Modern.az

Xidmətə yararsız gənci orduya göndərən hərbi komissar cəzalandırılıb

Xidmətə yararsız gənci orduya göndərən hərbi komissar cəzalandırılıb

Təhsil

23 Dekabr 2011, 18:03


Eşitmə qabiliyyəti olmayan şəxsin hərbi xidmətə çağırılması faktına görə Astara rayon hərbi komissarı tutduğu vəzifədən azad edilib.

Modern.az saytı xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi Astara rayon Hərbi Komissarlığının eşitmə qabiliyyətini itirmiş şəxsi hərbi xidmətə çağırması faktı ilə bağlı ciddi tədbirlər görüb.  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında bildirib ki, müdafiə naziri Səfər Əbiyevin əmri ilə Astara rayon hərbi komissarı, polkovnik-leytenant Rafael Vahidov tutduğu vəzifədən azad edilib. 

Bir sıra cavabdeh tibb işçiləri də cəzalandırılıb. Onlardan 4-nə şiddətli töhmət verilib, 2-nə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq olunub, 1 nəfərin rütbəsi isə aşağı endirilib. Əsgər İxtiyar Nadirov eşitmə qabiliyyəti olmadığı üçün Azərbaycan Ordusu sıralarından tərxis edilib. 

Qeyd edək ki, müdafiə naziri Səfər Əbiyev eşitmə qabiliyyətini itirmiş İxtiyar Nadirovun ordu sıralarına çağırılması faktı ilə bağlı araşdırma aparılması üçün komissiya yaradıb. Bu addımlar komissiyanın gəldiyi nəticəyə uyğun olaraq atılıb. 

Xatırladaq ki, Astara rayonunun Pensər kənd sakini, eşitmə qabiliyyətini itirmiş İxtiyar Nadirovun cəbhə xəttində, Tərtər rayonunda hərbi hissədə hərbi xidmətdə olması barədə mətbuatda məlumatlar verilib. Məlumatlara görə, əsgərin bir qulağının anadangəlmə eşitmə qabiliyyəti olmayıb, digər qulağı isə çox zəif eşidir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...