Modern.az

  Dumanlı şəhər- HEKAYƏ

   Dumanlı şəhər- HEKAYƏ

5 Aprel 2019, 09:29
Səhər göyün üzü tərtəmiz ,buludsuz olsa da,günortaya yaxın hava dəyişdi,səmada parçalanıb dağılmış kimi görünən qaramtıl,boz buludlar yavaş- yavaş bir yerə toplaşıb sıxlaşaraq,qapqara çətir kimi kəndin üstündən asıldılar.
 
 
Evdən çıxmağa hazırlaşan Hüseyn kişi havanın dəyişdiyini görüb,dərsdən gəlib əynini dəyişən Mahirə səsləndi:- Tez yeməyini ye,Tahirin dalınca get,səhər tezdən çıxıb,hava dəyişir,dumanda,çiskində azar,sürünü itirər.Mən xəstəxanaya ananın yanına gedirəm,gedim həkimlə danışım görüm bəlkə bu gün evə buraxdılar.
 
Anası bir həftədən çox idi ki,mədəsindən əməliyyat olunmuşdu,atası xəstəxanaya gedib gəldiyindən bu neçə günü qardaşı Tahirlə növbəylə heyvanlarını kənddən bir xeyli aralı dağdakı örüşə aparırdılar. On yaşlı Mahir özündən iki yaş böyük qardaşı Tahirlə dərslərindən imkan tapan kimi atalarının köməyinə çatırdılar.
 
Mahir getdikcə kəndin üstünə çökən dumana ,narın çiskinləyən yağışa baxaraq:-Yemək yesəm gec olar,gedim Tahirə kömək edim,sürünü gətirək,yeməyimizi də bir yerdə yeyərik.
 
Mahir atasının qapının küncünə söykədiyi toppuz başlı çomağını götürüb, iti addımlarla qardaşının sürünü apardığı örüşə çatmağa tələsdi.Getdikcə qatılaşan duman,evdən on dəqiqə bundan əvvəl çıxmağına baxmayaraq əynindəki nimdaş,rənği solmuş gödək pencəyini əməllicə islatmış yağış onu addımlarını bir az da yeyinlətməyə vadar edirdi.Qardaşı yaşda ondan böyük olsa da, bərkə- boşa,çətinliyə onun kimi dözümlü deyildi.Həmişə ən çətin işlərə atası onu yollayırdı.Mahir təbiətən nə qədər ötkəm,çılğın,işdən qorxmayan diribaş idisə,qardaşı onun əksinə sadəlövh,mülayim təbiətliydi.Özündən böyük,başqalarının təsiri altına düşməyə meylli olan qardaşını həmişə qorumağa çalışırdı.
 
“ Dumanda sürünü itirəcək,özü də azıb eləyər,tez çatsaydım” hələ örüşə xeyli yolu qalırdı.Otlaq sahələri “ Haçaqaya” nın yaxınlığındaydı,kənddə belə duman olanda dağda yəqin indi göz- gözü görmürdü.Qardaşı dağları onun kimi tanımırdı,Mahir hər daşına,cığırına bələd olduğu bu dağlarda istədiyi yerə gözüyumulu gedərdi.
 
Örüşə çatanda göz - gözü görmürdü,bir addım önünü görə bilmirdi,yerdəki daşları,cığırları tutub irəlilədi.Həmişə sürünü otardıqları yerdə görünmürdü qardaşı.Üzünü dayandığı yerdən dumandan görünməz olan qayalığa tərəf tutub qardaşını çağırdı:-Tahir,hardasan,eşidirsən məni səni görə bilmirəm,səsimə səs ver,tapa bilim səni.
 
Qayalarda əks- səda verən səsindən başqa ona cavab verən yoxuydu.Onun təxmininə görə Tahir burda,qayalığa yaxın bir yerdə olmalıydı,yağışdan qorunmaq üçün qoyunları bura tərəf gətirməliydi.Amma nə sürü,nə də qardaşı görünmürdü.Qulağına uzaqdan canavar ulamasına oxşar bir səs gəldi,ağlına gələn qorxunc fikirdən üşərgələndi,bədənindən soyuq bir gizilti keçdi.Çomağını əlində möhkəm tutaraq səs eşitdiyi tərəfə irəlilədi,burdan o yana yol dərəyə aparırdı.Yağışdan işlanmış otluqda ayağı bir neçə dəfə sürüşüb yıxılsa da, yenidən qalxıb çomağını yerə dayaq verərək irəlilədi,dərədən axan çayın kənarına çatıb ətrafa boylandı.Qəhər boğazını yandırırdı,ağlamamaq üçün dodaqlarını dişləyir,tez- tez burnunu çəkirdi.Yuxarılara nisbətən burda duman seyrək idi,iki metr irəlini görə bilirdi.O,çay yuxarı qaçaraq, ümidsiz,titrək səslə qardaşını çağırırdı:” Taahiir,Taahiir” ətrafdakı səssizlik,duman ,sis onun vahiməsini bir az da artırırdı.Ayağı işlaq daşlara ilişib səndirlədi,üzü üstə daşlığa yıxıldı.Çapılmış qaşından axan qan gözünün kənarından çənəsinə doğru axdı.Daha qardaşını tapa biləcəyinə ümüdini itirmişdi,yerə çöküb hönkürdü,yanıqlı səsi vahiməli, qorxunc səssizliyi diksindirdi...
 
Ona elə gəldi ki, ağladığını atası eşidir həmişə ağlayanda atası ona” sən kişisən axı ,kişi ağlamaz” deyərdi.Gözünün yaşını əlinin arxasıyla silib,yerindən qalxdı,çayın dayaz yerini tapıb,sürüşkən daşların üstüylə birtəhər çayın o biri sahilinə keçdi.Qardaşı ola bilərdi ki, sürünü çayın o biri tərəfinə keçirib,sonra yağışa düşdüyündən ordakı qayalıqlarda daldalanmışdı. Bu fikrin ağlına bayaqdan gəlmədiyinə təəccübləndi.Yamacı qalxıb təxmin etdiyi yerə çatdı.Onlar bəzən heyvanlarını bura da gətirirdilər.Qəfil göy gutultusundan səksənib qeyri- ixtiyari yerində ləngərlədi.Bayaqdan xırda,narın yağan yağış getdikcə güclənib leysana çevrilirdi.
 
Qardaşı sürüylə bir yerdə sanki qeybə çəkilmişdi.
Dumanda görünməz olan yastı qayanın tuşuna çatanda əvvəl hənirti,sonra uzaqdan zəif,güclə eşidilən quzu mələrtisi eşitdi.Səs gələn istiqamətə yönəldi,bir qədər irəlidə baş başa verib bir yerə toplanmış sürünü gördü.Yaxınlıqdakı qayanın altına sığınıb soyuqdan büzüşmüş,qorxudan,həyəcandan gözləri alacalanmış Tahir onu görəndə kövrəlib qabağına qaçdı,bir birlərinə sarıldılar.....
 
 
Mahir qardaşına aldığı hədiyyəni arvadına göstərib:
 
- Bu Tahirin xoşuna gələcək,bilirəm,saat həvəskarıdır,neçə saatı var,amma xoşuna gələn olanda yenə də alır,hərənin bir şeyə həvəsi var,onunku da saatadır.
 
Bu gün Tahirin otuz yaşı tamam olurdu.Mahir heç vaxt qardaşının onu ad gününə dəvət etməyini gözləmirdi,hər il hədiyyəsini alıb məclisə hamıdan qabaq o özünü çatdırırdı.Bunu özünə borc hesab edirdi,qardaşının yaxşı günündə də,Allah göstərməsin pis günündə də yanında olmalıydı.
Qardaşıyla ikisi də ali təhsil aldıqdan sonra kəndlərinə qayıtmamışdılar,ev- eşik sahibi olub şəhərdə qalmışdılar. Ata- anaları kənddə onlardan yaşda çox balaca olan qardaşlarıyla yaşayırdılar.
 
Tahir şəhərin ən yaxşı yerlərindən birində özünə ikimərtəbəli,dəm- dəsgahlı ev tikdirmişdi, dövlət idarələrinin birində məsul işdə çalışırdı.Gün- güzəranı,dolanışığı Mahirdən çox yaxşı olan Tahir əvvəllər ən azı həftədə bir dəfə qardaşıyla görüşüb get- gəl etsə də,illər keçdikcə bu görüşlər seyrəkləşib araları soyumağa başlamışdı.
 
Mahir,bunu qardaşının işlərinin çox olması səbəbindən vaxtının az olmasıyla əlaqədar olduğunu düşünüb ondan incimirdi,vaxt tapan kimi özü onunla görüşməyə can atırdı.
 
Qardaşı süfrəni həyətdə,talvarın altındakı gölgəlikdə açmışdı.Qonaqlığa gələnlərin hamısı iş yoldaşları,dostlarıydı.Tahir bir- bir qonaqlara xoşgəldin edib,hərəsi üçün ayrılıqda badə qaldırır,dostlarının şəninə təriflər yağdırırdı.
 
Bu gün bura yığılanlar mənim qəlbimə,ruhuma ən yaxın hesab elədiyim dostlarım,qardaşlarımdır,mən şəhərə tək gəldim,indi görün bu şad günümdə süfrəmin başında nə qədər qardaşlarım, dostlarlm əyləşib,xoş günümün,dar günümün dostları,qardaşlarıdır bu günkü məclisimi şərafətli,şənlikli edənlər.
 
Tahir,sırayla hər qonağının şəninə tost deyib badə qaldırır birinə” bu mənim ən sadiq qardaşımdır” ,o birinə “ mənim dar günümün dostudur” kimi sözlərlə hərəsini bir dillə dindirir,göylərə qaldırırdı. Amma məclisinin ən aşağı küncündə sakitcə oturub qardaşının xoş günündən köksü qabaran gözü dolan doğma qardaşınn da olduğunu unutmuşdu deyəsən...
 
Tahirin güzəranı yaxşılaşıb,qulluğu böyüdükcə “ qardaşların”, içki məclislərinin də sayı çoxalır,artırdı.
 
Bir dəfə kənddən Mahirgilə qonaq gələn əmisioğlu kənddə keçirdikıəri günlərdən uşaqlıqlarından danışıb sonra ona” Əmioğlu,Tahirdən ötrü burnumun ucu göynəyir,gör neçə ildi görüşmürük, gəlmişkən onunla da görüşərdim.” deyəndə Mahir “Əmioğlu,Tahir Marsda zadda yaşamır ki,on dəqiqəlik məsafə var aramızda,sizi elə indi görüşdürərəm” deyib dərhal maşını işə saldı.
 
Qapını onların üzünə açan Tahir qardaşıyla gələn əmisioğlunu görəndə tutulan kimi olsa da,sonra onunla görüşərək içəri dəvət etdi..
Ertəsi gün qardaşı Mahirə zəng edərək boğuq səslə:
 
- Bu nə xasiyyətdir səndə,məndən soruşmamış,xəbər eləməmiş kim gəldi yanına salıb gətirirsən evə,mənə deyib sonra gəlmək lazımıydı,bundan sonra belə şeyləri nəzərində saxla.
 
Qardaşınln sözü Mahirə tərs şapalaq kimi dəysə də,ona cavab qaytarmadı.Bir neçə dəqiqə susub sonra handan- hana:
- yaxşı, sən necə istəyirsən,elə olacaq , - deyə bildi.
 
Neçə vaxtdı ki, səhhətində yaranan nasazlığa görə xəstəxanada müalicə alan Tahirin vəziyyəti birdən-birə pisləşməyə başlamışdı.Həkimlər onun qaraciyərində ciddi fəsad olduğunu deyib təcili əməliyyat olunmsa vəziyyətinin kritikləşəcəyini gizlətmirdilər.Ona təcili ciyər transplantasiya olunmalıydı. Mahir bir aydan çox idi ki,işiylə əlaqədar xaricdə olduğundan qardaşının xəstələndiyini ona deməmişdilər.
O,xəstəxanaya çatanda palatada qardaşının arvadı onu görüb kövrəldi:-həmişə süfrəmizin başında oturtduğumuz,yaxın bildiyimiz dost dediyimiz adamlar indi yoxa çıxıblar,qorxurlar ki,birdən onlardan da donor olmağı xahiş edərik,indiyə qədər neçə nəfər yoxlanıbsa heç kimin ciyəri uyğun gəlmir, deyə gözünün yaşını tökdü.
 
Mahir qardaşının xəstəlikdən sapsarı olmuş bənizinə,çuxura düşmüş gözlərinə baxıb kövrəldi:-sənə ciyərimi yox,qözlərimi ,ürəyimi də verərəm,bu canım sənə qurban olsun,Tahir,özüm ölərəm,səni ölməyə qoymaram,mənim ciyərim sənə uyğun gələcək bilirəm,sən mənim ciyərimin,ürəyimin parasısan, məndən başqa kimin ciyəri sənə düşə bilər.Elə indi həkimlə danışacağam,qoy məndən analiz götürsünlər.
 
O necə demişdisə elə də oldu,analizlərin cavabı müsbət çıxmışdı,heç düşünmədən,”uf” da demədən qardaşıyla yanaşı cərrah bıçağının altına uzandı.Ciyərinin yarısını qardaşına bağışladı...
 
Əməliyyat olunduqları gündən aylar keçmişdi,hər ikisi yaxşılaşmışdılar,Tahir sağlamlığına gözlənildiyindən tez qovuşdu,onu görənlər cəmi bir neçə ay bundan əvvəl ümidsiz xəstə olduğuna inana bilmirdilər....
Maşını həyət darvazasının yaxınlığındakı ağacın kölgəsində saxlayıb,qapıya yaxınlaşdı,əvvəl zəngi basmaq istəsə də, açıq olduğunu görüb,ehtiyatla qapını araladı.Qardaşının həyətdən səsi gəlirdi,yenə çal- çağırıydı,süfrə açılmış,məclis qurulmuşdu:-bu gün bu məclisə mənə ən yaxın,ən doğma olan,ruhuma yaxın insanları çağırmışam,mənə qardaş deyənlər,özümə qardaş hesab etdiklərim insanlardır sağımda,solumda əyləşənlər.Bu gün mənim ikinci ad günümdür,mən həyata yenidən gəldim,bir də doğuldum.Məni yenidən həyata qaytaran yaşamağıma səbəb olan başıma yığdığım bu gözəl insanlardır.Qardaş dediyim,həyatımı da etibar edə bildiyim əziz dostlarıma,qardaşlarıma təşəkkür etmək istəyirəm ,yanımda olduqları üçün,məni özlərinə qardaş seçdikləri üçün...
Qardaşı ikinci doğum gününə onu çağırmamışdı,onun süfrəsində Mahirin yeri yox idi...
 
Qapını yavaşca örtüb geri döndü,bir az aralıda saxladığı maşınına tərəf getdi,maşına necə mindiyini,onu necə işə saldığını bilmədi, gözünün qarşısına sanki tor çəkilmişdi,maşını yolun kənarına çəkib saxladı.Başını sükanın üstünə çarpazlayıb qoyduğu qollarının üstünə əydi,sinəsi göynəyib yanır,boğazında düyünlənib qalmış qəhər onu boğurdu.” Kişi ağlamaz” atası belə demişdi.” Yox,ata,kişi ağlayar,insanlığı,ürəyi olan kişi ağlayar,qardaş itirən qardaş ağlayar ata”.Hönkürdü...Bir vaxt yağışlı gündə dumanlı dağda qardaşını itirəndə belə ağlamışdı .Qardaşını yenə itirmişdi ...Bu dəfə bu böyük,nəhəng şəhərin dumanında...
 
SARA İBRAHİM
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil