
Son zamanlar kimi dindirirsən deyir ki, Azərbaycan telekanalarına baxmır. Məsələ ondadır ki, bəziləri səhərdən axşamadək yerli telekanalların qarşısından durmur, serialları, şou-proqramları izləyir, ancaq soruşulanda “xarici kanallara baxıram” söyləyir.
Araşdırmalar göstərir ki, yerli telekanalların tamaşaçıları sırasında gənclər, o cümlədən tələbə kəsimi azlıq təşkil etmir.
Modern.az saytı tələbələr arasında sorğu apararaq, onlardan hansı yerli telekanallara və nəyə baxdıqlarını soruşub.
Orxan Əliyev - Bakı Dövlət Universiteti:
- Yalnız İctimai telekanalı izləyirəm. Buradan nəsə öyrənə bilirəm. Qalanları isə zövqümüzə ziddir.
Aytən Əliyeva - Bakı Slavyan Universiteti, magistr:
- Azərbaycan kanallarına gün ərzində baxmıram.Əsasən xəbərlərə baxıram, o da informasiya almaq üçün. Ümumiyyətlə, bizim telekanallarda məni cəlb edən maraqlı hər hansı proqram yoxdur. Aytən Səfərovanın “Kökaltı”və İradə İsaqın “Ölümündən 24 saat əvvəl” (indi bu proqram sona çatıb) proqramlarını izləyirdim. Əsasən xarici-rus, türk və bəzən də imkan olanda ingilis dilində olan telekanalları izləyirəm. Bu gün Azərbaycan televiziyası ölü vəziyyətindədir, heç bir inkişaf yoxdur. Əvvəllər heç olmasa, mövcud kanaldan bir-ikisi adamın zövqünü oxşayırdı, indi bu da problemə çevrilib. Hamısı eynidir, ancaq şou, bayağı, ürəkbulandırıcı, adət-ənənələrə zidd verilişlər.
Təbriz Önər - Azərbaycan Kooperasiya Universiteti:
- Azərbaycan telekanallarına baxmıram və birmənalı şəkildə buna qarşıyam. Demək olar insanları maarifləndirəcək heç bir veriliş yoxdur. Əsas da uşaqlar üçün əyləncəli və maarifləndirici bir proqram yoxdur. Heç bir telekanalın xəbərləri obyektiv deyil.
Gunay Musayeva - Bakı Dövlət Universiteti:
- Hesab edirəm ki, Azərbaycanda İTV-ni çıxmaq çərtilə bütün telekanallar bərbad gündədir. Təəssüf olsun ki, indi İTV də əvvəlki deyil.
Fidan Həbibzadə - Xəzər Universiteti:
- Öz telekanallarımıza çox az baxıram. Hərdən ATV və ANS-lə maraqlanıram. Bizdə aşağı səviyyəli verilişlər çoxdur və baxmağa da dəyməz. Bəzi verilişlərin səviyyəsilə heç razı deyiləm. Məsələn, ATV-də “Onun yarısı” proqramının aparıcısı Zaur hamını təhqir eliyir və ələ salır. Elə bu kanaldakı “Yeni ulduz”da da təhqirə yol verilir, saymırlar izləyən tamaşaçıları…
Daşqın Əliyev – İctimai-Siyasi Universitet:
- Azərbaycan telekanallarına baxmıram. Ona görə ki,əksəriyyəti şablon proqramlardır. Əsasən qonşu Rusiya və Türkiyə TV-lərindən oğurluqdur. Aparıcılar yorucu, tərcümə yorucu... Məncə gənclərin ölkə TV-lərinə maraqlarının olmamasının ən böyük səbəbi bu cür sünilikdir. Həmçinin yeni bir veriliş yoxdu telekanallarımızda. Yəni bir il bundan öncə hansısa xarici ölkədə gördüyün proqramı bu gün yenidən görmək çox sıxıcıdır.
Tunay Aydınqızı - Azərbaycan Dövlət Pedoqoji Universiteti:
- Azərbaycan telekanallarında gəncləri maraqlandıran bir veriliş yoxdur. Hər şey aşağı səviyyədədir, sanki televiziyaçılar günü yola verirlər. Əsas səbəb də hər kəsin sosial şəbəkələrə qoşulmasıdır. İndi hər kəs artıq internetdən istifadə etdiyi üçün yerli kanallara baxılmır. Xarici TV-lərin yüksək səviyyəsin görəndə Azərbycan TV-lərinin səviyyəsi ortaya çıxır. Bütün TV-lər ancaq şou-biznesə maraq göstərir. Gəncləri maraqlandıran intellektual verilişlər azlıq təşkil edir.
Azər Dəmirli - Təfəkkür Universiteti:
- İnsanlar müxtəlifdir. Bəlkə kiminsə xoşuna gələ bilər proqramlar və bu normaldır. Məncə sağlam düşüncəsi olan insan bizim telekanallara baxmaz. Özümdən deyə bilərəm ki, artıq mənim beyinimdə bir fikir formalaşıb. “Onun Yarısı” verilişini yayımlayan ATV telekanalından heç vaxt normal proqram gözləmirəm. Məncə insanların psixologiyasına telekanalların böyük təsiri var. Lakin bunu TV rəhbərləri fikirləşmir. Onların bir fikirləri var ki, cibləri dolu olsun.
Aysel Qəniyeva - Azərbaycan Dövlət İqtisad Universiteti:
- Ən çox ATV-də yayımlanan “Şarm” verilişinə baxıram. Bu proqramda qadınların gözəllik sirlərindən danışılır. Xanımlarla bağlı çox maraqlı məsləhətlər verilir. Bu verilişdən bilmək istədiklərimi öyrəndiyim üçün sevə-sevə izləyirəm.
Əsgər Nərimanov - Bakı Dövlət Universiteti:
- ANS-də yayımlanan “Ən Yeni Tarix” verilişini izləyirəm. Əvvəllər daha çox “Qulp” proqramına baxırdım. Bütün kanallarda yayımlanan hərbi verilişləri böyük maraqla izliyirəm. Bir də bəzi intellektual verilişlərə vaxtım olanda baxıram.
Aydan Cəfərova - Sumqayıt Dövlət Universiteti:
- Doğrusu, o qədər də vaxtım olmur ki,TV-yə baxım. Olanda da “Lider” TV-də “Oyna Dostum” verilişinə baxıram. Günortalar Rusiya kanalları ilə maraqlanıram. Axşamlar isə Türkiyə telekanallarını izliyirəm.
Anar İsmayılov - Azərbaycan Texniki Universiteti:
- Azərbaycan kanallarında hərdən xəbərlərə baxıram. Heç bir verilişi izləmirəm.Ona görə ki, baxımsız verilişlər və aşağı səviyyəli tərcümə adamı yorur. Ən çox izlədiyim Türkiyə telekanallarıdır. Daha çox “Kurtlar Vadisi Pusu” serialı ilə maraqlanıram.
Fidan Məmmədova - Bakı Dövlət Universiteti:
- Azərbaycan teleməkanında baxdığım verilişlər ANS-dəki “Ağıl dəryası” və İTV-dəki “Xəmsə”dir. İntellektual verilişləri bəyəndiyim üçün ikisi də mənim üçün maraqlıdır. Qalan verilişlər maraq dairəmə uyğun deyil. Ona görə də izləməyə dəyməz.
Səid Gəncəli - Azərbaycan Dövlər Bədən Tərbiyəsi və İdman Akademiyası:
- İdmanla məşğul olduğum üçün verilişləri o qədər də izləmək imkanım olmur. Vaxtım olanda, maraqlı nəsə görəndə izləyirəm. Ümumiyyətlə, baxanda ATV-də yayımlanan “LG bilik akademiyası”na baxıram. Bu proqramdan çox məlumat öyrəndiyim üçün zövq alıram.
Vüsalə Həsənli - Təfəkkür Universiteti:
- Mən ölkəmizdə olan telekanallara demək olar ki, baxmıram. Bir ATV-dəki “Onun yarısı”na baxıram, o da vaxtım getsin deyə. Yəni Azərbaycan telekanallarının xəstəsi deyiləm. Ən çox türk telekanallarını izləyirəm.
Samir Rufullayev - Azərbaycan Texniki Universiteti:
- Azərbyacanın efir məkanında olan telekanalları izliyirəm. Daha çox “İdman Azərbaycan” kanalında futbol oyunlarını və ATV kanalında “Səni axtarıram” verlişinə baxıram.
Sorğunu hazırladı: Anar KƏLBİYEV