Modern.az

Yerli telekanallar MTRŞ qarşısında ağ bayraq qaldırdılar: “Biz qadağaya hazırıq...”

Yerli telekanallar MTRŞ qarşısında ağ bayraq qaldırdılar: “Biz qadağaya hazırıq...”

23 Dekabr 2011, 18:27


2012-ci il may ayının 1-dən etibarən Azərbaycan telekanallarında xarici serialların yayımı dayandırılacaq. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bu qərarın qəbul edilməsində məqsədin gənc nəslin milli şüurunu yaxşı istiqamətə yönləndirmək olduğunu bildirib.

Hazırda Azərbaycan telekanallarında xeyli xarici serial nümayiş etdirilir. MTRŞ-nin sözügedən qadağası qüvvəyə minəndən sonra telekanallar xarici seriallara ayırdıqları efir vaxtını nəylə dolduracaqlar? Modern.az yerli telekanallardan bu suala cavab istəyib.

“Xəzər” telekanalının Proqramlar departamentinin rəhbəri Rüstəm Məmmədov bildirib ki, bu qadağa onlar üçün heç bir narahatçılıq yaratmayacaq.
“Əgər efirdə xarici serialların yayımlanmasına qadağa qoyulacaqsa, biz buna hazırıq. Bildiyiniz kimi, milli seriallarımız “Xəzər”də nümayiş olunur və hazırda yeni serialların çəkilməsi istiqamətində də işlər davam edir. Belə qərarın qəbulu bizim üçün heç bir narahatlıq yaratmayacaq. Yəni biz belə dəyişikliyə hazırıq”.

ANS Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr üzrə baş müşaviri Mais Məmmədov da bu qərarın qəbulunun onlar üçün problem yaratmayacağını bildirib.
“Bizdə hazırda Türkiyə serialları nümayiş olunur. Venesuela, Brazilya və ya digər Qərb ölkələrinin seriallarından istifadə etmirik. Həm də bu qadağanın tətbiq edilməsinə hələ 5 ay müddət var. Bu zaman zərfində çox şeylər etmək mümkündür. Biz artıq milli serialların çəkilişinə başlamışıq. Vahid Mustafayevin “Xocalı” serialı da bunlardan biridir. Xarici serialların efirdən yığışdırılması boşluq yaratmayacaq, onlar milli seriallarla əvəz olunacaq”.

“Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev MTRŞ tərəfindən atılan belə addımı normal qarşıladıqlarını bildirib. O, xarici seriallara qoyulan qadağanın “Space” TV-nin  efirində heç bir boşluq yaratmayacağını bildirib.
“Bu, dövlət tərəfindən düşünülmüş addımdır. Bildiyiniz kimi, yerli serialların çəkilməsi üçün televiziyalara da vəsait ayrılıb. Bununla bağlı artıq bizdə də işlərə başlanılıb və həmin vaxtda biz milli seriallarımızı tamaşaçılara təqdim edəcəyik”.

İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov da Milli Televiziya və Radio Şurası sədrinin xarici seriallara qadağa qoyulması barədəki qərarını müsbət qarşıladığını qeyd edib. Onun sözlərinə görə, bu qadağa telekanaları məsələyə daha ciddi yanaşmağa sövq edəcək.
“İctimai Televiziya istər milli seriallar, istərsə də bədii və sənədli filmlərin çəkilməsində artıq böyük təcrübəyə malikdir. Buna paralel olaraq da efirdə xarici seriallar da nümayiş olunurdu. Artıq yerli telekanallara milli serialların çəkilməsi üçün Milli Televiziya və Radio Şurası tərəfindən müəyyən məbləğdə vəsait ayrılıb. Biz də bu sahədə müəyyən professianallıq əldə etmişik. Nümayiş olunan “Döngələr”, “Qaranlıqlar çiçəyi”  serialları artıq böyük tamaşaçı rəğbəti qazanıb, reytinqdə öndədir”. Tahir Məmmədovun sözlərinə görə, bütün bunlar göstərir ki, auditoriya effektli məzmuna malik yerli istehsal filmlərinə baxmağa maraqlıdır. “Xarici serialların yayımın dayandırılması və milli seriallarının yayımlanmasına imkan yaradan bu qərarı müsbət qiymətləndirirəm”.

ATV-nin Xəbərlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu bildirib ki, xarici serialların yerli telekanallarda yayımlanmasının dayandırılması təklifini ilk dəfə onlar MTRŞ-da keçirilən televiziya rəhbərlərinin iclasında səsləndirib. Məhz bu səbəbdən ATV rəhbərliyi bu qərara normal yanaşır.
“Dövlət də televiziyalarda milli serial bazasının gücləndirilməsi üçün maliyyə dəstəyi ayırıb. Bu baxımdan artıq bizim öz pavilyonlarımızda da milli serialların bazasının gücləndirilməsi istiqamətində işlər aparılır. Məlumdur ki, bizdə hazırda “Bacanaqlar” serialı nümayiş olunur. İndi daha 3 milli serial çəkilir. Bunlardan ikisi melodrama, biri isə komediya janrındadır. Bir müddət sonra bu seriallar tamaşaçılara təqdim olunacaq”.
Vaqif Aydınoğlu bu görülən tədbirlər nəticəsində qadağanın ATV-nin efir məkanında boşluq yaratmayacağını qeyd edib. “Bununla yanaşı, hər halda milli dəyərlərimizə uyğun serialların efirdə təqdim olunması daha yaxşıdır, nəinki yad xalqların milli dəyərlərinə baxmaq”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi