Modern.az

Azərbaycanda hansısa qəzet hərraca çıxarılsa, qiymət necə olar?

Azərbaycanda hansısa qəzet hərraca çıxarılsa, qiymət necə olar?

23 Dekabr 2011, 11:39

Dünyanın ayrı-ayrı ölkələrində hansısa qəzet və jurnalın səhmlərinin hərraca çıxarıldığı və çox baha qiymətə satıldığı barədə məlumatlara rast gəlmək olur. Bu qiymətlər bəzən bir neçə milyon dollar təşkil edir. Azərbaycanda belə bir təcrübə yoxdur. Olacaq, olmayacaq bilinmir. Maraqlıdır, nə vaxtsa bizim qəzetlərdən hansısa biri hərraca çıxarılsa, qiymətlər necə ola bilər? Modern.az saytı bu suala bir neçə media mənsubundan cavab istəyib.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, hər hansı qəzetin səhmlərini hərraca çıxaran zaman qiyməti ekspertlər müəyyənləşdirməlidir. Onun sözlərinə görə, bu zaman ekspertlərin müəyyən  araşdırmalarına ehtiyac var. Bunun üçün isə bir sıra amillər - qəzetin binasının olub-olmaması, onun gəliri, ziyanı, tirajı və başqa xüsusiyyətlər nəzərə alınmalıdır.
R.Arifoğlunun sözlərinə görə, “Yeni Müsavat” qəzetini heç vaxt hərraca çıxarmaq fikirləri yoxdur. Amma deyir ki, qəzeti səhmləşdirmək və ayrı-ayrı səhmləri hərraca çıxarmaq haqqında zaman-zaman fikirləşiblər. Ancaq Azərbaycanda belə bir təcrübə olmadığı üçün bu fikirdən danışdıqlarını deyən R.Arifoğlu bildirib ki, indi onun hansısa bir media quruluşunun neçəyə satılması barədə deyəcəyi qiymət qeyri-obyetkiv səslənə bilər.
“Yenə deyirəm ki, bu məsələdə ekspertlər qərar verməlidirlər”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev düşünür ki, Azərbaycanda qəzetlər hərraca çıxarıla bilməz. Onun sözlərinə görə, buna mane olan səbəb ölkə qəzetlərinin mülkiyyət forması kimi formalaşmamasıdır. “Əksər qəzetlərin heç kompüterləri də özlərinə aid deyil. Hərraca çıxarılan bütün xarici KİV-lərin aktivləri, səhmləri var”.
A.Əliyevin sözlərinə görə, ölkəmizdə yalnız ayrı-ayrı brendlərin hərraca çıxarılmasından söhbət gedə bilər. Bu zaman isə bir neçə 100 min manatda söhbət gedə bilər.   

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyir ki, hansısa qəzetin ümumilikdə deyil, yalnız ayrı-ayrı səhmlərinin, faizlərinin hərraca çıxarılmasından söhbət gedə bilər.
“Qəzetlər hərraca çıxarılmır. Qəzetlər səhmləşdirilir və onun səhmləri qiymətli kağızlar birjasında satılır. Qiymətli kağızlar birjasında qiymətlərin qalxıb-enməsindən asılı olaraq qəzetlərin səhmlərinin qiymətləri də dəyişir”.
E.Şıxlı bildirib ki, qəzetin ümumilkdə hərraca çıxarılması yalnız media qurumunun tamamilə müflisləşdiyi zaman baş verə bilər.
““New York Times” qəzetinin sizcə qiyməti necəyə ola bilər? Əlbətdə, bunu müəyyənləşdirmək çətindir. Adətən qiymət hesablanarkən onun səhmləri, aktivləri, mülkiyyəti, maliyyəsi, gəliri, çıxışı hesablanır. Bundan sonra iqtisadçılar qəzetə qiymət qoyur”.
“İntellektual mülkiyyətin qiyməti yoxdur” deyən E.Şıxlınınm sözlərinə görə, KİV-in brendi də önəmli məsələlərdən biridir. 
E.Şıxlının sözlərinə görə, bütün bu amillər nəzərə alınsa, Azərbaycanda qəzetlərin qiymətləri çox ucuz olar.
“Bizim Qiymətli kağızlar birjasında yerimiz yoxdur, səhmlərimiz, mülkiyyətimiz yoxdur. Buna görə də bizim qəzetlərə o qədər də yüksək qiymət vermək olamaz”.
Azərbaycanda fəaliyyət göstərən qəzetlərin brendlərinə gəlincə, E.Şıxlı “inanmıram ki, mənim brendimə istədiyim qiyməti kimsə verə bilsin” deyib.
Baş redaktor eyni zamanda onu da bildirib ki, qəzetlər satışa çıxarılan zaman intellektual mülkiyyət məsələsi də burda mühüm rol oynayır. “Məsələn konkret olaraq “Zerkalo” qəzetini satışa çıxaran zaman onun kollektivinin satışdan sonra orda qalıb fəaliyyət göstərib-göstərməməsi qiymətə təsir edər. Çox zaman alıcılar kolektivi birgə almağa üstünlük verirlər. Kollektivsiz brendi heç kim almaq istəməz, çünki əsas onun intellektual mülkiyyətidir”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın isə bu saualla bağlı fikirləri belədir:
“Dünya təcrübəsi sözü mənə həmişə məzəli gəlir. Bahalı maşınlar sürə bilərik, amma geri zəkamızla. Biz hansı sahədə dünya təcrübəsinə uyğun gəlirik ki, indi qəzetləri bu siyahıya salmağa çalışırıq? Dünya təcrübəsində bahalı reklamlar da var, bu reklamı verən böyük iqtisadiyyat da, böyük imzalar da var. Bu imzaları layiqincə yaşada bilən qurumlar da var. Biz bu faktları yerinə qoyandan sonra hərracdakı qiymətimizi düşünərdik”.
İ.Tuncayın ““Ədalət”qəzetinə necəə qiymət verərdiniz” sualına isə cavabı belə olub: “Mən qəzetimə çox böyük qiymət verirəm, amma həmin ödənişi verəcək kimsəni görmürəm”.

Sədaqət SÜLEYMANOVA

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi