Modern.az

QHT-lərin qeydiyyat problemləri (NARAZILIQLAR VƏ RƏSMİ MÜNASİBƏT)

QHT-lərin qeydiyyat problemləri   (NARAZILIQLAR VƏ RƏSMİ MÜNASİBƏT)

20 Dekabr 2011, 09:02

Demokratik İslahatlar Uğrunda Cəmiyyət 12 ildir fəaliyyət göstərir. 1999-cu ilin sentyabrında yaradılan bu qurum indiyə qədər bir çox işlər görüb, respublika miqyasında müxtəlif layihələr həyata keçirib. Buna baxmayaraq, dövlət qeydiyyatına alınmayıb.

Qurumun sədri Oqtay Gülalıyev indiyə qədər 9 dəfə rəsmi şəkildə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etdiyini, amma hər dəfə hansısa səbəbdən qeydiyyatdan imtina olunduğunu bildirir:

“Bu müddət ərzində mənim az-çox görünən fəaliyyətim olub. Son illər ərzində dəfələrlə Ədliyyə Nazirliyində, QHT-lərə Dövlət Dəstəyi Şurasında görüşlərdə olmuşam. Baxmayaraq ki, nazirliyin Qeydiyyat və Notariat baş idarəsinin rəhbəri İlqar Məmmədov da bu şuranın üzvüdür, yenə də problem həll olunmur”.  

9-cu DƏFƏ DİUC-un SƏNƏDLƏRİNİ İTİRİBLƏR

Demokratik İslahatlar Uğrunda Cəmiyyət sonuncu dəfə bu ilin martında yenidən ƏN-nə qeydiyyat üçün müraciət edib. Sonradan məlum olub ki, təşkilatın sənədləri itib. O.Gülalıyev artıq məhkəməyə müraciət etmək niyyətindədir: “Bu, biabırçılıqdır. Bu məsələdə QHT-lərə Dövlət Dəstəyi  Şurasının rəyi də nəzərə alınmır. Ümumiyyətlə, məsələ o qədər siyasiləşib ki, bəzi QHT-lərin qeydiyyat işi nəinki idarədə, heç nazir səviyyəsində də həll olunmur”.

50 TƏŞKİLATDAN 2–si QEYDİYYATA ALINIB

Qeydiyyatla bağlı problemi olan təkcə bu qurum deyil. Qeyri-rəsmi statistikaya görə, indi nazirlikdən müsbət cavab almaq üçün 1000-dən çox QHT növbədədir. Təxminən 3 il əvvəl onlardan 50-si birləşərək Qeydiyyatından İmtina Olunan QHT-lərin Şəbəkəsini yaradıblar. Bu müddət ərzində həmin təşkilatlardan yalnız 2-si qeydiyyata alınıb. Onlardan biri Ali Məhkəmə Plenumunun qərarı ilə problemini həll edib. Digərinin rəhbəri isə başqa yol seçib – qurumunu hakimiyyətin yüksək eşalonunda təmsil olunan bir şəxsin köməyilə qeydiyyata aldırtdırıb. Yerdə qalanları isə hələ də qeydiyyata alınmayıblar.

Əslində, müvafiq qanuna əsasən ictimai birliyin dövlət qeydiyyatı, bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata keçirilməlidir. Qeydiyyat üçün təqdim olunan sənədlərin qanunlara uyğun olub-olmaması 30 gün müddətində yoxlanılmalıdır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər. 

“XİTAM” SÖZÜNƏ GÖRƏ QHT-ləri QEYDİYYATA ALMIRLAR

Amma əldə etdiyimiz sənədlərdən də görünür ki, nazirlik qanunun verdiyi bu müstəsna hüquqdan gen-bol istifadə edir. Bəzi QHT-lərin qeydiyyatla bağlı yazışmalarına görə, bir qurumu qeydiyyat üçün sənədlərinə baxma müddəti bir il ərzində bir neçə dəfə uzadılıb. Məsələn, Vətəndaş Maarifçilik Mərkəzi İctimai Birliyi 2007-ci ilin sonunda etibarən Ədliyyə Nazirliyi ilə yazışmalar aparır.  2008-dən etibarən hər il bir neçə dəfə sənədlərə baxılma müddəti uzadılır. Bir dəfə qeyd olunur ki, nizamnamədə birlik ləğv edildikdə onun əmlakından istifadə qaydası müəyyən edilməyib. Nəhayət son imtina məktubunda irad o olur ki, nizamnamənin 7.2-ci bəndinin 1-ci cümləsində “fəaliyyətinə xitam verilməsi” sözləri “ləğv edilməsi” sözləri ilə əvəz olunmalıdır.

Eyni tələb “Müharibədə əziyyət çəkən qadınların hüquqlarını müdafiə cəmiyyəti”nə qarşı da sürülüb. Həmçinin, bildirilib ki, qurumun yerləşdiyi yer göstərilməyib, nizamnamədə onun fəaliyyət ərazisi müəyyən edilməyib.

“Gələcəyə İnam” İB-nə tutulan irad isə - birliyin adında fəaliyyət xarakterinin müəyyən olunmamasıdır. Növbəti dəfə bu quruma bildirilib ki, nizamnamə təsisçilərin hamısı tərəfindən imzalanmayıb. 3 ay sonra ərizənin notariat qaydada təsdiqlənmədiyini, daha 2 ay sonra təsis sənədlərində dövlət reyestrinə daxil edilməli məlumatlardan olan maliyyə ili göstərilmədiyi vurğulanıb.

Tanış olduğumuz nümunələrdən görünür ki, nazirlik qeydiyyat sənədləri ilə bağlı iradların hamısını bir məktubda göstərmir, hər dəfə başqa bir səbəb tapır, sənədlərə baxılma müddətini dəfələrlə uzadır. Halbuki, qanuna görə, imtina üçün ciddi əsaslar olmadıqda, təşkilatın qeydiyyat sənədləri geri qaytarılmamalıdır. Hazırda Azərbaycanda hətta 40 dəfə nazirliyə qeydiyyat üçün müraciət edən təşkilat var.

QANUNDA MÜCƏRRƏD MADDƏLƏR VAR

Hüquqşünas Elçin Abdullayev deyir ki, nazirlik çox vaxt qeydiyyatdan imtina üçün müxtəlif bəhanələrdən istifadə edir. Buna QHT-lərin qeydiyyatını müəyyənləşdirən qanunlardakı boşluqlar imkan verir. Məsələn, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 8.3-cü  maddəsi  çox mücərrəd yazılıb və bundan istifadə edərək hər səbəbdən geri qaytarmaq mümkün olur.

Özü də QHT-yə rəhbərlik edən Elçin Abdullayevin sözlərinə görə, qanuna əsasən nazirlik imtinaya səbəb olmayan çatışmazlıqların hamısı barədə təşkilata eyni vaxtda bir dəfə məlumat verməlidir. Təşkilat isə çatılmazlıqların hamısını aradan qaldırıb qeydiyyatdan keçmək üçün yenidən müraciət etməlidir. Praktikada isə QHT-nin sənədləri bir neçə dəfə geri qaytarılır, hər dəfə də ayrı-ayrı iradlar göstərilir. 

“Çox vaxt iradlardan biri bu olur ki, təsisçilər hüquqi şəxs təsis edərkən qərar təqdim etməlidirlər. Adətən isə təsis protokolu təqdim olunur. Əgər siz sənədi protokol kimi təqdim edib aşağıda qərar yazsanız, nazirlik sənədləri geri qaytaracaq. Ona görə qaydaları pozub protokolun həm əvvəlində, həm də sonunda qərar yazmaq lazım olur. Bəzən deyirlər ki, adla fəaliyyət növü bir-birinə uyğun gəlmir. Əgər qadınların inkişafı adı ilə qurum yaradırsansa, bura inkişafa səbəb ola biləcək amil kimi hüquqların müdafiəsi də daxil edilə bilər. amma bunu qəbul etmirlər. Yəni, bu cür o qədər də önəmli olmayan məsələlərə görə sənədlər illərlə geri qaytarılır. İmtina etmək üçün 1001 səbəb tapılır”.

TANIŞLIQLA MƏSƏLƏNİ HƏLL ETMƏK OLAR

Artıq 7 ildir ki, QHT-lərə qeydiyyatla bağlı hüquqi yardım göstərən Elçin Abdullayev əmindir ki, bu, artıq siyasi məsələdir: “Tanışlıq yoluyla, vəzifəli şəxslərin tapşırığı ilə QHT-ləri qeydiyyatdan keçirtmək olur. Amma təbii ki, bunu sübut etmək çox çətindir. Açıq-aydın belə bir tendensiya yaranıb - adında demokratiya, insan haqları, media, institutu, mərkəz, insan alveri, məhbəs hüquqları kimi qıcıq doğuran kəlmələri olan təşkilatları qeydiyyatdan keçirtmək çox çətin olur. Vətənpərvərlik, vətənə qayğı, femida, ekologiya kimi adları olan QHT-lərin qeydiyyatdan keçməsində problem yoxdur. Belə çıxır ki, bilərəkdən ictimai nəzarət imkanlarını məhdudlaşdırırlar, hökumət vətəndaş cəmiyyətinin inkişaf etməsini istəmir”.

DÖVLƏT QURUMLARINDAN DƏSTƏK MƏKTUBU İSTƏYİRLƏR

Hüquqşünas deyir ki, bəzən Ədliyyə Nazirliyi təşkilatlara qarşı qanunsuz tələblər də irəli sürür. Məsələn, hər bir təşkilatdan onun işləmək istədiyi sahəyə nəzarət edən dövlət qurumundan dəstək, ya razılıq məktubu almaq tələb olunur. Məsələn, səhiyyə ilə bağlı QHT yaratmaq istəyən Səhiyyə Nazirliyi, nəqliyyatla bağlı istəyən Nəqliyyat Nazirliyindən dəstək sənədi almalıdır. Rayonlardan hansısa qurum qeydiyyatdan keçirmək istəyəndə isə icra hakimiyyəti başçısından məktub tələb edirlər. İcra başçısı da deyir ki, siz hələ işləmirsiz, mən sizə necə rəy verə bilərəm?”

Demokratik Təsisatlar və İnsan Haqları İB-nin sədri Elçin Abdullayev vəziyyəti dəyişməyin yolunu kütləvi şəkildə məhkəməyə müraciət etməkdə görür: “Əgər vətəndaş cəmiyyəti öz hüquqlarını qorumur,  bu məsələdə prinsipsizlik nümayiş etdirirsə, gələcəkdə başqalarına necə yardım göstərəcək?”

MƏHKƏMƏ 1 İŞƏ İLLƏRLƏ BAXIR

Qeyri-rəsmi məlumatlara görə, hazırda təxminən 40-a yaxın QHT-nin qeydiyyatla bağlı işi məhkəmələrdədir. Belə qurumlardan biri -   tanınmış hüquq müdafiəçisi Elçin Behbudovun yaratdığı İşgəncə Qurbanlarının Beynəlxalq Müdafiə Komitəsidir. Bu qurum 2 ildir qeydiyyatla bağlı problemini həll etmək üçün məhkəmələri gəzir. Onun iddiası 3 dəfə Yasamal rayon məhkəməsindən geri qaytarılıb, icraata götürülməyib. İşə 6 ay ərzində Apelyasiya Məhkəməsində baxılıb. Bu ay ilk dəfə iddiaya 1 saylı İqtisadi-inzibati Məhkəmədə baxılacaq.

Hazırda Hüquq Maarifçiliyi Cəmiyyəti tərəfindən 10-a yaxın QHT-nin işi Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Artıq bir neçə təşkilat məhz Avropa Məhkəməsinin qərarından sonra qeydiyyata alınıb.

“BİZ DƏSTƏK MƏKTUBU TƏLƏB ETMİRİK”

Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin QHT-lərlə iş şöbəsindən Kəmaləddin Həsənov isə qanunsuz iradlarla bağlı QHT rəhbərlərinin dedikləri ilə razılaşmır: “Belə şeylər havadan deməklə olmur ki. Təsis sənədlərində qanuna uyğun olmayan məqamlar aşkarlananda, sənədlər geri qaytarılır. Kim narazı qalırsa, məhkəməyə müraciət edir”.

Nazirlik nümayəndəsi dəstək məktubu ilə bağlı deyilənləri də qəbul etmir. Onun sözlərinə görə, qanunda belə bir məktub nəzərdə tutulmayıb: “Belə bir şey yoxdur. Biz ancaq qanunda tələb olunan sənədləri tələb edirik”.

K.Həsənov deyir ki, hazırda Azərbaycanda qeydiyyatdan keçən QHT-lərin sayı 3000-ə yaxınlaşır. Qeydiyyatdan keçməyənlərlə bağlı statistikaya malik deyil. Amma onu deyə bilərəm ki, qeydiyyat üçün müraciət edənlər o qədər də çox deyil. Ayda təxminən 20-30 iş verilir”.

QANUN NƏ DEYİR?

Qanunda həqiqətən də QHT yaratmaq üçün hansısa dövlət orqanından dəstək məktubu, icazə və ya razılıq tələb olunmur. Bu, məntiqə də uyğun olmazdı – qeyri-hökumət təşkilatı yaratmaq üçün hökumətdən razılıq almaq? Ümumilikdə, QHT yaradılması qaydaları və fəaliyyəti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlarla və AR-nın Mülki  Məcəlləsi ilə tənzimlənir.

Qanunlara görə, qeydiyyatdan keçirmək üçün cəmi 7 növ sənəd tələb olunur ki, onların da toplanması o qədər də çətin deyil. Çətin mərhələ sonra başlayır – sənədləri qeydiyyatdan keçirəndə. Bunu araşdırmalar da sübut edir.

Bu cür araşdırmalardan biri Demokratiyanı Öyrənmə İctimai Birliyi tərəfindən aparılıb.  Qeydiyyat sahəsində mövcud vəziyyəti öyrənmək qərarına gələn təşkilat 100 QHT arasında sorğu keçirib. Sorğuda iştirak edən təşkilatların yarısı qeydə alınmayan təşkilatlar olub. Sorğu nəticəsində məlum olub ki, qeydə alınmış QHT-lərin əksər hissəsi (57 faizi) qeydiyyata xeyli vaxt sərf ediblər. Onların 20 faizi qeydiyyat prosesinə 1 il, yerdə qalanları 2 il (12 faiz), 3 il (8 faiz), hətta 5-8 il (11 faiz) sərf ediblər.

ƏN AZ  DEMOKRATİYA SAHƏSİNDƏKİ QHT-ləri QEYDƏ ALIRLAR

Amma ilk 3 ayda qeydə alınan təşkilatlar da olub. Onların əksəriyyətini mədəniyyət, turizm və ekologiya, uşaq və gənclər təşkilatları təşkil edir. Üstəlik, bu cür təşkilatların əksər hissəsi  icra orqanları tərəfindən verilmiş zəmanət məktubu təqdim edən təşkilatlar olub. Əvəzində qeydiyyatsız təşkilatların yarısı insan hüquqları və demokratiya sahəsində, yerdə qalanları da  sosial-iqtisadi inkişaf məsələləri ilə  məşğul olduğunu bildiriblər. Bir sözlə, ekspertlərin dedikləri sorğu nəticələrində də özünü göstərib. 

Sorğuda iştirak edənlərin 40 faizi onlardan qeydiyyat üçün qanunda nəzərdə tutulmayan əlavə sənədlər istənildiyini bildiriblər. Məsələn, təsisçilərin iş təcrübəsi, əvvəlki fəaliyyəti və siyasi mənsubiyyəti haqqında məlumatlar istənilib, icra hakimiyyəti orqanlarından zəmanət məktubunun alınması (belə təşkilatların 46 faizi qeydə alınıb) tövsiyə edilib.

ÇIXIŞ YOLU – PROSESİN SADƏLƏŞMƏSİDİR

Ekspertlər QHT- lərin qeydiyyat probleminin həll olunması ilə bağlı çıxış yolunu beynəlxalq təcrübəyə istinad etməkdə görürlər. Konkret olaraq, prosesi sadələşdirmək, QHT-lərin qeydiyyata alınması qaydalarını kommersiya subyektlərinə tətbiq olunan vahid pəncərə sisteminə uyğunlaşdırmaq təklif olunur.

Sonda onu da qeyd edək ki, 9 milyon əhalisi olan Azərbaycanda hazırda 3 minə yaxın QHT var. Əhali sayı təxminən Azərbaycana yaxın olan Macarıstanda bu rəqəm 60 min, Çexiyada 68 min, əhalisi 4,6 milyon olan Gürcüstanda 10 mindir...  

Fərəh SABIRQIZI

“TOPLUM” jurnalı

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal