Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Fransa parlamentində qondarma "erməni soyqırımı" məsələsinin müzakirəyə çıxarılmasına münasibət bildirib.
Jurnalistlərə açıqlamasında Ə.Həsənov deyib ki, tarixdə olmayan qondarma “erməni soyqırımı” məsələsinin Fransa parlamentinin gündəminə salınması hadisələrin siyasiləşdirilməsidir. Onun sözlərinə görə, bu məsələlərlə bağlı tarixçilər araşdırmalar aparmalı, məsələni tarixçilər müzakirə etməlidir.
“Biz Fransa parlamentinin “erməni soyqırımı” ilə bağlı müvafiq qanun layihəsini müzakirə etməsinə iki rakursdan baxırıq. Bir tərəfdən, sözün həqiqi mənasında ermənilərin bütün dünyada təkidlə dünya ölkələrinə, xalqlarına qəbul etdirməyə çalışdıqları bu iddia qondarmadır, saxtadır və tarixi reallıqla heç bir əsası yoxdur. Ona görə də hansı ölkənin parlamentinin müzakirəsinə çıxarılmasından və hansı səviyyədə müzakirə edilməsindən asılı olmayaraq, biz “erməni soyqırımı”nı saxta hesab edirik. Tarixdə belə hadisə olmayıb. Bu, sadəcə ermənilərin uydurduğu, bəzi maraqlı dairələrin də dəstəklədiyi antitürk siyasətidir. Digər məsələ isə bu tip hadisələrin siyasiləşdirilməsidir. Bu məsələlər insanların yaddaşına tarixi təzələmək anlamında gündəmə gətirilməlidir. Ona görə də biz hər iki rakursdan yanaşanda, bu məsələyə mənfi münasibət bəsləyirik”.
APA-nın məlumatına görə, Ə.Həsənov eyni zamanda qeyd edib ki, “erməni soyqrımı” məsələsinin Fransa parlamentində müzakirəyə çıxarılması və belə qanunun qəbul edilməsi Fransa-Türkiyə münasibətlərinə heç də yaxşı təsir göstərməyəcək.
“Eyni zamanda, məlumdur ki, biz Ermənistanla neçə ildir müharibə şəraitində yaşayırıq. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı kimi dəhşətli cinayətlər bu gün Ermənistanı idarə edənlərin məsuliyyətinə daxildir. Onlar bu hadisələrin bilavasitə iştirakçılarıdır. Ona görə də onlar tərəfindən qaldırılan və dünyanın istənilən yerində dəstəklənən bu tipli ixtiyari məsələlər Azərbaycan dövləti tərəfindən birmənalı şəkildə pislənilir. Belə hadisələrin dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcəyi haqqında biz əvvəlcədən bəyanatlar veririk”.
Modern.az