Bərdə rayonunda daha bir kəndə - Hacılıya təbii qaz verilib. Bu barədə Modern.az saytına Bərdənin deputatı Zahid Oruc məlumat verib.
Bərdənin 33-cü kəndə mavi yanacaq verilməsi münasibətlə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və həmin bölgənin parlamentdə təmsilçisi Zahid Oruc Hacılı yaşayış məntəqəsindəki mərasimdə iştrak ediblər. Məlumat verilib ki, 2011-ci ilin son səkkiz ayında Bərdənin 19 kəndində belə açılış mərasimi keçirilib.
“Bu, ölkədə qazlaşma ilə bağlı dövlət rəhbərinin verdiyi tapşırıqların “Azəriqaz” və digər müvafiq strukturlar tərəfindən realaşması istiqamətində növbəti addım oldu. Əhalinin ən ağırlı problemini məhz yanacaq məsələsi təşkil edir. 20 illik fasilədən sonra verilən mavi yanacaq səliqə-səhman, mədəniyyət, eyni zamanda müxtəlif enerji növlərinə əlavə yuklənmənin qarşısının alınması deməkdir”-deyə Z.Oruc bildirib.
Açılışda icra başçısı 2012-ci ildə görüləcək işlər barədə məlumat verib. Gələn il rayonda bir neçə müəssisənin açılacağını bildirən Vidadi İsayev qeyd edib ki, eyni zamanda yollar abadlaşdırılacaq, xüsusən kəndarası yollar təmir olunacaq.
Deputat Z.Oruc bildirib ki, Bərdə sözün əsl mənasında yeniləşməkdədir. “Keçmiş tarixi paytaxt olması anlamında Bərdənin bir mədəniyyət, idarəetmə və siyasi mərkəz kimi quruculuğu üçün ən böyük işlər həyata keçirilməkdədir.
Bu mənada 2012-ci ilin astanasında daha bir kəndə təbii qaz verilməsi insanlar tərəfindən rəğbətlə qarşılandı və düşünürəm ki, üzümüzə gələn illərdə də biz bu işləri davam etdirəcəyik”.
Mail Ağaxanov