Modern.az

Misir Mərdanov: “Hətta ona pantürkist damğası da vurmuşdular...”

Misir Mərdanov: “Hətta ona pantürkist damğası da vurmuşdular...”

Təhsil

19 Dekabr 2011, 15:09

Dekabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas Mirzə İbrahimovun 100 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilib.
Təhsil naziri Misir Mərdanov bildirib ki, xalq yazıçısı, dəyərli əsərlərin müəllifi Mirzə İbrahimovun 100 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında silsilə tədbirlərdən biridir. Müasir gənclərin bir çoxunun Mirzə İbrahimovun həyat və yaradıcılığı haqqında məlumatı olmadığını deyən təhsil naziri onun fəaliyyəti haqqında məlumat verib. Bütün həyatı boyu Mirzə İbrahimovun bütövlükdə Azərbaycan dilinin saflığı uğrunda mübarizə apardığını diqqətə çatdıran M. Mərdanov hətta ona pantürkist damğası vurulduğunu da sözlərinə əlavə edib. Gözəl romanlar, pyeslər, publisistik əsərlər yazması ilə yanaşı, M. İbrahimovun fəal ictimai xadim olduğunu deyib: “Onun 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasını təsis edən 15 nəfərin içərisində olması Mirzə İbrahimovun çoxşaxəli xüsusiyyətindən xəbər verir. Bundan əlavə, Mirzə İbrahimov Cənubi Azərbaycan məsələsini də ədəbiyyatda qabardan və Cənubi Azərbaycan terminini ilk dəfə ədəbiyyata gətirən şəxsdir. Həyatı boyu Şimali və Cənubi Azərbaycanı birləşdirmək uğrunda da mübarizə aparıb”. Azərbaycan SSR Ali Sovetinin sədri olarkən Azərbaycan dilini rəsmi dövlət dili kimi qəbul etdirməyə nail olan M.İbrahimovun çoxsaylı tənqidlərə tuş gəlsə də, heç zaman sınmadığını deyən M.Mərdanov onun yüksək vəzifələrdə çalışaraq nüfuz sahibi olduğunu vurğulayıb.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva yazıçının ədəbi-bədii yaradıcılığı haqqında məlumat verib.
Sonra yubiley mərasiminin iştirakçıları yazıçıya həsr olunmuş foto-slayda tamaşa ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Mirzə İbrahimovla xeyli ünsiyyətdə olduğunu deyib. Mirzə İbrahimov publisistikasının bədii əsərlərinə bərabər olduğunu söyləyən Anar Mirzə İbrahimovla bağlı xatirələrini bölüşüb.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Mirzə İbrahimov kimi insanların yubileylərinin dövlət tərəfindən keçirilməsini dəyərli hal kimi xarakterizə edib.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, hər bir xalqın taleyində elə şəxslər var ki, onlar olmasa, xalq səhv yolla gedər. M. İbrahimov da belə şəxslərdəndir: “Bir insan, dəyərli ziyalı öz milləti üçün nə edə bilərdisə, Mirzə İbrahimov onu edib”.

M. İbrahimovun bütün yaradıcılığının möhtəşəm olduğunu söyləyən S. Rüstəmxanlı həmçinin yazıçının qayğıkeş, hamıya kömək edən bir insan kimi də xatırladığını sözlərinə əlavə edib.

Yazıçının qızı, xalq artisti, bəstəkar Sevda İbrahimova atasının xatirəsini əziz tutan bütün şəxslərə təşəkkürünü bildirib.

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov rəhbərlik etdiyi ali məktəbdə böyük Azərbaycanın milli sərvətlərindən olan Mirzə İbrahimovun yubileyinin keçirilməsini gözəl hadisə adlandırıb.


Modern.az           

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...