Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Modern.az saytının məlumatına görə, iclası Milli Məclisin sədri Oqtay Əsədov açıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 50 yaşının tamam olması münasibətilə təbrik edib.
Spiker xatırladıb ki, dekabrın 24-də İlham Əliyevin 50 yaşı tamam olur. Onun sözlərinə görə, İlham Əliyev Azərbaycan xalqının inam və məhəbbətini qazanıb. Spiker deyib ki, ölkə iqtisadiyyatı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində inkişafa nail olub. Dövlət başçısını xalqını dərin məhəbbətlə sevən insan kimi xarakterizə edən O.Əsədov onu da bildirib ki, Azərbaycanda daxili stabillik İlham Əliyev sayəsində daha da möhkəmlənib. Milli Məclisin sədri Prezidentin Qarabağ probleminin həlli istiqamətindəki fəaliyyətinə toxunub. O, Milli Məclisin deputatları adından İlham Əliyevə 50 yaşının tamam olması münasibətilə təbrik ünvanlayıb.
Qeyd edək ki, parlamentin dekabrın 23-də keçirilən iclasının gündəliyinə 3 məsələ daxil edilib.
Belə ki, deputatlar öncə Sosial siyasət komitəsində müzakirəsi yekunlaşan “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsini gündəliyə çıxaracaqlar.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət komitələrinin birgə tövsiyyə etdiyi Şəhərsalma və Tikinti Məcəlləsini müzakirə edəcəklər.
Milli Məclisin dekabrın 23-də müzakirəyə çıxaracağı 3-cü sənəd “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi olacaq. Ötən iclasda çəkişmələrə səbəb olan və birinici oxunuşdan keçən bu qanuna deputatlar yenidən münasibət bildirəcəklər.
Modern.az