2011-ci il 22 dekabr tarixində “Standard &Poor’s” beynəlxalq reytinq şirkəti Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-“ investisiya səviyyəsinə qaldırılması, reytinq üzrə isə proqnozun “Sabit” olduğu barədə qərar qəbul edib.
Agentliyin press-relizində qeyd olunub ki, Azərbaycanın reytinqinin investisya səviyyəsinə qaldırılması ölkəyə daxil olan neft gəlirlərinin surətlə artmasını və onların ölkənin olduqca güclü daxili və xarici netto-kreditor mövqeinin formalaşması məqsədilə səmərəli idarə olunmasını əks etdirir. Bununla yanaşı, Agentlik Azərbaycanda güclü fiskal siyasətin aparılmasını da xususi vurğulayıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ilk kredit səviyyəli reytinqini “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən 2010-cu ilin may ayında alıb. Beləliklə də, bu ölkəyə verilən artıq ikinci kredit səviyyəli reytinqdır.
Hadisənin əhəmiyyəti ondan ibarətdir ki, hazırda dünyada baş verən maliyyə böhranı şəraitində adıçəkilən “Standard &Poor’s” beynəlxalq reytinq şirkəti bu yaxınlarda Avropanın 15 aparıcı ölkəsinin, o cümlədən Almaniya və Fransa kimi ölkələrin reytinqinin aşağı salınması ehtimalının gündəmdə olduğunu elan edib. Belə bir mürəkkəb vəziyyətdə Azərbaycanda gedən proseslərin müstəqil beynəlxalq şirkət tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizə beynəlxalq maliyyə icmasının etimadının, hökumətin və ölkənin iri şirkətlərinin beynəlxalq maliyyə bazarlarında borclanma məqsədilə qiymətli kağızların emissiyası üçün əlverişli şəraitin mövcudluğunun göstəricisi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq kapital bazarlarına daha asanlıqla çıxışı üçün olduqca münbit şərait yaradır.
Modern.az