Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martensin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” adlı kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimatını keçirib.
Təqdimat mərasimində Milli Məclisin vitse-spikeri Bahar Muradova, I vitse-spikeri Ziyafət Əsgərov, YAP sədrinin müavini Əli Əhmədov, millət vəkili Səməd Seyidov, kitabın müəllifi Uilfrid Martens də daxil olmaqla Belçikadan gəlmiş nümayəndə heyəti və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Məclis sədrinin müavini Bahar Muradova kitab haqqında ətraflı məlumat verib. O bildirib ki, bu kitab qısa müddət ərzində ingilis, türk, fransız, Azərbaycan dillərinə tərcümə olunub və rus dilinə tərcüməsi də nəzərdə tutulub: “Bu kitabda çoxlu sayda ətraflı, geniş məlumatlar, bilgilər var. Bu şəxs çox erkən yaşlarından öz ölkəsində dil baryerlərinə qarşı çıxaraq, öz fəaliyyətini xristian-demokratik dəyərlərdə görmüşdü. Erkən yaşlarında holland dilini öyrənərək, həmyaşıdlarından fərqlənərək digər dil kurslarında da fəaliyyət göstərməyə üstünlük vermişdi. Bunun nəticəsində Uilfrid Martens siyasətdə də öz sözünü deyən şəxsə çevrilib".
Bahar Muradova bildirib ki, bu gün tez-tez işlədilən Avropa dəyərləri ifadəsinin mahiyyətində xristian-demokratik dəyərlər dayanır: “Məhz bu dəyərlər bir çox Avropa mütəfəkkirləri, siyasətçiləri, o cümlədən, Martens tərəfindən Avropadakı müharibədən sonrakı dövrlərdə yaranan qarışıqlığı aradan qaldırmaq üçün əsas hesab olunurdu”.
Səməd Seyidov YAP-ın Azərbaycanda və Avropada gedən prosesləri üst-üstə qoyaraq xeyli oxşarlıq, xeyli uyğunluq və xeyli vəhdət təşkil edən kitabı ortaya çıxarıb təqdim etməsinə şad olduğunu bildirib: “Martens çox qısa müddətdə Belçikanın Baş naziri, həmin ölkənin Xristian-Demokratlar Partiyasının sədri oldu. Hazırda isə Avropa Xalqları Partiyasının sədridir”.
Modern.az