Bu gün “Eurovision-2012” mahnı yarışması üçün Milli Seçim turunun 4-cü həftəsi başlayır . Milli seçim turlarının 4-cü həftəsində Azərbaycanı 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti 9 nəfər 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq.
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən verilən məlumata görə, bu gündən etibarən Orxan Nəsibov, Emin Həsən, “Empathy” qrupu, Renat Aslanov, Nigar Babayeva, Nadejda Mikayılova, Fəqan Səfərov, Kamran Əzizov və Rəna İmaməliyeva milli finala çıxmaq uğrunda yarışacaqlar.
Qeyd edək ki, seçim turlarında iştirak edən 72 iddiaçı ümumilikdə hər birində 9 nəfər olmaqla 8 qrupda yarışır. Hər həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi “Eurovision ”Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.
Həftənin qalibi, milli seçim turunun 4-cü yarımfinalçısı cümə günü müəyyən ediləcək.
Modern.az