Modern.az

Sabiq prezident İçərişəhərdə təndir çörəyinə qonaq edilib

Sabiq prezident İçərişəhərdə təndir çörəyinə qonaq edilib

23 Dekabr 2011, 10:53

Monteneqronun sabiq prezidenti və baş naziri Milo Çukanoviç Azərbaycana səfəri çərçivəsində Bakının qədim hissəsi ilə tanış olub. Qonağı qarşılayan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İçərişəhərə göstərdiyi diqqət və qayğısı barədə məlumat verib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İçərişəhərin qorunmasında rolu barədə danışıb.

Qonağın İçərişəhərdə gəzintisi Qız Qalası ilə tanışlıqdan başlayıb. Bakının simvolu olan əzəmətli Qız Qalasının tarixi, həmçinin yaxınlığında yerləşən Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki müxtəlif tarixi dövrlərə aid olan daş ekspozisiya barədə məlumat qonağa təqdim edilib.

Azərbaycanın geniş tarixi iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidələr – Buxara və Multanı Karvansaraları ilə tanışlıqla gəzinti davam etdirilib.

Kiçik Qala küçəsində Milo Çukanoviç Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb.

Daha sonra ortа əsr Şərq mеmаrlığının şаh əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” barədə dolğun məlumat qonağın diqqətinə çatdırılıb.

Məhəmməd Məscidi ilə tanışlıq zamanı qonağa burada ötən il aparılmış muzey-konservasiyası işləri barədə informasiya verilib.

Sonda qonaq İçərişəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini qeyd edib.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...