Modern.az

Ramiz Mehdiyev: “Böyük şəxsiyyətlər haqda əsər yazmaq cəsarət tələb edir”

Ramiz Mehdiyev: “Böyük şəxsiyyətlər haqda əsər yazmaq cəsarət tələb edir”

22 Dekabr 2011, 18:08

 “Dövlət - bəşəriyyətin mövcud olduğu tarix boyu kəşf etdiyi nadir təsisatdır. Müxtəlif xalqlar dövlətlərini müxtəlif vaxtlarda yaratmışlar”. Bunu dekabrın 22-də “Gülüstan” sarayında tanınmış müəllif Qrem Uilsonun (Graeme Wilson) “Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı” kitabının təqdimat mərasimində çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib. O qeyd edib ki, dövlətlərin yaranması və inkişaf tarixi çox çətinliklərdən keçir:

“Onlar  təşəkkül, çiçəklənmə və tənəzzül  fazalarını yaşayırlar.  Bütün bu proseslərdə önəmli olan bir cəhət var. Bu həmin proseslərin bir fundamental amillə  - “dövlət və lider” faktoru ilə bağlı olmasıdır.Ümumi qənaətə görə, məhz XX əsrdə “dövlət” və “şəxsiyyət” anlayışları bir simada - “milli lider” simasında cəmlənmiş və həmin əsr tarixə dünya şöhrətli liderlər bəxş etmişdir. Biz qətiyyətlə deyə bilərik ki, milli dövlət və milli lider yeni epoxanın fenomenidir”.

R. Mehdiyev bildirib ki,  Heydər Əliyev həmin lider şəxsiyyətlərdən biridir: “XX əsin sonu - XXI əsrin əvvəlləri Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi səciyyələnir. Tarixin bu dövründə baş verən hadisələr iki tarixi şəxsiyyəti – Heydər Əliyevi və İlham Əliyevi – siyasi səhnəyə gətirmişdir. Onlar mürəkkəb dövrün çətinliklərini dəf edə, milli birliyin gücünü ölkənin quruculuq məsələlərinin həllinə yönəldə, Azərbaycanın simasını dəyişdirə bildikləri üçün milli lider adını qazana bilmişlər”.

R. Mehdiyev vurğulayıb ki, Heydər Əliyev irsinin yüksək keyfiyyətlə davamı prezident İlham Əliyevin siyasəti nümunəsində inkişaf və tərəqqinin simvoluna çevrilib.

“Bu gün biz əlamətdar bir hadisənin – ölkə prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr edilmiş kitabın təqdimat mərasiminə toplaşmışıq. Böyük şəxsiyyətlər haqda əsər yazmaq həm də böyük elmi cəsarət tələb edir. Bu baxımdan sizə təqdim olunan bu əsərin tutumu, ideyası və məzmunu bu günə qədər Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş kitablardan ciddi sürətdə fərqlənir. Qrem Uilson tərəfindən yazılmış bu kitabda diqqəti cəlb edən əsas və fərqli cəhət ondan ibarətdir ki, cənab prezidentin milli lider obrazının təsviri ilə yanaşı, onun prezidentliyi dövründə Azərbaycanda və onun ətrafında baş verən siyasi proseslər obyektiv şəkildə təhlil edilib”.

R.Mehdiyev sonra bildirib ki, bu kitab, həm geniş oxucu kütləsinin marağını cəlb edəcək, həm də tədqiqatçıların istifadə edə biləcəyi əyani vəsaitə çevriləcək: “Əsərin digər mühüm əhəmiyyəti onun Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə təsadüf etməsidir. Şübhə etmirəm ki, bu qısa tarixi dövr Azərbaycan xalqının yaddaşlarında çox zəngin izlər qoyub. Bu bir həqiqətdir ki, tarix özü son 20 ildəki nailiyyətlərin layiqli qiymətini verəcəkdir. Lakin bu gün mövcud reallıqları görüb, qələmə almaq və gələcək nəsillərə ötürmək bizim hər birimizin mənəvi borcumuzdur”.

Onun fikrincə,  kitabın daha bir mühüm xüsusiyyəti, müəlifin dövlətçiliyimizin  tədqiqinə makrotarixi  yanaşması - yəni Azərbaycanın tarixində qədimdən bəri baş verən hadisələrin təhlili və müasir dövrün siyasi proseslərinə obyektiv yanaşması, perspektivlərə nəzər salmasındadır: “Ölkəmiz haqqında xarici müəllifin yazdığı və tarixi hadisələri özündə dolğun əks etdirən belə məzmunlu əsər indiyə kimi işıq üzü görməyib. İlk təəssürat onu deməyə əsas verir ki, kitab müəllifin dərin elmi araşdırmaları, obyektiv təhlili və ən əsası Azərbaycana böyük  marağı sayəsində ərsəyə gəlmişdir. Bu tarixi həqiqət duyumuna malik olan müəllifin etirafıdır.

Xüsusilə də Azərbaycanla bağlı hadisələrin mahiyyətini qeyri-obyektiv, səthi təsvir edən əsərlərlə müqayisədə, bu kitabda bütün hadisələrin inkişafının lider şəxsiyyətinə və onun qəbul etdiyi qərarlara bağlı olduğuna dair müəllifin qənaəti bizim üçün çox dəyərlidir”.

Kamil Həmzəoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...