üzərinə yük düşür. Həm ata, həm ana bu prosesdə aktivlik nümayiş etdirməli və münasibətlər birtərəfli olmamalıdır.

Cəmilə Bağırova hazırda qurulan ailələrin uğursuzluğunu, boşanmaların artmasının müxtəlif səbəblərdən olduğunu deyir. Onun fikrincə, ailədə uşaqların olmaması, narkomaniya, alkoqalizm, xasiyyətlərin uyğun gəlməməsi və s. elə bunun başlıca səbəbləridir.

Bir sıra mütəxəssislər isə ailələrin möhkəmliyinin itməsinə səbəb kimi Qərb mədəniyyətini və texnologiyanın inkişafını misal göstərirlər.

Amma “Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı bunu konkret Qərbin boynuna yıxmaq istəmir. O hesab edir ki, əgər kiçik bir problemə görə belə ailə məhkəmənin qapısını döyürsə buna Qərb neyləsin?

“Qərbdə də kifayət qədər mühafizəkar, əxlaqlı ailələr var. Bu bilirsiniz nəyə bənzəyir? Tutaq ki, hansısa bir yüngül əxlaqlı rus qızı küçədə alkoqol qəbul edib və bunu görüblər. O andan etibarən bütün rus qadınları sərxoş, yüngül əxlaqlı, ailə qədri bilməyən bir obrazda cəmləşdirilir”.

Sosioloq deyir ki, indi bir çoxlarının bəyənmədiyi sovet dövründə boşanmaların sayı demək olar ki, sıfır faiz idi. “Mən uşaq və məktəbli ikən heç ətrafımda belə hadisələrlə rastlaşmırdım. Amma indi hər həftə bir boşanma hadisəsi eşidirəm. Bizim ölkədə boşanmaların sayı nəinki günbəgün, hətta saatbasaat artır. Səbəbi də məlumdur: ailədə qadın və kişi öz yerlərini bilmir”.

İnsanlar Avropanı örnək götürərək əxlaqi dəyərləri arxa plana keçirirlər. Məqsədim Avropanı tənqid etmək deyil, sadəcə onların normal hesab etdiyi bir şey bizdə qeyri-normal hesab edilir, onlara sıradan gələn bir hərəkət bizdə bir ailəni dağıtmağa belə yetir.  Təsəvvür edin ki, bizim bütün dünyada adla deyilən, həsəd aparılan ailə dəyərlərimiz, yüksək səviyyəli ailə institutumuz vardı. Təəssüf ki, toplum olaraq bu dəyərləri yaxşı qiymətləndirə bilmirik və ailəni zamanın hökmünə buraxırıq.


Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər