Modern.az

Elmira Axundova: ““Avroviziya”ya gələn əcnəbilər Bakının mərkəzindən azca kənara getsələr...”

Elmira Axundova: ““Avroviziya”ya gələn əcnəbilər Bakının mərkəzindən azca kənara getsələr...”

23 Dekabr 2011, 16:49

Milli Məclisin dekabrın 23-də keçirilən iclasında deputat Elmira Axundova müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsilə bağlı çıxış edib. Modern.az deputatın çıxışını təqdim edir:

- Ölkəmizdə gedən abadlıq və yenidənqurma işləri, günü-gündən artmaqda olan göydələnlər və yeni tikililər gündəliyə çıxarılan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin” əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Hətta mən düşünürəm ki, biz bu məsələdə xeyli yubanmışıq.

Məcəllədə qeyd olunan bir sıra mühür maddələrlə yanaşı bəzi fikir və təkliflərimi diqqətinizə çatdırmaq istərdim.

Məcəllənin 1-ci maddəsində göstərilən birinci variant ikinci varianta nisbətən təfərrüatları daha lakonik və şəffav şəkildə əks etdirir. Buna görə də hesab edirəm ki, 1-ci variant qüvvədə qalsa, daha məqsədəuyğun olar.

Digər məsələ 4.2.3-cü maddə ilə bağlıdır. Burada “yaşayış fondu” anlayışından istifadə olunur. Məncə anlayışlar maddəsində, yəni 3-cü maddədə bu anlayışa da aydınlıq gətirilməlidir.

Daha sonra 10.0.1-ci maddədə “sağlam yaşayış və iş şəraiti” anlayışından istifadə edilib. Düşünürəm ki, bu insanların ən təbii haqqı olmaqla yanaşı, rahat yaşayış və iş şəraiti də insanların təbii haqqıdır. Sizcə bu anlayışı “sağlam və rahat yaşayış və iş şəraiti” kimi qeyd etsək, məqsədəuyğun olmazmı ?

Məcəllənin 89-cu maddəsinə əsasən obyekt tikinti hüququ normaları pozulmaqla tikildiyi və həmin pozuntuların aradan qaldırılmasının mümkün olmadığı hallarda müvafiq icra hakimiyyəti orqanı həmin obyektlərin və ya onların hissələrinin sökülməsi barədə qərar qəbul edə bilər. Bəs artıq tikilib istifadəyə verilmiş və məskunlaşdırılmış obyektlərin taleyi necə olacaq? Onlar söküləcəyi təqdirdə əhalinin başqa yerdə məskunlaşdırılması məsələsi necə həll oluncaq? Həmçinin hesab edirəm ki, bu pozuntulara yol verən fiziki və hüquqi şəxslərin məsuliyyət məsələsi də Məcəllədə əks olunmalıdır.

Digər mühüm müddəa 91.2-ci maddədə qeyd olunur. Belə ki, tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı və ya onun səlahiyyətli nümayəndələri tikinti məmulatından, zəruri hallarda isə hazır tikinti hissələrindən sınaq nümunələri götürə, yoxlaya və ya yoxlatdıra bilər. Bu müddəa tikilinin keyfiyyəti baxımından əhəmiyyətlidir. Amma qeyd olunmur ki, bu xərcləri kim ödəyəcək. Misal üçün 96.3-cü maddədə göstərilir ki, istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin uyğunluğunun yoxlanması ilə bağlı keçirilən ekspertizaya çəkilən xərclər uyğunluğun təsbit edildiyi halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənilir. Məncə 91.2-ci maddədə də xərc məsələsinə aydınlıq gətirilməlidir. 

Həmçinin Məcəllədə konkret göstərilmir ki, tikililər nəqliyyat vasitələrinin yolundan nə qədər aralıda tikilməlidir. Təkcə 64.2-ci maddədə qeyd olunur ki, obyekt torpağın sərhəddindən ən azı 5 metr məsafədə inşa edilməlidir. Hətta 2-3 mərtəbəli binalardan söhbət getsə belə bu məsafə çox azdır. O ki, qaldı göydələnlərin arasındakı məsafəyə.

20 illik müstəqiliyimiz dövründə şəhərdə xeyli sayda yöndəmsiz, ümumi mənzərəni pozan çoxlu sayda binalar tikilib. Yeri gəlmişkən, Məcəllənin 13-cü maddəsində də qeyd olunur ki, tikinti obyektləri ətrafdakı ümumi mənzərəni pozmamalı və ya onun ümumi görünüşünə xələl gətirməməlidir. Amma hamımız çox gözəl bilirik ki, Bakıdakı göydələnlərin çoxu bu maddəyə tamamilə uyğun gəlmir. Bu məsələ necə öz həllini tapacaq? Bütün bu binalar söküləcəkmi?

Yuxarıda da qeyd etdiyim kimi Bakı və ətraf rayonları günü-gündən abadlaşdırılır. Prezident cənab İlham Əliyevin təşəbbüslərini və bu istiqamətdəki fəaliyyətini, Bakı meri Hacıbala Abutalıbovun gərgin əməyini yüksək qiymətləndirirəm.

Nəzərə alsaq ki, gələn il ölkəmizdə “Avroviziya” müsabiqəsi keçiriləcək onda bu işlərin əhəmiyyəti daha da artmış olacaq. Bu müsabiqəyə görə Respublikamıza minlərlə qonaq gələcək. Biz çalışmalıyıq ki, gələn qonaqlar ölkəmizdən müsbət fikirlərlə getsinlər. Ona görə də bir sıra təkliflərimi nəzərinizə çatdırmaq istərdim.

Əvvəla yaxşı olardı ki, görülən abadlıq, asfaltlaşdırma və səkilərin qurulması işləri yalnız mərkəzi yolları, küçələri yox, Bakının digər küçələrini də əhatə etsin. Çünki turistlər hər şeylə maraqlanan insanlardır. Onlar getdikləri ölkədə daha çox yerə getmək, daha çox mənzərə görmək istəyirlər. Onlara əmr etmək olmaz ki, ancaq şəhərin mərkəzi küçələrində gəzsinlər. Əgər gələcək qonaqlar mərkəzdən bir az kənara getsələr, başqa mənzərə ilə qarşılaşmış olacaqlar. Yamaqlı asfalt örtüyü və qırılıb-dağılmış səkilər. Bizlər bu acınacaqlı mənzərə ilə hər gün qarşılaşırıq.

İkinci bir məsələ Bakı və ətraf kəndlərin, Abşeronun naviqasiya sisteminin hazırlanıb istifadəyə verilməsidir. Belə naviqasiya sistemləri ilə biz başqa xarici ölkələrdə olduqda rastlaşırıq. Bizdə bu sistem hələ zəifdir. Hesab edirəm ki, qısa bir vaxtda biz bu sistemi bir neçə xarici dildə hazırlayıb kütləvi istifadəyə verməliyik.

Digər tərəfdən, Bakı küçələrində, binalarda küçələrin adını, binaların nömrələrini aydın əks etdirən iri lövhələr vurulmalıdır. Çünki bu gün biz özümüz tanımadığımız yerləri rəsmi ünvanla yox, dükan, mağaza adı verməklə, yəni filan dükanın qarşısı, falan dükanın arxa tərəfi kimi ünvanla tapırıq. Küçələrin əksəriyyəti adsızdır. Binaların nömrələrinə isə demək olar ki, heç rast gəlmək mümkün deyil.

Bundan əlavə binaların üstündəki lövhələrdən başqa bütün yol ayrıclarında böyük hərflərlə istiqamət göstəriciləri yerləşdirilməlidir. Belə yol ayrıcları Avropanın şəhərlərində mövcuddur. Hətta xarici dili bilməyən şəxs bələdçi olmadan bu göstəricilərlə istədiyi ünvanı tapa bilir.

Həmçinin şəhərin hər yerində zibil qutuları və ictimai tualetlər tikilməlidir. Buna müsbət misal kimi Bakı Bulvarını göstərmək olar. Orda hər 5-10 metrdən bir müasir zibil qutuları yerləşdirilib və onun nəticəsidir ki, bizim bulvar şəhərimizin ən təmiz və səliqəli yerinə çevrilib. Lakin şəhərin digər yerlərində biz təəssüf ki, buna bənzər mənzərə ilə qarşılaşmırıq. Kiməsə xırda görünən bu məsələlər abadlaşdırılan şəhərin xarici görünüşünə, təhlükəsizliyinə, rahatlığına və təmizliyinə xələl gətirir.

Xahiş edirəm ki, qeyd etdiyim bu məsələlər ciddi nəzərdən keçirilsin və bu çatışmamazlıqlar aradan qaldırılsın

Mən müzakirəyə çıxarılan Məcəllənin lehinə səs verəcəyəm, amma xahiş edirəm suallarıma aydınlıq gətirəsiniz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...