Modern.az

BDU-da ziyalıların Hacıbala Abutalıbova müraciət etmək təklifi səsləndirildi

BDU-da ziyalıların Hacıbala Abutalıbova müraciət etmək təklifi səsləndirildi

22 Dekabr 2011, 15:40

Bu gün BDU-nun konfrans zalında Nəsir İmanquliyevin 100 illik yubileyi munasibeti ilə tədbir keçirilib.Tədbirdə universitetin jurnalistika fakültəsinin müəllimləri, tələbələr, media nümayəndələri və bir sıra rəsmi qonaqlar iştirak edib.

BDU-nun rektoru Abel Məhərrəmov N.İmanquliyevin mənalı ömür yolu, səmərəli elmi, pedaqoji fəaliyyəti, mətbuatımızın inkişafındakı xidmətləri haqqında danışıb.

Sonra universitetin müəllimləri Yalçın Əlizadə, Şirməmməd Hüseynov, Cahangir Məmmədlinin məruzələri dinlənilib.
AzərTAc-ın baş direktoru Aslan Aslanov, ”Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Yevlaxda çıxan “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı Nəsir İmanquliyevi  alicənab, xeyirxah müəllim kimi xatırlayıblar.

Ən marağlı təklifi isə C.Məmmədli səsləndirib. O, deyib ki, ziyalılardan bir xahişi var. “Yığışıb bir müraciət hazırlıyaq və Bakı meriyasına təqdim edək. ”Bakı” qəzeti yenidən gündəlik, axşam qəzeti kimi fəaliyyətə başlasın”.
Təklif müsbət qarşılanıb.

Professor Nəsir İmanquliyevin ailə üzvləri adından çıxış edən Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycanda jurnalistika peşəsinin tarixinə nəzər salıb. O, jurnalistikanın gənc peşə olduğunu deyib. N. Paşayeva bildirib ki, vaxtilə Həsən bəy Zərdabi, Məhəmməd Ağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə kimi şəxsiyyətlərin əməyi olmasaydı, Azərbaycanda jurnalistika bu qədər inkişaf edə bilməzdi. Babası N. İmanquliyevin yaradıcılığı haqqında danışan N. Paşayevanın sözlərinə görə, mərhum “Baku” və “Bakı” qəzetlərinin ərsəyə gəlməsi üçün ətrafında jurnalistika peşəsini dərindən bilən jurnalist ordusu toplamışdı: “Nəsir İmanquliyev bununla sübut etdi ki, Azərbaycan xalqına və ictimaiyyətə təkbaşına xidmət göstərmək olmaz. O, bu istiqamətdə güclü ziyalı ordusu ilə bərabər çalışırdı”.

Nərgiz xanım Nəsir İmanquliyevin yaşadığı mənzilin gələcəkdə muzeyə çevriləcəyini və milli mətbuatımızın daha da inkişaf etməsinə xidmət göstərəcəyini xüsusilə qeyd edib.




Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...