Modern.az

“Paşinyan diplomatik məğlubiyyətlə üz-üzə qalıb” - Deputatlar Vyana görüşünü DƏYƏRLƏNDİRDİ

“Paşinyan diplomatik məğlubiyyətlə üz-üzə qalıb” - Deputatlar Vyana görüşünü DƏYƏRLƏNDİRDİ

30 Mart 2019, 14:44

Martın 29-u Azərbaycan Respublikasının prezdenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada görüş keçirilib. Görüşdə Qarabağ münaqişəsinin həlli barəsində müzakirə aparılıb.  

 

Milli Məclisinin deputatları Modern.az -a baş tutan görüşün nəticələrini qiymətləndirib.

 

Deputat  Rasim Musabəyov Paşinyan-Əliyev görüşünü danışıqlar prosesinin rəsmi bərpa olunması kimi dəyərləndirir. 

“Görüş işgüzar xarakterli idi. Belə ki, bundan əvvəl baş tutan görüşlər tanışlıq məqsədi daşıyırdı. Görüş göstərdi ki, danışıqlar bərpa olunur.  Münaqişəli məsələrin həlli üzrə əsas müzakirələr edildi, əlavə məsələr müzakirələr edilmədi. Cənab prezident Rusiya agentliyində də vurğuladı ki, görüş torpaqlarımızın işğaldan azad olunması və BMT qətnamələrinin icrasına yönəlib.  Xarici İşlər Nazirlərinə həmsədrlərlə bu məsələlər ətrafında danışıqlar aparmaq  tapşırığı verilib”.

 

 Deputat Elman Nəsirli isə qeyd edir ki, Nikol Paşinyan danışıqlar prosesində çətin diplomatik dalana düşüb.

“Hesab edirəm bu görüş bir sıra məqamlar baxımından da diqqətdən yayınmırdı. Fikir versək görərik ki,  görüş Aprel döyüşlərinin üçüncü  il dönümü ərəfəsinə təsadüf edir. Nəzərə alsaq ki, 2016-cı ildə Aprel döyüşlərindən sonra dövlət başçıları arasındakı  may ayında baş tutan görüş də  məhz Vyanada keçirilmişdi. Bunun simvolik mənası var. Belə ki, danışıqların tükənəcəyi və nəticəsiz qalacağı halda alternativ müharibədir. Bundan başqa diqqətdən yayınmayan bir məsələ də odur ki,  Ermənistanın Baş naziri Nikol Paşinyan qeyri-qanuni şəkildə mart ayının 12-i Azərbaycanın işğal altında olan ərazisi Xankəndiyə  gözlənilmədən  səfər etdi. Vyana görüşündən dörd gün əvvəl martın 25-də isə Müdafiə Nazirliyində qapalı görüş keçirdi. Burda məqsəd həmin görüşündən əvvəl müdafiə və təhlükəsizlik məsələlərini  qabartmaq idi. Vyana görüşündən  əvvəl Ermənistanın baş naziri çox ciddi diplomatik məğlubiyyətlə qarşı-qarşıya qalmışdı. Belə ki, həm ATƏT rəhbərliyi səviyyəsində eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı səviyyəsində paralel olaraq da Avropa İttifaqı tərəfindən çox ciddi diplomatik təzyiqlərlə üz-üzə qaldı. Belə ki, bu qurumların hər biri münaqişənin tənzimlənməsi  prosesində Paşinyanın irəli sürdüyü qondarma rejimin danışıqlarda iştirakı məsələsinə yox dedi. Danışıqlara kölgə salmaq üçün  Ermənistan tərəfi təxribat aparmaqdan belə çəkinmədi. Belə ki, atəşkəsin pozulması və Azərbaycan əsgərinin şəhid olması buna sübutdur. Danışıqların nəticəsi kimi onu deyə bilərəm ki, bu hələ  ilk rəsmi görüş idi və konkret nəticə əldə edilməsini gözləmək düzgün olmazdı.  Hələ davamlı olaraq intensiv şəkildə bu kimi görüşlər həyata keçirələcək”.

 

Deputat Tahir Mirkişili isə danışıqlar prosesinin yaxın gələcəkdə nəticə verəcəyinə ümidlidir.   

“Rəsmi olaraq ilk dəfə Azərbaycan və Ermənistam arasında danışıqların başlaması əlamətdar  hadisədir.  Ermənistan baş nazirinin səylərinə baxmayaraq, danışıqların məhz ikitərəfli formatda keçirilməsi və bu formatın dəyişilməz olmasını ATƏT Minsk qrupu həmsədrlərinin də bəyan etməsi Azərbaycan üçün önəmlidir. Bu ilk rəsmi görüş olsa da, substantiv danışıqlara start verildi. Düşünürəm ki, yaxın gələcəkdə daha konkret nəticələrin olmasını müşahidə edə biləcəyik”.

 

Əzizə ZEYNAL

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi